Ermənilərlə informasiya savaşı: Hökumət bunun üçün imkanlar yaratmalıdır - ŞƏRH
"Hökumət hansısa formada Azərbaycan həqiqətlərini beynəlxalq aləmə çatdırmaq üçün ictimai fəallar, ekspertlər, media qurumları üçün imkanlar yaratmalıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkələrin məhdudlaşdırılmasından danışarkən deyib. Osman Gündüz bildirib ki, 2014-2016 və sonuncu Tovuz ətrafında gedən döyüşlərdə sosial media vasitəsi ilə həqiqətə uyğun olmayan məlumatlar yayılıb: "Sosial mediada çaşqınlıq yaratmaq üçün istifadə halları olurdu. Həm düşmən ölkə, həm də onların xüsisi xidmət orqanları tərəfindən bizim sosial mediada müxtəlif mesajlar yaymaqla bir ruh düşkünlüyü yaratmaq kimi hallar olub. Çox güman ki, Azərbaycanda hərbi vəziyyətin tələblərinə uğyun olaraq hökumət sosial medianın məhdudlaşdırılmasına qərar verib. Bu anlaşılandır. Yəni, əvvəllər Votsapda səslər, videolar yayılırdı. Hamısı da yalan. İndi görürük ki, belə məlumatlar, səslər yoxdur. Bu baxımdan bunun müsbət tərəfləri də var. Amma beynəlxalq aləmdə anti-Azərbaycan dairələrinin hərəkətlərini müşahidə edəndə görürük ki, orada Azərbaycanla bağlı böhtan, qarayaxma, həqiqətə uyğun olmayan xeyli sayda yazılar çoxalıb. Çünki onlara cavab verəcək yazıların sayı biz tərəfdən bir qədər azalıb. Yəni, yazıların altında rəylər yoxdur. Ona görə hökumət hansısa formada ictimai fəallar, ekspertlər, media qurumları üçün imkanlar yaratmalıdır. Çünki bu anti-Azərbaycan quvvələrinin də cavabını vermək lazımdır. Azərbaycan həqiqətlərini, müharibə ilə bağlı həqiqətləri beynəlxalq ictimaiyyətə çadırmaq lazımdır və buna ehtiyac var. Bu sahədə potensialı olanlar beynəlxalq aləmə Azərbaycan həqiqətlərini çatdıra bilsinlər".
Politoloq Azər Qasımlıya görə isə problem daha çox sosial şəbəkə ilə bağlıdır: "Bunun da səbəbi aydındır. Məsələnin həssas tərəfi hərbi vəziyyətlə bağlıdır. Mən bunu informasiya savaşı deyil, hansısa hərbi məlumatların açıqlanması, yaxud da əhalini həyacanlandıran hansısa məlumatın aktiv şəkildə yayılması və s. hesab edirəm. Düşünürəm ki, daha çox bunun qarşısı alınıb. İnformasiya savaşı nədir? Dövlət olaraq dünya ictimaiyyətinə, eləcə də daxildə hansı məlumatlar yaymaq və yaxud nəyə nail olmaq istəyirsənsə siyasətini də ona uğyun qurmalısan. Bu, dövlətə aid məslələdir. Dövlət özü qərar verməlidir ki, hansı məlumatları nə vaxt yayacaq. Savaş gedən ölkədə azadlıqlar məhdudlaşdırıla bilər. Bu normaldır".