Ələsgər Əhmədoğlu: “Əhməd İsmayılov layihəyə öz arqumentləri ilə haqq qazandırmağa çalışdı...”

Parlamentdə iki oxunuşdan keçən “Media haqqında” qanun layihəsinin yenidən ictimai müzakirəsi aparılır. Bu məqsədlə dünən bir qrup media mütəxəssisi və təmsilçisi Medianın İnkişafı Agentliyinə (MEDİA) dəvət edilərək fikirləri dinlənilib.
Görüşdə iştirak edən media hüququ üzrə mütəxəssis Ələsgər Əhmədoğlu AFN-ə açıqlamasında bildirdi ki, layihənin iki oxunuşdan keçəndən sonra yenidən ictimai müzakirəyə çıxarılması heç də ictimai iştirakçılığın arzulanan olduğunun göstəricisi deyil: “Mən orada da qeyd etdim, iki oxunuşdan keçən qanun layihəsi üzərində baza olaraq problemlərindən danışmaq, daldan atılan daşın topuğa dəyməsidir. Amma yenə də təbii ki, bunu bir yaxşı niyyət kimi qəbul edirik ki, bu istiqamətdə fəaliyyət göstərənlər əks fikirləri də dinləməyə hazırdırlar. Ona nə qədər əməl dib-etməyəcəkləri 3-cü oxunuşa çıxarılan layihədə görünəcək. Amma ən azından belə bir təşəbbüs müəyyən mənada deməyə əsas verir ki, ictimai narahatlıq hər kəsi bu məsələyə bu və ya digər formada yenidən baxmağa məcbur edib”.
Ə.Əhmədoğlu qeyd etdi ki, görüşdə qanun layihəsinin nə qədər sürətli və tam bişməmiş versiyada olduğunu göstərən bir çox arqumentləri dilə gətirib: “Hesab edirəm ki, beynəlxalq hüquq və daxili hüquq, konstitusiya aspektindən ciddi problemli məqamlar var. Bunlar mütləq ciddi şəkildə müzakirə olunmalı və daha konkret, aydın mətni olan qanun layihəsi halına gətirilməlidir. Bu, işin birinci tərəfidir. İkincisi, orada layihənin işçi qrupunda iştirak etmiş şəxslərdən MEDİA-nın rəhbəri Əhməd İsmayılov öz arqumentləri ilə müəyyən haqq qazandırmağa çalışdı mövcud layihə mətninə. Amma tək mən deyil, digər etiraz tərəfi kimi görünən şəxslər də ikibaşlı mətnlərin heç də Əhməd İsmayılovun ifadə etdiyi kimi, hamısının pozitiv yozumlanmalı olduğunu dəstəkləmədi. Qeyd edildi ki, layihə mətni sabah başqa sferalarda, məsələn, prokurorluq, yaxud məhkəmə müstəvisində daha fərqli sferalarda yozula və tətbiq oluna bilir. Çünki qanunda çox aydın platforma yayımçısının lisensiyalaşma məsələsi var, çox aydın “jurnalist vəsiqələri” ifadəsi var, hansı ki, bu, akreditasiya vəsiqəsi ola bilər. Məsələn, qurumda akreditasiya olunur və vəsiqə alır, jurnalist vəsiqəsini redaksiya verir, bunlar bir-birindən ayrılmalıdır. Bir sözlə, qanun təkmilləşdirilməlidir, təzədən üzərində iş getməlidir. Layihənin 75 maddəsinin hər biri üzrə mənim şəxsən təklifim var və düşünürəm ki, qanunda olan 78 maddənin hər biri ilə bağlı müəyyən təkmilləşdirmə, eyni zamanda lazım olmayan maddələrin və müəddəaların çıxarılması və ya dəyişdirilməsi təklif oluna bilər. Çünki bunlar hamısı biləvasitə media fəaliyyətini tənzimləməklə bağlı həm dövlət səlahiyyətlərinin çərçivəsinin müəyyənləşməsi, həm kənar müdaxilələrin önlənməsi və paralel olaraq media və jurnalist azadlığının gərəyi olaraq düşünülür. Qeyd edim ki, proses dünən yekunlaşmadı, bu gün üçün yenidən dəvət almışam. Təkrar müzakirə olunacaq, hansı aspektdə olacaq, nə dəyişəcək, bunu bugünkü toplantının sonunda ilkin təəssüratımı paylaşa bilərəm. Hələ ki, işgüzar mühitdə proses davam edir, bir çox şeyin söylənməsi erkən olar. Faktiki olaraq müəyyən məsələlər var ki, qarşı tərəfi də düşündürə biləcək məsələlərdir, ümid edirəm onlar bu qədər sürətli şəkildə qanunu qəbul etməkdənsə yenidən üzərində işləmək, paralel olaraq beynəlxalq ekspertizaya göndərmək, yerli işçi qrupu formalaşdıraraq üzərindən bir daha sistemli şəkildə keçmək yolunu tutar. Bu, çox vacibdir”.
HƏBİBƏ