Daha çox Gəncədə işləməyə üstünlük verirəm – usta ilə söhbət


Norm Ustalar Klubu layihəsi çərçivəsində növbəti həmsöhbətimiz Mehman Məmmədovdur.


Maraqlı həyatı olub. Gəncədə doğulsa da, Daşkəsən rayonunun Qabaqtəpə kəndində böyüyüb, sonradan yenə Gəncədə məskunlaşıb. Hazırda Gəncə şəhərində yaşayır və orada çalışır. Tikinti sahəsində uzun illərdir işləyir: “Orta təhsilimi başa vurandan sonra əsgərliyimi bitirdim və bu sahədə işləməyə başladım. Qaynaqçı kimi, elektrik kimi, santexnik kimi işləmişəm. Hörgü-suvaq, kafel-metlax işini görürəm. Yəni, tikinti sahəsində bütün işləri bacarıram. Sovet dövründə Ağdamda iş həyatıma başlamışam. Şəkidə, Balakəndə, respublikanın müxtəlif bölgələrində işlərimiz olub. Briqada idik, harda iş versələr gedir, orda tikib, təhvil verirdik obyekti. Hazırda heç bir şirkətdə işləmirəm, özüm müstəqil bu işlə məşğulam”.
Hazırda Gəncədə daha çox işləyir. Digər rayonlarda böyük həcmli iş olanda yenə briqada şəklində toplaşıb, işi icra edərək təhvil verirlər.
Vətən Müharibəsi dövründə mənfur düşmənin Gəncəyə atdığı raketlər insan tələfatı ilə yanaşı, ciddi dağıntılara da səbəb oldu. Həmsöhbətimiz deyir ki, hələlik həmin dağıntıların yerində bərpa işləri başlamayıb. (müsahibə aprel ayında götürülüb-red.) İşlər başlasa, Mehman usta böyük məmnuniyyətlə orada çalışmağa hazır olduğunu bildirdi.
Pandemiya səbəbindən iş gördürənlər, sifarişlər azalıb. M.Məmmədov isə nikbindir, deyir ki, yenə əvvəlki kimi işlərin olacağına əmindir. Ustanın ailə üzvləri də ona dolanışıqda yardımçıdırlar. Oğlu rəngsaz işləyir, qızı isə univermaqda: “Oğlum turizm kollecinə qəbul olmuşdu, əsgərliyə getdi, qayıdandan sonra oxumadı, getdi Rusiyaya. Bir müddət orda qaldı, işlədi, sonra qayıtdı mənim kimi tikinti sahəsində işləməyə üstünlük verdi, rəngsazlıq işini öyrəndi”.
Mehman usta Qarabağda aparılan tikinti-quruculuq işlərində də iştirak etməyə hazırdır. Hətta bunun üçün müraciət də edib. Biz onunla müsahibə edən vaxt hələlik cavab almamışdı. Lakin hər an briqada toplayıb oradakı tikinti-quruculuq işlərində iştirak etməyə hazır olduğunu deyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu