FETÖ-nün “taclı” fürsəti: Təşkilat Azərbaycana yeni layihələrlə gəlir




Qardaş Türkiyədə 2015-ci ildə onlarla insanın ölümü ilə nəticələnmiş dövlət çevrilişinə cəhddən sonra Azərbaycandakı dayaqları sarsıdılan FETÖ qruplaşması yenidən baş qaldırmaqdadır. Uzun illər boyu Fətullah Gülənin tərəfdarlarının yüksək mənsəb sahibi olduğu Azərbaycanda 2015-ci ilin iyulundan sonra təşkilatın dayaqları ciddi şəkildə sarsıdılmışdı. Belə ki, FETÖ-yə bağlı xeyli məmur vəzifəsindən alınmış, FETÖ maliyyəsi ilə fəaliyyət göstərən məktəblər bağlanmış, örgütdən maddi dəstək alan çoxlu sayda insan həbs olunmuşdu.



Lakin üstündən 4 il keçəndən sonra ötən ilin sonlarından etibarən FETÖ tərəfdarlarının Azərbaycanda yenidən, başqa-başqa adlar altında fəallaşması müşahidə olunmaqdadır. Onlar ölkə rəhbərliyinin 2018-ci il prezident seçkilərindən sonra başlatdığı siyasi, iqtisadi, kadr və struktur islahatlarından məharətlə istifadə edirlər. Belə ki, FETÖ-nün əsas adamlarından olan keçmiş deputat Ceyhun Osmanlı ötən ilin sonlarında Azərbaycan Yaşıllar Hərəkatı (Azerbaijan Green Movement) adlı partiya təsis edib. Onun özünün mətbuata verdiyi məlumatdan aydın olur ki, partiyası yalnız ekoloji məsələlərlə məşğul olmayacaq: “Yaşıllar deyəndə, bəzən ağla ilk olaraq ekologiya və təbiətin mühafizəsi gəlir. Lakin bunlarla yanaşı, yaşıl iqtisadiyyat, insan hüquq və azadlıqları, gənclərə dəstək, məşğulluq məsələləri, gender bərabərliyinin qorunması, iştirakçı demokratiya kimi məsələlər də Yaşılların fəaliyyət sahələrinə aiddir”.
Onun iddiasına görə, ölkədə gedən yeni islahatlar konsepsiyasının uğurla icrasına və yeni dünya nizamında Azərbaycanın mövqelərinin möhkəmlənməsinə yönələn kursa töhfə vermək Hərəkatın əsas məramlarındandır. C.Osmanlı bir müddət əvvəl ölkə prezidentinin iradəsi ilə müxtəlif siyasi partiyalarla hakimiyyət arasında başlanmış dialoq prosesindən də bəhrələnməyə çalışır. O, müxtəlif mətbu orqanlara müsahibəsində maraqlı fikirlər səsləndirib. Bildirib ki, “kimlərinsə kölgədə fəaliyyət göstərməyindənsə, açıq məqsəd-məramını bəyan edib dövlətin qanunları çərçivəsində çalışmaları daha səmərəli olardı”. C.Osmanlı prezident İlham Əliyevin fikirlərinə də istinad edib: “Prezident də qeyd etdi ki, siyasi partiyalara baxışlar və tələblər dəyişməlidir. Partiyaların hansı ideoloji yükü daşıdığı, nə işlə məşğul olduğu, kimləri təmsil etdiyi, hansı platforma ilə çıxış etdiyi aydın bilinməlidir”.
FETÖ-nün Azərbaycandakı əsas adamlarından olan Elnur Aslanovun örgütün ölkəmizdə yenidən fəallaşmasının əsas təşkilatçısı olduğu bildirilir. Türkiyə mətbuatının da diqqətini cəlb edən fəallaşmanın əsas hərəkətverici qüvvəsinin də məhz o olduğu deyilir. Belə ki, qardaş ölkə mediasında Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya təminatı şöbəsinin sabiq müdiri Elnur Aslanovun parlament seçkilərində Milli Məclisə bir neçə adamını keçirə bildiyi qeyd olunur.
Qeyd edək ki, növbədənkənar parlament seçkiləri ərəfəsində C.Osmanlı da yenidən namizəd olacağını açıqlamışdı. Lakin seçkilər zamanı nədənsə namizədliyini vermədi. Onun partiyasının yaxın zamanlarda qeydiyyata alınacağı gözlənilir. Bildirilir ki, iqtidarda yeni olan bəzi vəzifəlilər Türkiyə-Azərbaycan münasibətlərinin həssaslığının fərqinə varmadan, Ceyhun Osmanlıya yaşıl işıq yandırırlar.
Türkiyə mətbuatının yazdığına görə, Elnur Aslanov, Ceyhun Osmanlı və Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri olmuş Fərhad Məmmədov tez-tez görüşərək hakimiyyət daxilində irəliləmək üçün planlar qururlar.
Qeyd edək ki, Prezident Administrasiyasından çıxarılandan sonra Elnur Aslanov Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdi. 2016-cı ildə nazirlikdə tutduğu postdan azad edildikdən sonra onun FETÖ-nün ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Ukraynadakı biznesini idarə etməyə başladığı bildirilir.
Türkiyə mətbuatı bildirir ki, Elnur Aslanov artıq nazir postuna iddialıdır və yenidən gənclərlə işləmək arzusundadır. Gənclər üzərində nəzarəti ələ almaq istəyən Elnur Aslanov ölkədə siyasi gücə çevrilmək istəyir. Bu prosesdə ona gənclər və idman nazirinin müavini İntiqam Babayevin yaxından dəstək verdiyi bildirilir. Digər FETÖ-çülərdən fərqli olaraq 2015-ci ildə vəzifəsini qorumağa nail olmuş İ.Babayevin gənclərlə iş sahəsində koordinatorluq etdiyi bildirilir.
Qeyd edək ki, koronavirus pandemiyasının yaratdığı iqtisadi çətinliklər bir sıra media quruluşlarını çətin duruma salıb. Onsuz da məhdud olan reklam bazarı kəskin azalıb. Bu isə xeyli sayda KİV-i gəlirlərdən məhrum edib. Əldə etdiyimiz məlumata görə, FETÖ-çülər məhz bu amildən yararlanmaq niyyətindədirlər. Örgütün maliyyə dəstəyi ilə yaxın zamanlarda bir neçə saytın, həmçinin internet TV layihələrinin işə salınmasına ciddi hazırlıqlar gedir. Artıq maddi durumları pisləşən media orqanlarında çalışan bir sıra jurnalistlərə, tanınmış imza sahiblərinə müvafiq təkliflərin edildiyi və razılıq alındığı deyilir. Aydın məsələdir ki, bu jurnalistlər açılan saytların, internet TV-lərin hansı qaynaqlardan maliyyələşdiyini bilmirlər. İndiki böhran şəraitində yüksək əmək haqqını hər media orqanı, internet resursu verə bilmir. Buna görə də FETÖ tərəfdarlarının rahatlıqla öz layihələrinə tanınmış imzaları cəlb edə biləcəkləri şübhə doğurmur.
Verilən məlumata görə, yeni fəaliyyətə başlayacaq sayt və internet TV-lərin əsas hədəfi FETÖ-yə qarşı barışmaz mövqeyi ilə tanınan şəxslər olacaq. Bu şəxslər barədə davamlı olaraq böhran və qaralama kampaniyalarının təşkil olunacağı, FETÖ ilə bağlarına görə vurulan şəxslərin müsbət imicdə cəmiyyətə sırınacağı planlaşdırılır. Baş verən bəzi olaylar artıq bu prosesin başladığını da deməyə əsas verir.
Qeyd etmək yerinə düşər ki, Türkiyə hökuməti özünə qardaş bildiyi Azərbaycanda FETÖ-nün yenidən aktivləşməsini gözardına almayacaq. Buna görə də yaxın zamanlarda məsələnin ən azı iki ölkənin hüquq-mühafizə orqanları səviyyəsində müzakirə olunacağı realdır.
P.S. Türkiyə mediasında Azərbaycanda gedən “dirilmə” prosesinə dəstək verən nazirdən bəhs edilir. Həmin nazirin kimliyi ilə bağlı AFN-ə bəzi məlumatlar verilsə də, dəqiqləşdirmə aparılması mümkün olmadığı üçün bu istiqamətdə araşdırmalarımız davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu