İran: İsraillə heç bir atəşkəs müqaviləsi bağlamamışıq

İran İsrailin təcavüzünə son qoyduqdan sonra, hərbi əməliyyatların dayandırılması ilə bağlı heç bir müqavilə imzalamadan İsrailə qarşı cavab zərbələrini dayandırıb.
AFN.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, bunu İslam Respublikası xarici işlər nazirinin müavini Səid Xətibzadə deyib.
"Bizim sionist rejimlə (İsraillə - red.) hər hansı bəndləri ehtiva edən hər hansı yazılı razılaşmamız olmayıb. Baş verənlər onların təcavüzünün sona çatması olub və buna paralel olaraq İran hazırlığını saxlamaqla heç bir hücum həyata keçirməyəcək".
Qeyd edək ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb, bir gün keçməmiş İslam Respublikası cavab hücumu həyata keçirib. İyunun 22-nə keçən gecə Amerika qüvvələri İranın üç nüvə obyektinə hücum edib. İyunun 23-ü axşam saatlarında Tehran Amerikanın Yaxın Şərqdəki ən böyük aviabazasına, Qətərdəki Əl Udeyd aviabazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının məlumatına görə, itki yoxdur və ciddi ziyan dəyməyib. Daha sonra ABŞ prezidenti Donald Tramp bildirib ki, İsrail və İran tam atəşkəs barədə razılığa gəliblər. Atəşkəs iyunun 24-də qüvvəyə minib.