Açıqlamalarımdan sonra təzyiqlə üzləşirəm – ehtiyatda olan zabit


Tərtər hadisələri ilə bağlı mediada verdiyim açıqlamalardan sonra izlənməyə başlandım, təzyiqlə üzləşdim.


Bunu AFN.az-a açıqlamasında ehtiyatda olan zabit, baş leytenant Fərid Manafov deyib. O, bildirib ki, 1994-1997-ci illərdə Naxcivanski adına hərbi liseydə, 1997-2001-ci illərdə Ali Hərbi Məktəbdə hərbi təhsili alıb. 2001-2002-ci illərdə Tədris Təlim Mərkəzində təlim keçib.
Hərbi xidmətə başladığı dövrdən xidmət etdiyi hərbi hissələrdə hər zaman haqsızlığa qarşı çıxdığı üçün necə deyərlər, başı bəlalar çəkib. Belə ki, ona qarşı 2004-cü ildə bir dəfə, 2006-cı ildə isə bir dəfə qondarma ittihamlarla cinayət işləri açılıb. Bütün bu təzyiqlərin sonunda isə sevimli hərbçi peşəsindən uzaqlaşmalı olub: “Bütün bunlarla bağlı mediada çıxışlarım olub. Daha çox vurğunu Milli Orduda baş verən haqsızlıqlara yönəltmişəm. Qeyd etmişəm ki, mənim və mənim kimi haqsızlığa dözməyən, prinsipial hərbçilərin başına gətirilənlərin məntiqi sonluğu Tərtər hadisələri oldu. Məhz o hadisələr sübut etdi ki, Azərbaycan Milli Ordusunda haqsızlıq, dedovşina olub. Mən mətbuata açıqlama verdim, öz başıma gələnləri də detallı ifadə etdim. Lakin ondan sonra mənə müxtəlif cür təzyiqlər başladı. Məsələn, hansısa sənədə ehtiyacım olur, onu almaq üçün süründürməçiliyə məruz qalıram. Hansısa işə düzəlmək üçün baş vururam, yox cavabı alıram. Polis tərəfindən səbəbsiz yerə saxlanılıram və s. Bütün bunlar onu göstərir ki, ordudakıların əli kənarlara da uzanır. Artıq özümə qarşı ciddi təhlükə hiss edirəm. Hər an şərlənə, həbs oluna bilərəm deyə düşünürəm”.
F.Manafov bildirib ki, bütün bu baş verənlər əslində xırda məmurların böyük eqolarından yaranan hallardır: “Qətiyyən düşünmürəm ki, bu mənə qarşı bir dövlət siyasətidir. Sadəcə bəlli adamlar var ki, mənim açıqlamalarım onları narahat edib. Bu baxımdan özümə qarşı təzyiqləri də qəbullana bilmirəm. Haqsızlığa qarşı çıxmağın cavabı müxtəlif yollarla təzyiqlərdirsə, o zaman burda yaşamaq çətindir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu