Oxumağa həvəsi olmadı, sənətə meyilləndi – usta ilə söhbət


Gənc yaşlarından tikintidə işləməyə başlayan Mehman Muxtarov həyatındakı hər şey üçün bu sənətə minnətdardır. “2004-cü ildən başlamışam bu sahədə çalışmağa, ilk işim Mahaçqalada monolit işi olub. Sonralar tikintinin digər sahələrini öyrəndim, bütün işləri bacarıram” - deyir.


Uşaqlığında ata-anası çox desə də, oxumayıb. Oxumağa həvəsi olmasa da, sənətə marağı olub: “Fəhləlikdən başladım, ustaların əlinə baxa-baxa öyrəndim, usta oldum. Tikintinin bütün işlərini bacarıram, ev, obyekt götürür, tikir, təmir edir, təhvil veririk. Əsasən Qaxın özündə işləyirik. Kənar rayonlara da sifariş olanda gedirəm, amma elə az-az olur. Rayonda sifarişim çox olur onsuz da”.

Koronavirusla əlaqədar Qaxda da işlər azalıb, amma son vaxtlar yenidən tələbat artıb: “Həm insanlarda pulsuzluq vardı, həm narahat idilər, həm də çölə çıxmaq SMS icazə vasitəsilə mümkün idi deyə iş az olurdu. İndi şükür Allaha, hər şey qaydasındadır, əvvəlki kimi işlərimiz olur”.

Mehman ustanın iki qız övladı var. Böyük qızı orta təhsilini başa vurub ali məktəbə qəbul ola bilməsə də, yenidən unversitet hazırlığına davam edir. Kiçik qızı isə hələ orta məktəbdə təhsil alır. Həmsöhbətimiz özü də cavan yaşlardadır, 1982-ci il təvəllüdlüdür. Ömrünün 16 ilini tikintiyə həsr edib. Deyir ki, peşiman deyil: “Ailəmi dolandırıram, heç kimə möhtac deyiləm, halal zəhmətimlə qazanıram, bu mənə bəs edər”.

Bu müddət ərzində ən uğurlu işi məktəb layihəsinin tikintisi olub: “Götürdük, tikdik, təhvil verdik, ən çox onda işlərimiz qaydasında getdi. Başqa dövlət sifarişli layihələrdə də işləmişəm. Bağça tikintisidə işləmişik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə əlillər üçün evlər tikmişik, Zaqatalada olub dövlət sifarişi ilə işimiz”. M.Muxtarovun sözlərinə görə, işğaldan azad edilmiş torpaqlarda işləmək onun üçün həm xoş olar, həm də sabit qazanc yeri. Ona görə də, o ərazilərdə işləmək üçün təklif gözləyir.

P.S. Yazı Norm Ustalar Klubu layihəsi çərçivəsində hazırlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu