Keyfiyyətli təhsilə əlçatanlığın olmaması gənclərimizi intihara sürükləyir - EKSPERTLƏR


Qarşıdan universitetlərə qəbul imtahanları gəlir. Cəmiyyəti narahat edən məsələlərdən biri də imtahanı müvəffəqiyyətlə verə bilməyən gənclərin intihara əl ata bilmə ehtimalıdır. Hər il bu mövzuda xeyli xəbərlər yayılır və görünən odur ki, gənclərimiz, yeniyetmələrimiz arasında bu uğursuzluğu sinirə bilməyənlər az deyil. Yüksək səviyyəli təhsilə əlçatanlığın olmaması gənclərin intiharlarında hansı paya malikdir?


Mövzu ilə bağlı AFN-ə fikirlərini bölüşən təhsil üzrə ekspert Elçin Əfəndi bildirdi ki, təhsilin intiharlarda payı var və bu, əsasən orta ümumtəhsil məktəblərindən başlayır: “Bilirsiniz ki, orta ümumtəhsil məktəblərində şagirdlərlə işləmək üçün psixoloqlar təyin edilir. Lakin çox təəssüflər olsun ki, həmin psixoloqlar ya yerində deyillər, ya da o ixtisasın sahibi deyillər. Nəticə etibarilə də məktəblərdə şagirdlərlə psixoloqların münasibətinin tənzimlənməsində bir problem var. Hər şeyi valideynin üzərinə atmaq doğru deyil. Valideyn övladını məktəbə göndərir, onun təhsil almasını istəyir. Amma məktəblərdə neqativ halları bir çox görürük. Narkotik istifadəsindən tutmuş bulinqə qədər müxtəlif problemlər var orta ümumtəhsil müəssisələrində. Bütün bu səbəblərdən mən yeniyetmələrin intiharlarında təhsil səviyyəsinin rolunu görürəm. Şagirdlər vaxtında düzgün psixoloji yardım alsalar, gələcəkdə belə bir addım atmazlar, ən azı indiki qədər olmaz. Amma intiharlara görə hər şeyi təhsilin üzərinə də atmaq doğru deyil”.
E.Əfəndi qeyd etdi ki, məktəblərdə şagirdlərin buraxılış imtahanlarında əldə olunan nəticələr də onların deviant davranışlarına gətirib çıxaracaq amillərdir: “Yəni olur ki, şagirdin gözləntisi daha yüksək bal olur, amma toplaya bilməyəndə müəyyən depressiv vəziyyət içərisində olur. Nəticədə özünə qəsd kimi faktlar meydana çıxır. Bu məqamda həm valideyn, həm müəllimlər dəstək verməlidirlər yeniyetmələrə. Dövlət qurumları, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsi bu məsələlərə həssas yanaşmalıdır. Yaxşı olar ki, qəbul və buraxılış imtahanlarını birləşdirib keçirsinlər. Təsəvvür edin şagirdlər buraxılış imtahanı verirlər, sonra qəbul imtahanı, bu isə istər-istəməz onları depressiv vəziyyətə salır. Keyfiyyətli təhsil alan adam fikrimcə, intihara meyl etmir”.
Ekspert vlideynlərin də övladları ilə dost münasibət yaratmasının vacib olduğunu dedi. Onun sözlərinə görə, imtahandan kəsilmək, az bal toplamaq hər şeyin sonu deyil: “Bu il olmadı, gələn il olacaq deyə təsəlli verməlidirlər övladlarına. Həmçinin valideynlər daim övladlarının oxuduqları məktəblə əlaqə saxlamalıdırlar, hər hansı şübhəli rəftarı varsa onun aradan qaldırılması istiqamətində müvafiq addımları atmalıdırlar”.

Təhsil eksperti Kamran Əsədov bildirdi ki, ölkənin 4447 orta təhsil məktəbində 1,6 milyon şagird təhsil alır: “Təəssüflə qeyd edim ki, bizim təhsil yükümüz bu qədər şagirdə öz uşaqlıq dövrünü yaşamağa imkan vermir. Bizim hər 4 həftədən bir keçirdiyimiz kiçik summativ qiymətləndirmələr, yarımilliyin sonunda keçirdiyimiz böyük summativ qiymətləndirmələr, eyni zamanda şagirdlərin 9-11-ci sinifdə verdiyi buraxılış imtahanları onları ciddi dərəcədə psixoloji yorur. Eyni zamanda valideynlər də uşaqlara təzyiq edirlər. Son illər azyaşlı uşaqlar, ali və orta məktəblərdə təhsil alan uşaqlar arasında intihar halları artıb. Bunun əsas səbəbi uşaqların öz uşaqlıq dövrünü yaşamaması ilə əlaqədardır. Tədris yükü onların yaş xüsusiyyətinə və psixologiyasına uyğun deyil. Hesab edirəm ki, Azərbaycanda orta təhsil və orta təhsil əlçatandır, amma çətinliklə. Müvafiq qanunvericiliyə görə məktəb yaşına çatmış hər kəs dövlət tərəfindən pulsuz təhsillə təmin olunur. Bəli, bu əlçatanlıqdır, amma keyfiyyət məsələsi, informasiya yükünün çox olması ciddi surətdə problemlidir. Bizim 51 ali təhsil müəssisəmizdə 182 min tələbə təhsil alır. Orta məktəbləri 85 min nəfər bitirir və onun 35-37 mini hər il ali məktəblərə qəbul olur. 2012-ci ildə ali məktəblərə 110 min imtahan verirdi, plan yeri 27 min idi. Bu gün plan yeri 47 mindir. Yəni ali təhsil əlçatandır. Amma ali təhsilin nəticəyönümlü olmaması bizim gənclərimizin motivasiyasını aşağı salır, onları intihata meyilləndirir. Təhsilə əlçatanlıq var, amma təhsil yükü həddən artıq çoxdur. Bu gün bütün şagirdlər, tələbələr ancaq imtahan verirlər, onların asudə vaxtları demək olar ki, yoxdur. Hesab edirəm ki, biz dərs yükünü azaltmalıyıq, yalnız vacib mövzular, vacib dərslər keçirilməlidir”.

HƏBİBƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu