Ekspertlər AQTA-nı sərt tənqid etdi: “KİV-lə operativ əməkdaşlıq etmirsə, demək, nəsə bir günahı var”

Bu gün istehlakçı hüquqlarının pozulduğu əsas məsələlərdən biri qida təhlükəsizliyinin normativ standartlara, qanunvericiliyin tələblərinə uyğun olmamasıdır. Qida təhlükəsizliyinin etibarlı təmin edilməsi üçün idarəetmə sistemi elə olmalıdır ki, bu, məhsulun keçdiyi bütün mərhələləri əhatə etmiş olsun. Yəni qida təhlükəsizliyinin idarəetmə mexanizmi ərzaq məhsulunun istehsalından başlamış istehlakçıya çatdırılana qədər keçdiyi bütün mərhələləri əhatə etməli və vahid sistem halında fəaliyyət göstərməlidir. Bu mərhələlərdən hər hansı birində müvafiq monitorinq sistemi yetərincə həyata keçirilməzsə, ümumi sistemin səmərəliliyini təmin etmək mümkün olmayacaq. İstehlak bazarına daxil olan məhsulun təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirilən tədbirlər nə dərəcədə səmərəlidir və qida təhlükəsizliyinin idarəedilməsi mexanizmi özünü doğruldurmu? Hazırda bu sahədə 2017-ci ildə yaradılan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi(AQTA) fəaliyyət göstərir. Lakin bazara baxdıqda kifayət qədər problemlər görmək mümkündür. Bəs AQTA fəaliyyətə başlayandan ərzaq təhlükəsizliyində nə dəyişib?
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli AFN-ə bildirdi ki, AQTA təsdiq ediləndən sonra heç nə dəyişməyib: “Ciddi nəzarət sistemi yaratmaq mümkün olmayıb. Ölkədə məhsul istehsal edilir, ixrac zamanı dayandırılır, həmin məhsulun tərkibində zərərli orqanizm tapılır. Həmin məhsul ölkə daxilində istehlak olunur. Məsələn, indi bazarlarda, marketlərdə biz palma yağı ilə qatqısı olan yağlardan istifadə olunduğunun şahidiyik. Bu gün kərə yağının qiyməti yüksəkdir. Bir kiloqram kərə yağı üçün 24 litr təzə südə ehtiyac var, südün qiyməti bəllidir. Hesablayanda görürük ki, 1 kq yağın qiyməti 13 manata başa gəlir. Ancaq ölkədə kərə yağı adı ilə 6-7 manata yağ satılır. İnanmıram ki, hansısa ölkə 100 faiz kərə yağının istehsal üçün dotasiya ödəsin və istehsal etdiyi kərə yağını ucuz qiymətə ixrac etsin. Deməli, həmin ucuz kərə yağının tərkibində digər qatqılar var, bitki yağları, mal-qaranın iç yağlarından istifadə edilir. Bir çox işbazlar var ki, həm ölkə daxilində, həm də xaricdə kənd təsərrüfatı məhsulları, xüsusilə də heyvandarlıq məhsulu istehsal edib Azərbaycana göndərirlər. Məsələn, Belarusdan Azərbaycana yüksək vəzifəli məmur gəlmişdi, mən ondan soruşdum ki, sizin ölkədən bizə məhsullar gəlir, onların keyfiyyəti ilə bağlı nə deyə bilərsiniz? Bildirdi ki, biz o işlə məşğul olmuruq, orada həmin işlə azərbaycanlılar məğşul olur və Azərbaycana göndərirlər. Yəni idxal, ixrac, daxildə istehsalla bağlı nəzarət sistemi qurulmalıdır. Ya AQTA çatdıra bilmir, yaxud maraqları yoxdur, ola bilsin ki, hanısa formada anlaşıblar. İndi ayda, yaxud rübdə bir dəfə ictimaiyyətə göstərici təqdim etmək üçün kimisə cərimələyir, sənəd toplayıb hüquq-mühafizə orqanlarına təqdim edirlər”. Ekspertin sözlərinə görə, məsələn, heyvanların küçədə kəsilməsinə yol vermək olmaz və biz görürük ki, onlara necə işgəncə verirlər, insan istəmir ki, onun ətini istehlak etsin: “Əlbəttə, onun üçün yer ayrılmalıdır, bu mərkəzləşmiş qaydada deyil, həmin qəssablara təklif edilə bilər ki, onlar obyektlərin bir hissəsində kəsimi, digər hissəsində satışı həyata keçirsinlər. Bunlar orada özləri üçün monopoliya, kəsim sexi yaradıblar, o sexdə hansı heyvan kəsilir onu əhali bilmir. Həmin heyvanlar qoca, xəstə, şikəst də ola bilər. Ətin daşınmasıını da görmüşük ki, hansı maşınlarla, antisanitar qaydada daşınır. Mən uzun müddətdir bu qurumun fəaliyyətini izləyirəm, ancaq hər hansı bir dəyişikliyin olduğunu görümürəm, nə ixrac məhsullarında məsuliyyət hiss olunmur. Hansı fermer gömrükdə qarşısı alınan məhsul idxal etməyə cəhd edər? Həmin məhsullar Rusiyanın bazarlarına gedir və geri qaytarılır, yaxud orda məhv edilir. Bu da ondan irəli gəlir ki, Azərbaycanda qida məhsullarının keyfiyyətinə nəzarət sistemi yaradılmayıb. Ola bilsin ki, bu sistemi yaratmaqda maraqlı deyillər, yaxud gücləri çatmır, məlumatları kifayət qədər deyil. Mən görmürəm ki, hansısa cəhd göstərsinlər, ora-bura vurnuxurlar, burda da məqsəd ola bilsin başqa bir şeydir. Ölkədəki marketlərdə kifayət qədər keyfiyyətsiz məhsullar var. Digər ölkələrin, məsələn, Qərb ölkələrində, Pribaltika, Ukrayna, Rusiya bazarlarında olmuşam və oradakı məhsulların keyfiyyəti tamamilə fərqlidir. Elə məhsul var ki, onun satışı digər ölkələrdə qadağan olunub, ancaq bizdə o məhsul satılır. Məsələn, bizdə satışda böyük ölçüdə kartoflar var. Bunun belə böyük olmasının səbəbi əvvəla, istehsal zamanı kimyəvi maddələrdən istifadə, ikincisi genetik modifikasiya ola bilər. Həmçinin o kartof ki, heyvandarlıqda yem üçün nəzərdə tutulub, orada həqiqətən də istehsal zamanı kimyəvi maddələrdən, mineral gübrələrdən daha çox istifadə olunub. Satışdakı həcmi böyük olan kartoflara baxanda bunu müşahidə etmək olar”. Ekspertin sözlərinə görə, KTN iddia edir ki, ölkəyə idxal olunan meyvə-tərəvəz yoxlanılır və bu sahədə qadağalar var: “Ancaq ölkədə elə bir laboratoriya yoxdur ki, məhsulun genetik modifikasiya olunduğunu aşkar edə bilsin. Ölkədə bazara, idxala keyfiyyətlə bağlı nəzarət yoxdur, ona görə də hər yerdən daşınıb gəlir. Onu da qeyd edim ki, ölkəyə gətirilən bir çox kənd təsərrüfatı məhsulları keyfiyyəti aşağı olduğu halda Gürcüstan, Türkiyə, Rusiya, İranla müqayisədə baha qiymətə satılır. Bir tərəfdən keyfiyyətə nəzarət yoxdur, digər tərəfdən idxal monopoliyada olduğu üçün aşağı keyfiyyətli məhsulu çox ucuz alıb ölkədə baha qiymətə satırlar. Bu da o deməkdir ki, ölkədə ümumiyyətlə nəzarət sistemi yoxdur. AQTA rəhbəri ölkəyə idxal olunan məhsulların keyfiyyəti ilə bağlı inanmıram ki, elə bir cəsarət tapıb ciddi bir açıqlama verə bilsin. Ola bilsin ki, kimsəsiz bir adam bir məhsul gətirisə onu ictimailəşdirə bilərlər. Ancaq idxalla bağlı məsələrərin başında elə yüksək vəzifəli şəxslər durur ki, o deyə bilərmi İrandan gələn kartofun tərkibində insan orqanizmi üçün zərərli nəsə aşkar edilib? Olsa da deyə bilməz. Eləcə də onu müəyyən edəcək cihazları belə yoxdur. Ən çox şəkər xəstəliyi Azərbaycanda yayılıb ki, bu da qida ilə bağlıdır. Deməli, qida normal deyil. Məsələn, Gürcüstandan gələn mineral sular, limonadlar daha keyfiyyətlidir, bizim istehsal etdiyimiz məhsul o standarta uyğun gəlmir. Gürcüstan məhsulları baha olsa da istehlakçı onu alır, çünki keyfiyyətlidir”.
V.Məhərrəmovun sözlərinə görə, sahibkarlar, istehsalçılar bilirlər ki, keyfiyyətsiz məhsulu bazara çıxarmaq üçün dil tapacaqlar, yola verəcəklər: “Həm o tərəf elə düşünür, həm bu tərəf düşünür ki, gəlib rüşvətini alıb gedəcək. Məsuliyyət yoxdur, ona görə də hər iki tərəf marağında deyil. Ölkədə emal müəssisələri elə də çox deyil, hər birində nəzarət mexanizmi yaratmaq olar, kameralar quraşdırmaq olar, istehlakçı kamerayla izləyə bilər ki, məhsul necə istehsal olunur. Məsələn, marketlərdə qatıqlar satılır ki, mən almışdım, içindən kağız çıxır. Bu hansı şəraitsə istehal edilir, axı istehlakçı pul ödəyir. Keyfiyyətə nəzarət etmək lazımdır. İndi rayonlarda icra başçıları həbs edilir. Bu insanların hamısı eyni mexanizmlə məşğuldur. İndi mən bilmirəm AQTA-ya hansı tapşırıq verilib. Mən onların fəaliyyətində hər hansı irəliləyiş görmürəm. Marketlərdə bəzi məshul yığılır, təkrar emala gedir və sonra yeni tarixlə satışa çıxarılır”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bidlirdi ki, ölkə başçısının fərmanı ilə AQTA yarananda çox sevinib: “Təəsüflər olsun ki, AQTA əlində həddindən artıq çox səlahiyyətləri birləşdirdi. AİB deyir ki, nəzarət edən qurumla sertifikat verən, yaxud ekspertiza edən qurum bir-birindən fərqlənməlidir, bir yerdə birləşməli deyil. Bu AQTA-nın səhv bir cəhətidir ki, sertifikat vermə və yoxlama funksiyasını öz əlində birləşdirir. Digər məsələ isə ondan ibarətdir ki, qida zəncirində iştirak edən bütün hüquqi və fiziki şəxslər , tarladan istehlakçının masasına qədər, onu daşıyan, anbarda saxlayan, satan və s. hamısı AQTA-da reyestrə daxil olmalıdır ki, ona effektiv nəzarət edə bilsin. Təəssüflər olsun ki, çox sayda qida zəncirində iştirak edən hüquqi və fiziki şəxslər AQTA-da qeydiyyatdan keçməyiblər. İstehlakçılar o yerlərə üstünlük verməlidir ki, onların AQTA-dan reyestrindən çıxarışlar var. Təkcə istehlakçıların hüquqlarının qorunması yox, eləcə də yerli məhsulların ixracı kimi əhəmiyyətli məsələlər də qarşıda durur. Biz bu hədəflərə hələ çata bilməmişik. Məsələn, dünən Siyəzən rayonundan bir istehlakçının şikayəti daxil olub və bildirilir ki, AQTA ciddi nəzarət edə bilmir. Keçən həftə mən Şamaxıda ət satanlarla söhbət elədim, məlum oldu ki, AQTA-nın işçiləri buna nəzarət eləmir, sadəcə olaraq pul alıb, kassa çeki verir kəsdirirlər, daşıtdırırlar. Deyirlər ki, biz dedik yoxlayın, yoxlayan yoxdur. Ona görə də burda ictimai nəzarətin rolu artır. AQTA hər ət kəsənin yanına bir nəfər qoya bilmir”. AİB sədrinin sözlərinə görə, digər bir məsələ odur ki, uzun illərdir ki, ölkədə ölmüş, murdar olmuş heyvanların ətinin kəsilmə şəbəkəsi fəaliyyət göstərir: “Bu sahədə ən uğurlu işi DİN Mütəşəkkil Cinayətkarlığa qarşı Baş Mübarizə İdarəsi görür. Onlar həbs edir, cinayət işi qaldırır, ancaq həmin qurumun həbs etdiyi adamlar azadlıqda gəzir. Məhkəmələr hansı yollarlasa bu murdar ət satanlara bəraət qazandırır. Mən söz verirəm ki, həmin məhkəmələri tapıb ifşa edəcəm. Dünən məlumat almışam ki, həmin adamlar yenə də həmin işlərlə məşğul olurlar. Gedib həmin bölgədəki adamlarla görüşəcəm, fikrimi bildirəcəm. Burada cəmiyyətin nəzarəti lazımdır, istehlakçılar AQTA-nın reyestrindən məlumat olmayan məhsulu almamalıdırlar. Heyvanlar əslində identifikasiya olunmalıdır. Dünyaya gələn kimi ona xüsusi kod verilməlidir, hansı baytar hansı dərmanı vurdusa heyanın ömrünün sonuna qədər izlənməlidir. Baza yaradılmalıdr, hansı heyvanın harda kəsildiyi, başqa ölkələrdə olduğu kimi izlənilməliidr. Təəssüflər olsun ki, Azərbaycanda heyvanların heç bir faizi də identifikasiya olunmayıb. Bu o deməkdir ki, 100 faizə çatmaq üçün 100 il gözləməlyik. AQTA-nın qarşısında çox böyük işlər var. Ölkədə təhlükəli məhsullar var. Vaxtı keçmiş ərzaq məhsullarının məhv edilməsi proseduru yox səviyyəsindədir, qaytarırlar distribüterə, onu təzədən markalayır, dəyişib göndərir, yenidən istehlakçıya çatır. Gündə 10 tonlarla ərzaq məhsulunun vaxtı keçir və onların məhvedilmə prosesinin şəffaf olması üçün orada KİV-in iştirakı vacibdir”. AİB sədri təəssüflə qeyd etdi ki, Azərbaycan cəmiyyəti, istehlakçıları, ictimai təşkilatları Prezidentin şəffaflığa dair çağırışlarına cavab verə bilmir: “Məsələn, bir neçə qurumda İctimai Şura yaradılıb. O cümlədən AQTA-da İctimai Şura yaradılıb və mən bu şuranın üzvüyəm. Lakin tamamilə narazıyam, İctimai Şuralar yalandan yaradılır, heç bir funksiyası yoxdur. İctimai Şuranın əsasnaməsi elə yaradılır ki, heç bir hüququ yoxdur. Mən ona görə təklif edirəm ki, İctimai Şurada daha çox KİV təmsil olunmalıdır, nəinki QHT-lər. Çünki şəffaflığı onlar yarada bilər, QHT-lərin müəyyən məqsədləri olur, lakin KİV daha yaxşı ictimai nəzarət edə bilər”.
Yeri gəlmişkən, İctimai Şura üzvü kimi E.Hüseynovun diqqətinə quruma ünvanladığımız sorğuya vaxtında və düzgün cavab verilmədiyini də çatdırdıq. Mütəxəssis bildirdi ki, bu məsələ ilə İctimai Şura üzvü olaraq maraqlana bilər: “Yazılı müraciət olarsa, tezliklə gündəliyə çıxararam və həll edərəm. Bu yolverilməzdir, hər bir dövlət orqanının o cümlədən AQTA-nın borcudur ki, şəffaf işləyirsə, özünə arxayındırsa, KİV ilə operativ əməkdaşlıq etsin. Əks halda, demək nəsə bir günahı var”.
NİGAR