Tərtərdə evi dağılan vətəndaş 1000 manatlıq təzminatı ala bilmir - FOTOLAR


“Ötən il oktyabrın 5-də Ermənistanın Tərtəri bombalaması zamanı evimə iki mərmi düşüb. Ev qəzalı vəziyyətə düşüb, yaşamaq mümkün deyil. Onsuz da çiy kərpicdən tikilmişdi, darmadağın olub, yağış da qalanını yuyub aparır. Bütün əşyalarımız daxil hər şey sıradan çıxıb. 16 metrlik hasarım yox vəziyyətindədir. O vaxtdan ailəmlə qohumların evlərinə sığınmışam”.



Bunu “Qafqazinfo”ya Tərtərin Yuxarı Sarıcalı kənd sakini Qoşqar Allahverdiyev bildirib. Q. Allahverdiyevin sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları evə baş çəkərək akt tərtib ediblər. Şikayətçi iddia edir ki, mənzili qəzalı vəziyyətə düşsə də, evi üçün “yüngül təmir” yazılıb: “FHN-nin əməkdaşları gəlib evimdə olublar və akt tərtib ediblər. Sonda mənə dedilər imza et, mən də savadsız adamam, oxumadan imzalamışam. Sonradan bilmişəm ki, yararsız hala düşmüş evə “yüngül təmir” yazılıb. O vaxtdan da heç bir xəbər yoxdur. Mən özüm də 2-ci qrup əliləm, 5 nəfərlik ailəyə baxıram. Məcbur olub anamgilin evinə köçmüşük. Onların da evləri 4-5 il əvvəl yanmışdı, köməkləşib bir otaq tikmişdilər, pəncərələrinə “klyonka” tutub yığışmışıq. İndi 11 nəfər bir otaqda paltarla yatırıq”.

Şikayətçi həmçinin bildirib ki, Ermənistanın təcavüzü nəticəsində ziyan dəymiş yaşayış evləri üzrə hər ailəyə 1000 manat məbləğində ödəniş olunsa da, həmin ödənişdən də kənarda qalıb.

Problemlə bağlı Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bildirildi ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən təşkil olunan komissiya tərəfindən Q. Allahverdiyevin evinə baxış keçirilib: “Vətəndaşın evində “yüngül təmir” deyil, əsaslı bərpa-gücləndirmə işlərinin görülməsilə bağlı qərar verilib. Bunun üçün smeta sənədləri əsasında kifayət qədər məbləğdə vəsait də müəyyən olunub. Ev təmir deyil, əsaslı bərpa olunacaq”.

Ziyan dəymiş yaşayış evlərinə görə ailələrə verilməli olan kompensasiyaya gəlincə, Tərtər Rayon İcra Hakimiyyətindən saytımıza deyilib ki, bu barədə məlumatsızdılar. RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov qeyd edib ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti ilə əlaqə saxlayın.







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu