Media siyasəti sahəsində dövlətin qurumlarının davranışı heyrət doğurur - Ələsgər Əhmədoğlu


Ölkədə media siyasəti sahəsində dövlətin qurumlarının davranışı heyrət doğurucu həddə çatıb.


AFN.az xəbər verir ki, bunu media hüququ üzrə mütəxəssis Ələsgər Əhmədoğlu bildirib. O, bu gün Bakıda Baş Prokurorluq və Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən “Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” mövzulu konfransla bağlı tənqidi mövqe sərgiləyib. Mütəxəssis bildirib ki, ilk baxışdan xəbərin yalan olduğu düşünülə bilər: "Çünki heç bir qanunda və heç bir qanunun tətbiqinə dair Fərmanda Baş Prokurorluğa media azadlığı, jurnalist peşəkarlığı və s. mövzularda xüsusi səlahiyyət verilməyib. Amma xəbər doğrudur. Baş Prokurorluq artıq medianın azadlığına, jurnalist etikasına nəzarət edən qurum kimi sadəcə davranmır, hətta ulu-orta ev sahibliyi etdiyi konfrans da keçirir. Üstəlik, bu sahədə dövlət siyasətinin aparıcısı kimi 2021-ci il yanvar ayında Prezidentin Fərmanı ilə "mediada islahatları dərinləşdirmək" məqsədi ilə təsis olunan MEDİA Agentliyi də, 2003-cü ildə Medianın etik və peşəkar özünütənzimləmə funksiyasını üzərinə götürən Mətbuat Şurası da sorğulamadan gedib oturur bu konfransda və deyə bilmir, "hörmətli Prokurorluq, bu sahədə dövlət tənzimləyici funksiyanı Prezident Fərmanda mənə verib, hörmətli Prokurorluq bu sahədə özünütənzimləmə səlahiyyətini jurnalistlərin qurultayında qəbul olunan Nizamnamə mənə verib - siz qarışmayın!"
Yayılan xəbərlərdən o da məlum olur ki, media azadlığından, jurnalist peşəkarlığından danışan Prokurorluq, özü əməl etməli olduğu və hər kəsin də əməl etdiyinə əmin olmalı olduğu Konstitusiyanın 25-ci maddəsini, 50-ci maddəsini kobud şəkildə pozaraq ayrı-seçkiliyə yol verir, jurnalistləri özümün-özgənin kateqoriyasına bölərək, bir qrupun iştirakına şərait yaradır, digər jurnalistləri isə tədbirdən çıxarır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu