Sehrbazlıq və kimyagərliyə maraq ən güclü sülalənin həyatını necə dəyişdi? - MARAQLI FAKTLAR


Təvazökar Şvab feodalları kimi ortaya çıxan Habsburqlar sülaləsi 15-ci əsrdə müqəddəs Roma İmperiyasına nəzarəti ələ keçirdilər və sonra bir neçə onillikdə dünyanın böyük bir hissəsinə - Macarıstan, Hollandiya və İspaniyadan Peru və Meksikaya qədər böyük bir ərazidə hökmranlığa nail oldular. 20-ci əsrin əvvəllərində bu nəsildən olan varislər əllərindəki bütün sərvət və torpaqları qısa bir zaman kəsimində təmamilə itirdilər. AFN.az Professor Martin Reidinin "Habsburqlar: Dünya üzərində güc" kitabından bəzi fraqmentləri təqdim edir.


15-ci əsrdən 17-ci əsrə qədər, demək olar ki, hər bir hökmdar kimyagərliyə və sehrə olan ehtirasına xeyli pul xərcləyirdi. Hətta II Filipp Eskorialda bir neçə laboratoriya quraraq burada esensiyaların distillə edilməsinə və metalların çevrilməsi üzrə təcrübələrə şəxsən nəzarət edirdi. Kimyagərlik və okkultizm dövlət vəzifəsi kimi kimi qəbul edilməsə də, onların mühüm bir hissəsi hesab olunurdu. O dövrdə sehrlər və gizli həqiqətlər səltənətində dünyamızı necə inkişaf etdirməklə bağlı universal nizama uyğun biliklərin olduğuna inanılırdı. Ezoterik təcrübələr monarxların fəaliyyətinin digər aspektlərinə - kral kolleksiyalarının təşkili prinsiplərindən tutmuş incəsənətin himayəsinə qədər təsir etmişdi. Gizli bilik şübhəli mənbələrə əsaslansa da, həm cazibədar dərəcədə dumanlı, həm də ciddi məntiqli qapalı inanclar sistemi idi. II Rudolf (1576-1612-ci illərdə hökmranlıq etdi) bu gizli şəbəkələrin toruna möhkəm ilişmişdi. II Maksimiliyanın oğlu olaraq onun hakimiyyətinə kölgə salan bir sıra depressiya və könüllü özünütəcrid epizodlarında adı hallanırdı.

Okkultizmin mahiyyəti

Orta əsrlər Avropasında başa düşüldüyü kimi, bu sistemin mahiyyəti ən yaxşı Zümrüd Lövhəsində (Tabula Smaragdina) üzə çıxıb. Rudolf sarayında latın dilindən çex dilinə tərcümə edilmiş bu mətn belə başlayırdı:“Mən yalan demirəm, həqiqəti deyirəm. Aşağıda olan yuxarıda olan kimi, yuxarıda olan da aşağıda olan kimidir. Və bütün bunlar yalnız yeganə möcüzəni həyata keçirmək üçündür. Necə ki, bütün mövcud olan şeylər yalnız bu düşüncədən yaranıb, bu şeylər də yalnız eyni və tək halına münasibətdə sadələşərək real və təsirli şeylər olub. Günəş onun atasıdır. Ay onun anasıdır. Külək onu bətnində daşıyır. Yer onu qidalandırır. Yalnız o, həmişə və hər yerdə bütün kamilliyin əsas səbəbidir. Onun qüdrəti ən möhtəşəm qüdrətdir, hətta bundan da artıqdır! Torpağı oddan, incəni kobuddan, ən böyük qayğı ilə, titrəyişlə ayırın. Göylərə uçan nazik, ən yüngül od dərhal yerə enəcək. Bu, yuxarıda və aşağıda hər şeyin birliyini təmin edəcəkdir. İndi hərtərəfli şöhrət sizin əlinizdədir. İndi, görmürsən ki, qaranlıq qaçır?”

Ehtimal olunurdu ki, “Zümrüd Lövhə”nin sözləri əvvəlcə sehrbaz Hermes Trismegistusun (“Üç dəfə ən böyük”) qəbrindəki Makedoniyalı İsgəndər tərəfindən tapılan nefrit lövhənin üzərində həkk olunub. Əslində bu mətn çox güman ki, VIII əsrdə Suriya dilində yazılmış, sonra ərəb dilinə, daha sonra isə latın dilinə tərcümə edilmişdir. XIII əsrin ortalarında o, Xristian Avropasında yaxşı tanınırdı və tez-tez digər eyni dərəcədə sirli daşıyıcılarla birlikdə yayılırdı. 1460-cı illərdə yunan dilində yazılmış 14 məktubdan ibarət bir paket İstanbuldan İtaliyaya gətirildi. İddiaya görə, "Zümrüd Lövhə" ilə oxşar mənşəli bu məktublar Hermes Trismegistus tərəfindən yazılıb. O vaxtkı elm adamları (qismən onun haqqında daha çox danışan müqəddəs Avqustinin sayəsində) Trismegistusun həqiqi bir insan olduğuna şübhə etmirdilər və onu ya Musanın müasiri, ya da ümumdünya daşqınındın əvvəl yaşamış bir insan və yaxud Misir allahı Tor hesab edirdilər. İstanbul məktubları, sonradan kəşf edilən üç məktub kimi, əslində 2-ci əsrdə Misirdə yazılmış və Misir mifologiyası və sehrini Platonun bəzi düzəliş edilmiş fikirləri ilə birləşdirilmişdi. Məktublar tez bir zamanda Latın dilinə tərcümə edildi və onlar təxminən eyni intellektual mühitə qayıdaraq "Zümrüd Lövhə"nin ideyalarını inkişaf etdirdikcə əsl sensasiyaya səbəb oldular. "Corpus Hermetic" kimi tanınan bu məktublarda ovsun və sehrlər, həmçinin sehrli güclərinı daşıyan amulet və nişanələrdən söz açılır. Mətndəki uzun dialoqlar mələklərin və cinlərin mövcudluğundan, eləcə də kimyagərlərin inandığı kimi müxtəlif materialların qızıla çevrilə biləcəyindən xəbər verirdi. Məktubların əsas motivi göylərin, makrokosmosun yerdəki mikrokosmosla və üstəlik, bütün kiçik mikrokosmoslarla birləşdiyi fikri idi. Trismegistusun təlimində deyilirdi ki, kainat harmoniyadadır, çünki göydə və yerdə olan hər şeyə vahid bir ruh tərəfindən nüfuz edilir və kainat onun tərəfindən idarə olunur. Həmin mətnlərdə həmçinin bütün hadisələrin vəhdəti vurğulanır və fərqlərin arxasında “ilkin materiya” adlandırıla bilən vahid substansiya və ya mahiyyətin dayanması fikri önə çəkilir (bəzən fəlsəfə ilə ilə eyniləşdirilirdi, lakin sonuncu termin müxtəlif anlayışları ifadə etdi.) Ancaq Trismegistusun yazıları, bilik üçün zəruri şərtin dua və gizli ayinlərlə əldə edilən ruhun yüksəlməsi olduğunu öyrədən ikinci əsr yunan qnostiklərinin fikrini də nəzərə alır. Bu fikrə görə, Kainatı və onun gizli harmoniyasını dərk etmək əzmkarlıq tələb edir və "Zümrüd Lövhə"nin işarə etdiyi kimi, müəyyən hərəkətlər etmək lazımdır ki, qaranlıq dağılsın.

Bu məktublara əsaslanan hermetik nəzəriyyə kimyagərlik təcrübəsinin əsası oldu, çünki həmin ideya bütün maddələrin bir olduğunu iddia edirdi. Daha dəqiq desək, hər şeyin yarandığı ilkin maddənın qızıla çevrilə biləcəyi önə çəkilirdi. Bundan əlavə, müdriklər Trismegistusun təsiri ilə kainatın vəhdətini mistik şəkildə əks etdirən simvollar, yəni “monadalar” çəkir, ulduzların tədqiqi ilə yer aləmini dərk etməyin yollarını axtarırdılar. II Rudolf kimi, bütün Avropanın hökmdarları qəribə və ecazkar əşyaların kolleksiyalarını toplayıb, onları "nadir və qəribə əşyalar muzeylərində" nümayiş etdirirdilər. Rəssamlar və musiqiçilər əsərlərinin Hermes Trismegistusun ideyalarını ifadə etməsinə və ya onlara uyğun olmasına çalışırdılar. Həmçinin həkimlər də hər yerdə bütün xəstəlikləri müalicə etməyə qadir olan universal "kvintessensiya" axtarırdılar. Beləliklə bütün bilik sahələri Zümrüd Lövhə və Hermetik Korpusla ələqələndirilməyə başlanıldı. Eyni şeyi dini siyasət haqqında da demək olar. Kilsənin doktrina uyğunsuzluqları Trismegistusun kainatın ahəngdar quruluşu haqqında təlimlərinə zidd idi, Halbuki bu təlimə görə planetdə hər şey qaydasında və harmoniyadadır. Bu baxımdan, ilahiyyatçıların mübahisələri hamı üçün ortaq olan daha fundamental, əbədi həqiqətə toxunmadığı üçün səthi görünürdü. Beləliklə, Hermetik konsepsiya liberalların xristianların mübahisələri tərk etməsı və rəqabət aparan təriqətlər arasında kompromis tapmalı olduğuna dair inamını gücləndirdi. Məhz belə fəlsəfi fikirlərə görə İmperator II Maksimilian Aconzionun əsərlərini oxuduqdan sonra qəti qərara gəldi. Belə ki, ondan katolik və ya protestant olduğunu soruşduqda, xristian olduğunu söylərdi. Maksimilian üçün iki etiraf arasındakı fərqlər xristian ideyalarına daxil edilmiş həqiqət qədər vacib deyildi. İmperatorlar II Maksimilian və II Rudolfun dini baxışları hər zaman qeyri-müəyyən olaraq qalırdı. Çoxlarının şübhəsi yox idi ki, Maksimilyanın din məsələlərindən yayınması protestantlığa gizli bağlılığından irəli gəlir. İspaniya kralı II Filip Maksimilianın dini ayinlərinə casusluq etməsi üçün saray adamı Adam von Ditrixşteyndən istifadə etmiş, lakin ortaya çıxan həqiqətdən məyus olmuşdu. 1571-ci ildə Ditrixşteyn infarkt keçirdikdən sonra belə imperatorun Müqəddəs Hədiyyələri qəbul etmədiyini bildirdi, üstəlik o, öz sarayında xidmət etmək üçün evli bir lüteran pastorunu işə götürmüşdü. Maksimilian hətta ölüm döşəyində olanda belə inancı ilə bağlı etiraf etməkdən imtina etdi. Rudolfun isə dini inancları heç də gizli deyildi. O, katolik qeyrətini hiss etsə də, bəzən uzun müddət Massdan uzaqlaşırdı. Lakin heç kim onu protestant hesab etmirdi. Əksinə, çoxları durumu daha pis şəkildə qələmə verirdi. Onun qardaşı oğulları 1606-cı ildə “həqiqəti” xalqa çatdırdılar. “ Əlahəzrət Allahı tamamilə inkar etmək həddinə çatıb. O, Allahın varlığını inkar edir və onun hec bir əlamətinə dözmür. O gələcəkdə başqa bir ağaya xidmət etmək üçün Allahdan tamamilə qurtulmağa çalışır.” Rudolf da atası kimi dini inancını etiraf etmədən öldü.O, gənclik illərini İspaniyada keçirmişdi. Çünki II Filippin oğlu Don Karlosun ölümündən sonra o, bir müddət İspaniya taxtının ehtimal varisi hesab olunurdu. 1571-ci ildə Vyanaya qayıdan Rudolf ispan dilində danışmağa və ispan saray dəbində geyinməyə üstünlük verdi. O, böyük ağ yaxalıq taxırdı, dubleti və şalvarı qara rəngdə idi, Şlyapasına qarğa qanadı taxılmış və qızılla işlənmişdi. İspaniyadan qayıdandan sonra Rudolfun xarakteri də dəyişmişdi. İspan etiketini təqlid edərək, sərt və qəddar adama çevrilmişdi. 1577-ci ildə Rudolfla görüşən ingilis kraliçası Elizabetin elçisi ser Filip Sidni onun haqqında “lakonik, tutqun xasiyyətli, son dərəcə gizli və inadkar, atasının cazibədar rəftarına heç bir aidiyyəti olmayan biri “ deyə bəhs etmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu