Alimlər 44 min illik canavar cəsədində qədim virusları axtarırlar


2021-ci ildə Rusiyanın şərqindəki Yakutiya sakinləri qalın permafrostda 44 min illik canavarın cəsədini tapıblar. Alimlərin fikrincə, bu cəsəddə qədim viruslar ola bilər.


Rusiyanın Yakutsk şəhərindəki Şimal-Şərqi Federal Universitetinin tədqiqatçıları mumiyalanmış qalıqları tədqiq edərək heyvan haqqında daha çox məlumat əldə etməyə çalışırlar.

Donma şəraiti Sibir qurdunu mumiyalamağa və mükəmməl şəkildə qorumağa kömək edir. Dişləri və tüklərinin çoxu hələ də toxunulmaz qalan cəsədin bəzi orqanlarının da qorunduğu görünür.

Bu barədə Alberta Universitetinin antropoloqu Robert Losi "Business Insider"ə bildirib. "Bu, əvvəllər tapılmış yeganə yetkin pleystosen canavarıdır və bu baxımdan o, həqiqətən də diqqətəlayiqdir, tamamilə unikaldır. Bu cür yaxşı qorunmuş qədim heyvandan onların genetikası, həyat tərzi, pəhrizi, hətta hansı qədim bakteriya və virusları olduğu haqda öyrənəcəyimiz çox şey var".

Losiyə görə, 44.000 yaşlı canavar, ehtimal ki, nəsli kəsilmiş bir növə aid idi və müasir canavarlardan daha böyük idi. Araşdırmadan sonra elm adamları canavarın yetkin bir erkək olduğunu düşünürlər.

Çox güman ki, o, mamontların, yunlu kərgədanların, nəsli kəsilmiş atlar, bizon və maralların yaşadığı düz, soyuq bir mühitdə ovlanırmış. Bu heyvanların bəzilərinin qalıqları yəqin ki, hələ də canavarın mədəsində tapıla bilər. Daha çox məlumat əldə etmək üçün tədqiqatçılar canavarın mədə və həzm sistemindən nümunələr götürüb və nəticələrini gözləyirlər. Alimlər qeyd edirlər ki, istənilən naməlum mikroorqanizm gələcək dərmanların hazırlanmasında rol oynaya bilər.

Qlobal temperatur yüksəldikcə Yer kürəsinin əbədi donunun əriməsi ilə belə qədim canlıların daha çox ortaya çıxacağı ehtimal edilir. Məsələn, 2022-ci ildə aşkar edilmiş mükəmməl qorunub saxlanılmış bir körpə mamont hələ də müayinə mərhələsindədir.

Ancaq bu araşdırmalar bəzən problemlərə səbəb ola bilər. Belə ki, 2016-cı ildə Sibirin Yamal yarımadasında əbədi donun əriməsi bir vaxtlar donmuş maral cəsədindən qarayara xəstəliyinə səbəb olmuş, 36 nəfərə yoluxmuş və bir uşağın ölümünə səbəb olmuşdu.

Keçən il tədqiqatçı Jean-Michel Claverie Sibir permafrostunda tapdıqları 48.000 illik virusu canlandırdığını açıqlamışdı.

Yakutiya canavarının bağırsaqlarında tapılan hər hansı qədim virus və ya bakteriya tədqiqatçılara əbədi donmuş canlıların içərisində gizlənən mikrobları daha yaxşı başa düşməyə kömək edə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu