Çində Dünya İnsanabənzər Robot Oyunları başlayıb

Çində insanabənzər robotların müxtəlif idman, performans və tətbiq sahələrində yarışdığı, dünyanın ilk genişmiqyaslı robot yarışması olan Dünya İnsanabənzər Robot Oyunları (WHRG) ölkənin paytaxtı Pekində start götürüb.
Pekin Yerli Xalq Hökuməti, Çin Media Qrupu, Dünya Robotik Əməkdaşlıq Təşkilatı və RoboCup Asiya-Sakit Okean bölgəsi əməkdaşlığında keçirilən tədbirə robotik şirkətlər, universitetlər, tədqiqat institutları, robot klubları və həvəskarlar iştirak edərək hazırladıqları insanabənzər robotlarla qatılıblar.
Tədbirin məqsədi insanabənzər robot texnologiyasındakı irəliləyişləri praktik tətbiqlərlə nümayiş etdirməkdir. Robotlar atletika, gimnastika, futbol və boks kimi idman növlərində yarışlar keçiriblər.
17 avqustda başa çatacaq oyunların ilk günündə 400 metr və 1500 metr qaçış yarışları, 3-ə 3 və 5-ə 5 futbol matçları və boks qarşılaşmaları təşkil olunub.
Tədbirdə robotlar idman sahələrində olduğu kimi, performans və ssenari sahələrində də bacarıqlarını nümayiş etdirəcəklər. Performans kateqoriyasında solo və qrup rəqs nümayişləri, ssenari sahəsində isə materiallardan istifadə, təsnifat, düzənləmə və təmizlik xidmətləri ilə bağlı tətbiqlər həyata keçiriləcək.