Britaniya Rusiya ilə əməkdaşlıq edən şəxslərin xarici agent kimi tanınmasını tələb edəcək

Böyük Britaniyada Rusiya dövləti adından fəaliyyət göstərən bütün şəxslər Xarici Təsirlərin Qeydiyyatı Sxemində (FIRS) qeydiyyatdan keçməlidirlər.
Bu barədə Böyük Britaniya parlamentinin İcmalar Palatasında (aşağı palata) çıxış edən daxili işlər nazirinin müavini Den Carvis bildirib.
“Mən bu gün elan edə bilərəm ki, xarici təsirlə mübarizədə biz xüsusi olaraq Rusiyaya diqqət yetirəcəyik" - deyən Jarvisin sözlərinə görə, Britaniya rəhbərliyi Rusiya dövlətinin başçısı, onun hökuməti, departamentləri və federal və regional hakimiyyət orqanları, o cümlədən silahlı qüvvələr, kəşfiyyat xidmətləri və hüquq-mühafizə, qanunvericilik və məhkəmə orqanları ilə əlaqəli bütün şəxslərin xüsusi siyahıda qeydiyyatdan keçməsini tələb etmək niyyətindədir. O bildirib ki, bu, Rusiyanın yaratdığı dövlət təhdidlərinin tam spektrinə cavab verməmizi təmin etmək üçündür.
"Biz həmçinin Rusiyanın nəzarətində olan bir neçə siyasi partiyanı, o cümlədən "Vahid Rusiya" partiyasını bu siyahıya daxil etmək niyyətindəyik. Bu o deməkdir ki, Rusiyanın bu qurumları ilə müqavilələr əsasında fəaliyyət göstərən istənilən fiziki və ya hüquqi şəxs FIRS-də qeydiyyatdan keçməli olacaq", - deyə Jarvis qeyd edib.