Qarabağda Belarus modeli: Sovxozların qurulması mümkündürmü? - MÜZAKİRƏ


İşğaldan azad edilmiş torpaqlarda kənd təsərrüfatı sahəsində Belarus variantının tətbiqi məsələsi gündəmdədir. Təklif var ki, həmin ərazilərdə sovxozlar yaradılsın, torpağı əkib-becərmək kəndlinin ixtiyarına verilsin. Əks halda, oliqarxlar orda da torpaqları mənimsəyəcək deyə narahatlıq var. Belə bir variant mümkündürmü?


Kənd təsərrüfatı məsələləri üzrə ekspert Akif Nəsirli AFN-ə bildirdi ki, ümumiyyətlə, kənd təsərrüfatının sürətlə inkişafı üçün bölünmüş torpaqlardansa bütöv torpaqların olması daha səmərəlidir: “Torpaqlar bütöv olduqda daha yüksək məhsuldarlıq əldə etmək olur. Kənd təsərrüfatının rentabelliyinin bir şərti də geniş torpaq sahələrinin olmasıdır. Ölkənin 80 faizində pay torpaqlarıdır. Digər tərəfdən, işğaldan azad edilmiş ərazilərdə belə kənd təsərrüfatı müəssisələri yaratsaq, gərək səhmdar cəmiyyət kimi onları qeydiyyatdan keçirək. Hər bir adamın bəlli pay torpağı məlum olsun. Yəni, o ərazilərdə böyük kənd təsərrüfatı müəssisəsi yaradacağıqsa o torpaqlardan pay almaq hüququna malik olan insanların hüququ pozulmamalıdır. İstər sovxoz, yaxud kolxoz olsun, ordan didərgin düşmüş vətəndaşlarımızın pay torpağı bəlli olmalıdır. Digər rayonlarda torpaqlar bölünüb, hər bir kəndlinin pay torpağı özünə təqdim edilibsə, məcburi köçkünlərin də haqqı var ki, yaşadığı kənddə fəaliyyət göstərən sovxozun əmlakından pay alsın. İndi elə etməliyik ki, həm məcburi köçkünün hüququ tapdalanmasın, pay torpağı bəlli olsun. Yaxud pay torpağını başqa bir şəkildə, məsələn, payına bir hektar torpaq düşürsə, səhmdar cəmiyyət kimi ildə həmin torpağın gəlirindən ona ayrıca icarə haqqı və s. verilməsi kimi müəyyən bir model qurmaq olar. Vətəndaş səhmdar kimi müəssisənin illik fəaliyyətindən, qazanılan qazancdan divident ala bilər”. Ekspert deyir ki, ancaq kimsə gedib özəl fermer təsərrüfatı yaratsın, 1000 hektar götürsün, məcburi köşkünə də dirsəyini göstərsin, bu, ədalətsizlikdir, həm də qanunvericiliyin pozulmasıdır: “Torpaq islahatı haqqında Azərbaycan Respublikasının qanunu var. Torpaqlar ya o qanuna uyğun bölünməlidir, ya da həmin torpaqlar barədə ayrıca qanun qəbul edib, pay torpağı almaq hüququna malik olan şəxs həmin o torpağına görə divident, əgər həmin müəssisədə işləyəcəksə bu müddətdə əməyinin müqabilində əmək haqqını almalıdır. Əgər belə qurulsa, bu, işin xeyrinə olar. Bu, ilk baxışda mürəkkəb model kimi görünür, ancaq qurmaq asandır”.
İqtisadçı ekspert Fuad İbrahimovun sözlərinə görə, müqayisə aparsaq görərik ki, sovet dövründə kolxoz və sovxozların arasında kifayət qədər uğurlu layihələr var idi: “Düzdür, bir müddətdən sonra bəzi kolxoz və yaxud sovxozlarda əsası olmayan məlumatlar, rəqəmlər yayılırdı. Bu faktları kənara qoysaq, əlbəttə ki, kolxoz və sovxozların dövründə məhsuldarlıq daha çox idi və bu birliklərdə işləyən vətəndaşların güzəranı daha yaxşı idi. Təəssüflər olsun ki, müstəqillik dövründə özəl sahibkarlıq fəaliyyətinə keçdikdən sonra hələlik məhsuldarlığı əldə edə bilməmişik. Ümumilikdə məhsuldarlıq var, ancaq oliqarxların iştirakı ilə təsərrüfatlar var. Biz istəyiriksə ki, hansısa məhsuldarlıq əldə edək, fərdi qaydada, birlik, kooperasiya şəklində təsərrüfatların yaradılması pilot layihə şəklində daha effektli olar. Ən azından bu model Belarusda işləyir. Bu gün Belarusun əsas gəlir mənbəyi kənd təsərrüfatı sektorundandır. Ölkənin makroiqtisadiyyanın əsas gücü məhz bu sektordadır. Kifayət qədər də uğurla həyata keçirirlər. Düzdür, onlarda da neqativ, yeyinti halları var. İnsan faktoru olduğu halda bu hər zaman olacaq. Sadəcə olaraq effektivliyi əldə edə bilərik. Ən azından indiki dövrdə özəl təsərrüfatlarımızın fəaliyyətini görürük, pilot layihəkimi bu mümkündür. Pay torpaqlarından əlavə bu gün bələdiyyə və yaxud icra hakimiyyətinə də aid torpaq sahələri var. Həmin layihələrdə bunu istifadə etmək olar”.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu