Çox çalışmalarına baxmayaraq, uşaqlar dərsləri mənimsəməkdə çətinlik çəkir – SƏBƏB


Orta məktəb proqramlarının ağırlığı son vaxtlar təhsil sahəsində ən çox müzakirə olunan mövzulardandır. Şagirdlərin artıq yüklənməsi, əlavə vəsaitlərdən istifadə və. s. ekspertlərin də ciddi narazı olduğu məqamdır. Qeyd etdiyimiz kimi, şagirdlər həddən artıq yüklənsə də, gün ərzində müxtəlif vəsaitlərdən çoxlu sayda çalışmalar etsələr də, keçilən dərsi mənimsəməkdə, yadda saxlamaqda çətinlik çəkirlər. Bu nə ilə bağlıdır?




Təhsil üzrə ekspert Elçin Əfəndi AFN.az-a açıqlamasında bildirdi ki, hazırda dərsliklərdə müəyyən problemlər mövcuddur: “Nazirlər Kabinetinin qərarına əsasən dərsliklərdə yığcamlıq, dəqiqlik, uşaqların yaş psixologiyası, dəqiq mənbələrə əsaslanmaq şərt kimi irəli sürülsə də, biz dərsliklərdə bu halların pozulmasını görürük. Ətrafda kifayət qədər informasiya bolluğu var, dərsliklərdə onlara lazım olanları əks olunmalıdır. Uşaqlarda fikir dağınıqlığı da var və bunun yaranma səbəbi hələ kiçik yaşlarından telefonla davranışları, müəyyən platformalara daxil olub informasiyalar almasıdır. Bu da təbii ki, uşağa mənfi təsir etmiş olur. Biz indiki nəsil uşaqların istəklərini nəzərə alaraq bütün tədrisi elə təşkil etməliyik ki, uşaq sevərək öyrənsin. Bunun üçün də uşağın marağı yeni texniki vasitələrədirsə, ordan nəsə öyrənməsi mümkündürsə ora icazə verməliyik. Amma bunu da gərək uşağa aşılasın valideynlər. Bəzi valideynlər təəssüf ki, mobil telefondan istifadə qaydalarını bilmirlər. Ağıllı telefonlarda valideyn nəzarəti paneli var ki, onda istifadə etməklə uşağın kənar platformaya daxil olmasının qarşını almaq mümkündür. Yalnız təhsil yönümlü, müəyyən proqramların uşağın qarşısına çıxarılması daha məqsədəuyğundur”.
E.Əfəndinin sözlərinə görə, müəllimdən də çox şey asılıdır. Belə ki, indi bir çox müəllimlər interaktiv üsulla tədris aparırlar: “Burada uşağın marağı əsasən nəyədirsə, onun vasitəsilə öyrətməyə çalışırlar uşaqları. Evdə valideynlər də ən azından cizgi personajlarını dərslikdəki müəyyən mövzu ilə əlaqələndirməyi bacarsalar, daha asan olacaq uşağın dərsi mənimsəməyi”.



Psixoloq Fərqanə Mehmanqızı AFN.az-ın sualını cavablandırarkən bildirdi ki, bu gün uşaqların yaddaşında yox, diqqətində problem var: “Psixoloqların ümumi yanaşmasına görə, bunun da səbəbi müasir texniki avadanlıqlardır. Uşaqların diqqətini dağıdacaq çox şey var hazırda. Keçmişdə uşaqların həyatı iki hissəyə bölünürdü: həyətdə oyun oynamaq və evdə dərs oxumaq. Amma indi kompüter, telefon, internet vasitəsilə uşaqlar yaddaşlarını o qədər lazım olmayan məlumatlarla doldururlar ki, nəticədə belə hal yaranır”. F.Mehmanqızının sözlərinə görə, indiki uşaqlarda beyin gimnastikası çox zəifdir, bu isə diqqət dağınıqlığının yaranmasına səbəb olur: “Bir anda bir çox məlumat ala bilirlər, lazımsız informasiyalarla beyinlərini doldururlar, sonra da dərs onlara maraqsız gəlir, diqqətlərini cəmləyə bilmirlər”.

FAMİL



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu