"Elektron məhkəmə” nəyi dəyişəcək? - ŞƏRH
"Elektron məhkəmə” sistemi məhkəmə baxışlarının uzadılmasına imkan verməyəcək".
Qaynarinfo xəbər verir ki, bunu "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
Onun fikrincə, məhkəmə iştirakçıları, yaxud da hansısa bir məhkəmə işi ilə bağlı məhkəmənin gedişi zamanı xeyli zəruri informasiyalara ehtiyac yaranır:
"Bu səbəbdən də hakimlər bir çox hallarda, məsələn, kiminsə əmlakı, kiminsə sərhəd keçməsi, vergi borcu və ya şəxsi maşını haqqında məlumatı dəqiqləşdirmək üçün məhkəməni yarımçıq saxlayaraq aidiyyatı dövlət qurumuna yazılı sorğu göndərir və onun cavabından sonra məhkəmə davam etdirilirdi. İndiyədək yalnız çox az sayda qurumlardan real vaxt müddətində məlumat almaq mümkün idi. Bir çox dövlət qurumları müxtəlif bəhanələr, təhlükəsizliklə bağlı problemlər sayğısızlıq səbəbindən E-məhkəmə sisteminə inteqrasiyaya tələsmirdilər. Amma bu ilin sonundan etibarən demək olar ki, bütün əhəmiyyətli mərkəzi icra qurumlarının informasiya sistemləri E-məhkəmə informasiya sisteminə inteqrasiya olunmalıdır. Bu isə o deməkdir ki, hakimlər birbaşa məhkəminin gedişində, real vaxt müddətində təsdiqlənmiş-rəsmi informasiyalar əldə edə biləcək. Bununla bağlı Prezident 1 iyun 2020-ci il tarixində ""Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərman imzalayıb. Fərmana görə mərkəzi icra qurumlarına 6 ay vaxt verilib ki, öz bazalarını E-məhkəmə informasiya sisteminə inteqrasiya etsinlər. Eyni zamanda Baş Prokurorluq və Ədliyyə Nazirliyinin də müvafiq sistemləri bura inteqrasiya olunmalıdır”.
Osman Gündüz E- məhkəmə-yə inteqrasiya olunacaq qurumların siyahısını qeyd edib. Onlar aşağıdakılardır:
DİN
İqtisadiyyat Nazirliyi
NRYTN
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Təhsil Nazirliyi
DSX
DİM
"Azərsu”,
"Azərişıq”
"Azəriqaz”
Mərkəzi Bank və s.
Osman Gündüz vurğlayıb ki, məhkəmə iştirakçılarının E-məhkəmə sistemindən istifadəsi "Vahid məhkəmə portalı” və onun tərkib hissəsi olan elektron kabinet vasitəsilə həyata keçirilir:
"İstifadəçilər "Vahid məhkəmə portalı” vasitəsilə açıq sənədlərlə tanış ola, Vahid Giriş Sistemi özlərinə aid sənədləri əldə edə, ödənişlər və digər əməliyyatlar həyata keçirə bilərlər. "Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” 2014-cü il fevralın 13-də Prezident Sərəncam imzalayıb. Bu məqsədlə Dünya Bankı və Azərbaycan Hökuməti (Ədliyyə Nazirliyi) arasında 2014-cü ildə Müqavilə imzalanıb. Bildiyim qədər layihənin dəyəri 200 milyon $ olub. Layihə bu il başa çatmalıdır. Ötən müddət ərzində bir xeyli işlər görülüb, bir neçə infomasiya resursları yaradılıb (e-mehkeme.gov.az, courts.gov.az və s.) Bəzi proseslərdə özüm də iştirak etmişəm. Layihənin icrası ilə bağlı proseslərdə BestComp, Eurodesign, İT Solitions, Bakinity kimi İT şirkətlərimiz iştirak edib”.
Osman Gündüzün fikrincə, məhkəmə sisteminin rəqəmsallaşması ilə bağlı işləri yetərli hesab etmək olmaz:
"Məhkəmələrin bir çoxu hələ də bu sistemə qoşulmayıb, daxili sənədləşmədə kağızdan istifadə üstünlük təşkil edir, məhkəmə iştirakçıları arasındakı əlaqələr tam rəqəmsallaşmayıb, hazırlanan mövcud resursları monitorinq etdikdə görmək olar ki, elə də təkmil deyil və s. Ümid edirik ilin sonuna məhkəmə sistemi tam rəqəmsallaşacaq”.