Zaur Mikayılov Tovuzda vətəndaşlarla görüşüb - FOTOLAR

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müraciətlərinin müsbət həlli üçün tədbirlər görürlər.
Qaynarinfo xəbər verir ki, qəbul cədvəlinə uyğun olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov avqustun 15-də Tovuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Tovuz, Qazax, Ağstafa və digər rayonlardan olan vətəndaşları qəbul edib.
Qəbuldan öncə sədr Zaur Mikayılov və Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Görüş zamanı vətəndaşların müraciətləri əsasən suvarma suyunun təminatı, kanalların beton üzlüyə alınması, sel və daşqınlara qarşı tədbirlər, yeni subartezian quyularının qazılması və təmiri, içməli su təchizatı, kanalizasiya sistemlərinin yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub. Bir çox müraciətlər yerində həllini tapıb, digərləri isə araşdırılması üçün nəzarətə götürülüb.
Sakinlər yaradılan şəraitdən məmnun qaldıqlarını bildirərək Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.