Nepalda meksikalı turistlərin olduğu vertolyot qəzaya uğrayıb: 6 nəfər ölüb


Nepalda Everest dağı yaxınlığında əcnəbi turistlərin olduğu helikopterin qəzaya uğraması nəticəsində 6 nəfər həlak olub.


AFN.az "PA Media"ya istinadən xəbər verir ki, helikopter Lamacur bölgəsində qəzaya uğrayıb. Ərazi üzrə baş hökumət administratoru Basanta Bhattarainin sözlərinə görə, həlak olanların bütün cəsədləri çıxarılaraq helikopterlə daşınıb.

Nepal Mülki Aviasiya İdarəsinin məlumatına görə, beş turistin hamısı - iki kişi və üç qadın Meksika vətəndaşı, pilot isə Nepal vətəndaşı olub.

Turistlər dünyanın ən hündür zirvəsinə ekskursiya etdikdən sonra səhər saatlarında paytaxt Katmanduya qayıdırmışlar.

Saqar Kadel hava limanının sözçüsü bildirib ki, hava şəraiti ilə əlaqədar helikopterin planlaşdırılan uçuş marşrutunda dəyişiklik edilməli olub.

Adətən musson mövsümündə güclü yağışlar səbəbindən uçuşlar gecikir və marşrut dəyişdirilir.

Turizm və alpinizm mövsümü may ayında yağışlı mövsümün başlaması ilə başa çatıb və ilin bu vaxtında görmə qabiliyyətinin zəif olması və gözlənilməz hava şəraiti səbəbindən dağlara turist reysləri daha az olur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu