Rusiya və Ukrayna arasında əsir mübadiləsi həyata keçirilib


Ukrayna ilə Rusiya arasında iyun ayında Türkiyənin ev sahibliyi ilə İstanbulda keçirilən danışıqlarda əldə olunan razılaşmalar əsasında əsir hərbçilərin mübadiləsi həyata keçirilib.



Rusiya Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, 2 iyun tarixində İstanbulda əldə olunan razılaşmalara əsasən, Kiyev rəhbərliyinin nəzarətində olan ərazilərdən bir qrup rus əsir hərbçi geri alınıb.



Açıqlamada bunun qarşılığında Ukraynaya bir qrup hərbçinin təhvil verildiyi qeyd olunub. Qayıdan rus hərbçilərin hazırda Belarusda olduqları və oradan Rusiyaya gətiriləcəkləri bildirilib.



Ukrayna Prezidenti Volodimir Zelenski Telegram hesabında paylaşım edərək, Rusiya ilə 2 iyun tarixində İstanbulda keçirilən danışıqlarda əldə edilən razılaşmalar əsasında 9-cu əsir mübadiləsinin həyata keçirildiyini bildirib.



"Ağır xəstə və ağır yaralı müdafiəçilər evlərinə qayıdırlar" ifadəsini işlədən Zelenski, bu mübadilə prosesi çərçivəsində 1000-dən çox ukraynalı hərbçinin evlərinə qayıtdığını qeyd edib.



Zelenski əsir mübadiləsi prosesinin davam etməsinin vacibliyini vurğulayıb.



Hər iki tərəfin yaydığı açıqlamalarda mübadilədə iştirak edən hərbçilərin sayı barədə məlumat verilməyib.



Qeyd edək ki, Türkiyənin ev sahibliyi ilə 2 iyun tarixində Rusiya və Ukrayna arasında İstanbulda keçirilən danışıqların nəticəsində 6 min Ukrayna hərbçisinin dondurulmuş meyitlərinin təhvil verilməsi, ağır xəstə və yaralı hərbçilərlə yanaşı, 25 yaşadək əsir hərbçilərin mübadiləsi ilə bağlı razılaşmalar əldə olunmuşdu.



Bu razılaşma əsasında 9, 10, 12, 14, 19, 20 və 26 iyun, eləcə də 4 iyul tarixlərində Rusiya ilə Ukrayna arasında 25 yaşdan aşağı olan, ağır xəstə və yaralı hərbçilərin əsir mübadiləsi həyata keçirilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu