Tərtər sakinləri dağılmış evlərinə görə kompensasiya ala bilmirlər – ŞİKAYƏT/VİDEO


Vətən müharibəsində ən çox zərər çəkmiş bölgələrimizdən biri Tərtər rayonudur. Hazırda rayonda dağılmış evlərin bərpası istiqamətində müəyyən işlər getsə də, sakinlərin bir qismi onların problemi ilə heç kimin maraqlanmadığını deyir və dəymiş zərərlə bağlı kompensasiya ayrılmamasından şikayətçidirlər. AFN-ə daxil olan şikayətlər də məhz bu istiqamətdədir.


Müraciət edən sakinlərdən biri Nəriman Mirzəli Kəlbəcər rayonundan olan məcburi köçkündür. O bildirib ki, 44 günlük müharibədə evləri yaşanmaz hala gəldiyinə görə hazırda Tərtər rayonunda Bəyimsarov kəndinin orta məktəbində qalırlar: “İcra başçısına dəfələrlə müraciət etsək də, komissiya gəlir, elə evlər var ki, 12 min manat, bəzilərinə 1000 manat verir. Məmurlar bizə zülm edir. Cənab prezidentin ayırdığı kompensasiya bizə çatdırlmır. İcra başçısı deyir ki, kimə şikayət edirsiz, edin”.

Müraciət edən sakinlərdən biri də Kəmalə Niftalıyevadır. Ailəsi ilə birgə Tərtər rayonu Fəxxrəddin Orucov adına Seydimli kənd orta məktəbində məskunlaşıb. Kəmalə xanım qeyd edir ki, 44 gün müharibə müddətində iki ailənin evi dağıldığı üçün Bərdədə məktəbdə, bu ailə isə evi dağıldğı üçün yolların kənarında yaşayıblar: “Həmin iki ailə və mənə Tərtərin Seydimli kəndi orta məktəbində sığınacaq veriblər, orda yaşayırıq. Mənim evim Seydimli kəndində idi. Bu sığınacaqda olan digər iki ailə var ki, onlara konpensasiya verilib, bizim isə nə evlərə baxılır, nə konpensasiya verilir. Heç maraqlanan da yoxdur. Noyabrın 14-dən buradayıq. Öz büdcəmiz hesabına dolanırıq. Bir neçə təşkilatdan yardım olmuşdu. Ancaq Prezident sərəncam imzalayıb ki, evi dağılmış və ya qəzalı vəziyyətdə olan ailələrə 6 min manat, şəxsi əşyalarına dəymiş ziyanla bağlı hər ailə üzvünə 1500, digər ziyan dəymiş yaşayış evləri üzrə hər ailəyə 1000 manat veriləcək. Bu qərardan sonra heç kim bizimlə maraqlanmadı və dedilər onsuz da prezident sizə pul verir, yardım edəcək. Bizim ailə 4 nəfərdən ibarətdir. Bizə nə kart, nə də pul ödənilməyib. Mən müharibə dövründə İcra Hakimiyyətinə müraciət etdim, dedilər müharibədən sonra sığınacaqlar təşkil olunacaq. Sonra da icra hakimiyyətində çalışan Elvin müəllim bizi buraya gətirib. Ondan sonra maraqlanan olmayıb”.
Saleh Məmmədov isə deyir ki, 27 sentyabrdan indiyədək sığınacaqlardadır: “70-dən çox yaşım var. Top mərmisi düşəndən sonra gəldilər, baxdılar. Dedilər kommissiyanın işindən razısızmı, dedik razıyıq. Çıxıb getdilər. Sonra mən dəfələrlə dövlət orqanlarına, Prezidentə, Milli Məclisə, Baş nazirə müarciət etdim. Yaxın günlərdə gəlib bizim evə baxdılar. Mən əşyalarla bağlı bildirdikdə dedilər ki, biz əşya vermirik. Mən onlara xatırlatdım ki, Prezidentin əhaliyə dəymiş ziyanla bağlı sərəncamı var. Mənə cəmi min manat pul veriblər. Deyirəm ki, mən 6 min manat istəmirəm, evimdə 15 adda məişət əşyası sıradan şıxıb. Düşən mərminin biri mənim mətbəximə düşüb, gəlin onu dəyərləndirin. Sonra həmin məktublardan biri icra başçısına gəlib və o da bildirdi ki, bərpa olunacaq. Yerlərdəki məmurlar bizə heç bir kömək eləmir”.

Digər sakin Xatirə Hüseynova bildirib ki, Bərdə rayonunda sığınacaqda olublar, sonra Tərtərdə adıçəkilən məktəbdə məskunlaşıblar : “Bizə dedilər təmir qrupu gələcək. Dekabr ayında dedilər Bakıdan komissiya gəlib. Noyabrın 6-da mərmi düşüb və bizim evimiz dağılıb. ANAMA gəlib onu zərərsizləşdirdi. Mənim evdən başqa əlavə tikililərim, təsərrüfatım da dağılıb. Oğlum da döyüşdə olub. Həmin iki oğlumla məktəbin bir küncündə qalmışam. Mən prokurorluqda, İcra Hakimiyyətində, digər təşkilatlarda oldum. Komissiya gəldi, dedilər 2-ci dərəcəli ağır qəzalı vəziyyətdə olan evdir. İçində hər bir şəraitim var idi. Bildirdilər ki, inşaat komissiyası gələcək, necə var təmir edəcəyik. Dedilər təzminat ayrılacaq. Təzminat da ayrıldı, ancaq indi inşaat qrupu çağırıb deyir ki, 15 dəfə evimə baxış keçiriblər. Ancaq indi evin ünvanı ilə bağlı problemlər ortaya çıxır. İstərdik təzədən komissiya gəlsin. Deyirlər siz qol çəkməyəydiniz, sizi aldadıblar”.

Məsələ ilə bağlı Tərtər rayon İcra Hakimiyyətinin Sənədlərin və Vətəndaşların Müraciətləri ilə iş şöbəsinin müdiri Svetlana Əzizova AFN-ə açıqlamasında bildirdi ki, Nazirlər Kabineti tərəfindən ayrılmış işçi qrupu tərəfindən yerlərdə dağılmış evlərə baxış keçirilir: “Sonra onların tərtib etdiyi, aktlar, blanklar Nazirlər Kabinetinə təqdim olunur. Nazirlər Kabinetindən rayon icra hakimiyyətinə təsdiq olunmuş siyahı gələndə vətəndaşlara kart sifarişi verilir. Hələ ki, bizə təsdiq olunmuş siyahı gəlməyib. Qiymətləndirməyə gəldikdə isə icra hakimiyyəti onların işinə müdaxilə eləmir. Çünki ona Nazirlər Kabinetinin göndərdiyi işçi qrupu baxır. Fövqəladə Hallar Nazirliyinin ixtisaslı mütəxəssisləri baxış keçirir. İcra hakimiyyətinin komissiyası baxış keçirmir. İcra hakimiyyətinin yerli icra nümayəndələri sadəcə olaraq bələdçilik edib evin yerini göstərirlər. Biz Nazirlər Kabinetinə göstəriş verə bilmərik. Siyahı təsdiq olunub gələndə bizim işimiz odur ki, kart sifariş verək”.

NİGAR




































AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu