Uzaq, yaxın Nuru Əsgərov...
“Bir həftəyə yaxındır ki, Əhmədovlar ailəsi dəhşətli bir faciənin üzüntüsü, qəm-qüssəsi, hüznü içərisindədir. Arzuları yarı yolda qalmış balaca, nakam Samirin müxtəlif oyuncaqlar, rəngli karandaşlar və kağızlarla dolu otağına kimsə ayaq basa bilmir. Səhər, günorta və şam yeməkləri zamanı masa ətrafında onun boş qalmış yeri önünə də boşqab, stəkan-nəlbəki, çəngəl-qaşıq qoyulur...
Bu ağır itkidən qamətləri əyilmiş, dərddən qovrularaq qısa müddətdə 30-40 il qocalmış ata-ana, baba-nənə də daim həmin boşluğa boylanır, boğazlarından bir tikə çörək, bir içim su keçmədən göz yaşlarına boğulurlar.
Artıq faciə baş verib, həyatını itirən körpə balanı da geri qaytarmaq mümkün deyil! Lakin 7 yaşlı uşağı maşınla vurduqdan sonra ona kömək etmək, ilkin tibbi yardım göstərmək, xəstəxanaya çatdırmaq əvəzinə, qan içində qoyub namərdcəsinə qaçan sürücünün qanun qarşısında cəzalandırılması haqq-ədalətin bərpası ilə yanaşı, zərərçəkənlərin də dərdini yüngülləşdirə, biçarə valideynlərə təskinlik verə bilər...
Hörmətli oxucular! Mümkün deyil ki, sizlərdən kimsə həmin məşum hadisə anında oradan keçməyəsiz, uzaqdan da olsa maşının rəngini görməyəsiz... Elə isə redaksiyanın və milis idarəsinin telefonlarına zəng vurun, qorxmayın, sizin şəxsiyyətiniz gizli saxlanılacaq.”
Bu müraciət düz 38 il öncə - 1986-ci ildə Zaqatala rayonunun “Qırmızı Bayraq” qəzetində dərc olunmuş və aydın səmada şimşək, ildırım effekti yaratmışdı. Birincisi, ona görə ki, güc strukturları ilə xalq kütlələri arasında yeni münasibətlərin başlanğıc nöqtəsi idi - təsəvvürlərdəki yekəpər, rezin dəyənəkli sovet milisi kabusu tədricən humanist, mənəvi dəyərlərə söykənən asayiş keşikçisi obrazı ilə əvəzlənirdi. İkincisi, həmişə sadə insanlara yuxarıdan aşağı baxan hüquq-mühafizə orqanları bu dəfə “qara camaatı” bir az kobud da səslənsə, adam yerinə qoyub onlardan kömək istəyirdi. Üçüncüsü, mətn sanki bir nəfər yox, bir qrup tərəfindən - əsl hüquqşünas-əməliyyatçı, təcrübəli psixoloq, həm də peşəkar jurnalistin iştirakı ilə hazırlanmışdı. Təsirli sözlərlə durumun real təhlili, cümlələrdəki aydın məqsəd, səmimiyyət və kövrək notlar müraciətin cavabsız qalmayacağına əminlik yaradırdı... Və elə belə də oldu, o zaman 18-20 min tirajla yayılan qəzet abunəçilərə yetişən kimi redaksiyaya zəng gəldi: “Mən azyaşlının hansı maşınla vurulduğunu bilirəm, amma adım məxfi saxlanılsın!”
Və mən – Muğanlı məktəbinin IX sinif şagirdi, 15 yaşlı uniforma həvəskarı, rayon və respublika mətbuatında kiçikhəcmli yazıları işıq üzü görən bir yeniyetmə üçün həmin məqalənin sonundakı imza, daha doğrusu, poqonlu müəllifin təmsil etdiyi ümumittifaq yaradıcılıq təşkilatının adı çox maraqlı gəldi: Nuru Əsgərov, Zaqatala rayon Daxili İşlər Şöbəsinin baş müstəntiqi, milis kapitanı, SSRİ Jurnalistlər İttifaqının üzvü.
“Qırmızı Bayrağ”ın ştatdankənar müxbiri olduğumdan ayda 3-4 dəfə redaksiyaya baş çəkir, həm yazı təqdim edir, həm də mövzu seçimində məsləhətlər, tapşırıqlar alırdım. Bir dəfə baş redaktorumuz, gözəl ziyalı, indi artıq haqq dünyasında olan Sevil Sadıxovadan həmin şəxsin kimliyini soruşdum. “Yaxşı, savadlı, dünyagörüşlü yoldaşlardandır, müstəntiq vəzifəsinə Bakıdan təyinatla gəlib, əvvəl jurnalistika üzrə oxuyub, mətbuatda işləyib, sonra ali hüquq təhsili alaraq DİN sisteminə keçib” dedi.
Milis idarəsinin qalın, xoflu divarları arasındakı fəaliyyətindən xəbərim olmasa da, qəzetdə Nuru müəllimin məqalələri mütəmadi şəkildə dərc olunur və oxucular tərəfindən maraqla qarşılanırdı. “Hüquqşünasın tribunası” rubrikasında mövzu eyni – sovet insanının tərbiyəsi, qanunlara tabeçilik, cinayətdən və cinayətkarlıqdan uzaqlıq, halal zəhmətlə dolanışıq olsa da, problemə yanaşma rakursu, yazı manerası fərqli idi. Müstəntiq-yazar xüsusən gənclərin düz yoldan sapmamaları, zərərli vərdişlərdən çəkinmələri, sağlam cəmiyyətdə, mühitdə vətənə, xalqa layiqli övladlar səviyyəsində böyümələrindən ötrü çalışır, yorulmadan qələm çalırdı. Biz sonralar rayon səviyyəli tədbirlərdə görüşdük, müzakirələrə qatıldıq, yaxından həmsöhbət olduq. Deyirlər, insanın adı ilə xarakteri arasında müəyyən bənzərlik, oxşarlıq var, onun da çöhrəsinə, daxilinə bir nur, işıq yayılmışdı. İctimaiyyətə açıq məmur idi – jurnalist ünsiyyətcilliyi milis qapalılığını, özünütəcridi yaxına buraxmamışdı.
Zaqatala mühiti Əsgərovların xoşuna gəldiyindənmi, ya təsadüfdən Nurunun bacısı Bahar müəllimə də rayonumuza təyinat almışdı, məktəbimizdə kimya fənnini tədris edirdi. Ciddi, istedadlı, tələbkar pedaqoq idi. Bahar xanımın həyat yoldaşı (təəssüf ki, adını unutmuşam) tikinti trestlərinin birində iş icraçısı kimi çalışırdı. Asudə vaxtlarında əla stolüstü tennis oynadığı xatirimdə qalıb...
Ucqar rayonun milis şöbəsindəki iş şübhəsiz ki, Nuru Əsgərov səviyyəli bir mütəxəssis üçün xeyli kiçik, bir təcrübə, tramplin idi. Gənc kapitanda tezliklə respublikanın hüquq-mühafizə orqanlarının rəhbər vəzifələrinə yüksəlmək biliyi, bacarığı, potenasialı vardı. Amma təəssüf ki, bu arzular da ömrü kimi başa yetmədi, faciəli məlumat – onun məzuniyyətdə olarkən Bakıda dənizdə boğulub həyatını itirməsi xəbəri ailəsi, doğmaları ilə bərabər, bütün tanış-bilişləri də sarsıtdı.
...Mən neçə illərdir ki, bu məqaləni yazmaq, mərhum dostumuz qarşısındakı mənəvi borcumu ödəmək üçün vurnuxuram. Hətta Zaqatala polisi ilə əlaqə saxlayıb bəlkə kartotekada bir məlumat, fotoşəklin qalması ilə maraqlandım, aradan xeyli vaxt keçib, təəssüf ki, köməklik göstərə bilmədilər. Amma yalnız onun barədə yox, ümumiyyətlə yazılmayan məqalələri yekunlaşdırmaq lazımdır, çünki alnımıza yazılan yazılar da var, artıq 54-dəyəm, hər gün ömürdən gedir, dünyanı tutub durmayacağıq ki...
Uzun müddət bu sistemdə çalışan, hazırda isə təqaüddə olan ixtiyar yaşlı polis mayoru Ağabala Nəsirovla görüşəndə adıçəkilən şəxs və mövzu ətrafında söhbətləşdik. Ağabala müəllim mərhum kapitanı peşəkar hüquqşünas məqamında xarakterizə edərək, bağlı qalan bir çox işlərin onun təyinatından sonra açıldığını, cinayətkarların tapılıb məsuliyyətə cəlb edildiklərini, hətta iki nəfər günahsız şəxsin şübhə kolpaqından çıxaraq məsuliyyətdən azad olunduqlarını söylədi.
Nurunun dostluq elədiyi məmurlar sırasında o zaman Mühafizə şöbəsinin rəhbəri Maarif müəllimi və Yanğınsöndürmə idarəsinin rəisi Xanlar İsmayılovu təxmini bilirdim, amma onlar da çoxdan xidmətlərini başa vuraraq Zaqataladan gediblər. Bəlkə bu yazıdan sonra əlaqə saxlayarlar və növbəti dəfə daha geniş material hazırlanar.
İndi isə qoy bu kiçik qeydlər Azərbaycan polisinin 106-cı ildönümündə hər halda vəzifə başında olmasa da, işi ilə əlaqədar dünyasını dəyişmiş şəhid müstəntiqin pak ruhuna bir hədiyyə olsun!
Bir də... Bir də Əsgərovlar ailəsi mənim doğma, qədirdan, füsunkar Zaqatalamı təkcə övladlarının ömrünün qırıldığı yer deyil, həm də cismani yoxluğunun 38-ci ilində belə, fikrən xoş xatirələrlə baş-başa qaldığı bir məkan kimi qəbul eləsinlər...
Böyük sevgi və ehtiramla, Qurban CƏBRAYIL
“Mədəniyyət/Culture” jurnalının redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü