Yeni "Boz kardinal" – Mikayıl Cabbarov hazırda bütün ölkə iqtisadiyyatına təkbaşına rəhbərlik edir


Azərbaycanda ölkə Prezidentinin inanaraq yüksək vəzifələrə gətirdiyi şəxslərin az sonra özlərini fövqəlqüvvə görmək istəyinə düşməsi praktikası tez-tez rast gəlinən haldır. Vaxtilə mərhum Prezidentimiz Heydər Əliyevin etimadından yararlanaraq ölkənin idarəçiliyi sisteminə kök salmış Ramiz Mehdiyevin fəaliyyəti hamıya məlumdur. Azərbaycanın Boz Kardinalı adlandırılan bu şəxs hakimiyyətin bütün qollarına öz adamlarını yerləşdirməklə idarəetmə sisteminə elə dərin nüfuz etmişdi ki, onun toxuduğu bu toru hələ də axıradək təmizləmək mümkün olmayıb.


Dövlətçilik fəlsəfəsindən, təcrübəsindən məlumatlı olan hər kəs bilir ki, hansısa qüvvələrin dövlət idarəetməsində şəriksiz üstünlüyə sahib olması çox tezliklə mənfi fəsadlar doğurur. Ramiz Mehdiyevin timsalında Azərbaycan xalqı, dövləti belə fəsadı artıq yaşayıb. İndi isə yenidən hakimiyyət daxilində böyük qruplaşmanın formalaşmasının şahidi olmaqdayıq. Söhbət bir neçə il əvvəl “gənc və perspektivli” kadr kimi tanıdılan iqtisadiyyat naziri Mikayıl Cabbarovdan gedir. Azərbaycanda ən geniş səlahiyyətlərə malik nazirliyə rəhbər təyin olunan cənab Cabbarov üzərinə qoyulan çox mühüm vəzifələrin icrasında canfəşanlıq etməkdənsə, digər mərkəzi icra hakimiyyəti orqanlarını özünə tabe etməyə daha çox diqqət yetirir.

2019-cu ildə Vergilər Nazirliyi, Dövlət Əmlak Komitəsi kimi hər biri kifayət qədər böyük olan qurumlar İqtisadiyyat Nazirliyinə birləşdirilib, başına M.Cabbarov gətiriləndə bir çoxları onun Fazil Məmmədovdan sonra vergi orqanlarında həyata keçirdiyi dəyişiklikləri rəhbərlik edəcəyi digər sahələrdə də tətbiq edəcəyini gözləyirdilər. Elə nazir təyinatından az sonra dövlət televiziyasına müsahibəsində Cabbarov özü də çox iddialı danışmışdı: “Cənab prezidentin tapşırıq və göstərişlərinə uyğun olaraq işimizi quracağıq. İqtisadi inkişaf tempinin xüsusilə qeyri-neft sektorunda sürətləndirilməsi, kiçik və orta biznes üçün şəraitin daim təkmilləşdirilməsi, azad rəqabət mühitinin təmin edilməsi kimi vəzifələr və hədəflər qarşımızda durur. Növbəti həftələr ərzində qarşımızda duran əsas məsələlərdən biri “həmin hədəflərə necə çatmaq olar” sualına cavab olacaq”.

Cabbarov qeyd edib ki, bazar iqtisadiyyatının rəqabət prinsipləri əsasında inkişafı üçün antiinhisar qurumların fəaliyyəti gücləndiriləcək: “Azad rəqabət prinsipinin təmin edilməsi üçün bütün iqtisadiyyatlarda antiinhisar qurumlar fəaliyyət göstərir. Bu qurumun əsas məqsədi azad rəqabətin qorunmasıdır. Çünki rəqabət olduğu şəraitdə biznesin məhsuldarlığı artır, istehlakçının hüquqları daha aydın qorunur. Bizim iqtisadiyyatda bəzi hallarda hələ də antiinhisar sahəsində problemlərlə rastlaşırıq. Bu özünü müxtəlif amillərdə – ilk növbədə qiymətlərin nizam-intizamının pozulmasında, bazara çıxışın məhdudlaşdırılmasında büruzə verir. Ona görə də, başlıca vəzifələrimizdən biri antiinhisar orqanının fəaliyyətini gücləndirmək, onu zəruri mütəxəssislərlə təmin etmək, çatışmayan qanunları qəbul etmək, mövcud qanunvericiliyin tətbiqini gücləndirməkdir”.

Nazir yeni postda sahibkararlara, investorlara müraciət də edib: “Sahibkarlara, iş adamlarına dostluq və dost münasibəti təklif edirik. Dostluq ikitərəfli yoldur. Sahibkarın problemi olduğu halda İqtisadiyyat Nazirliyinin borcudur ki, onların problemlərini dinləyib həll etsin. Sahibkar da müvafiq olaraq dost kimi üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Vergiləri ödəməli, işini şəffaf qurmalıdır. Cənab Prezident dediyi kimi, başqa öhdəlikləri yoxdur. Biz bu dostluğa sadiq olacağımıza söz veririk. Sahibkarları da buna dəvət edirik”.

Bu iddialı danışıqdan ilyarımdan çox vaxt keçib. Amma M.Cabbarovun rəhbərlik etdiyi antiinhisar fəaliyyəti üzrə ən vacib sənəd olan Rəqabət Məcəlləsi hələ də qəbul olunmayıb. Dövlət satınalmalarında şəffaflığın “ş” hərfi belə təmin edilməyib. Əksinə, İqtisadiyyat Nazirliyinin tabeliyinə verildikdən sonra bir çox sahələrdə şəffaflıq, hesabatlılıq daha da azalıb.

Prezident İlham Əliyevin iqtisadiyyat naziri təyin olunması münasibətilə onu qəbul edərkən səsləndirdiyi fikirlər göstərir ki, M.Cabbarova böyük etimad var. Və gözləntilər də bu etimaddan məhz ölkə iqtisadiyyatının ağır problemlərinin həlli məqsədilə yararlanılacağı idi. Lakin müşahidələr və hakimiyyət daxilindən gələn məlumatlar göstərir ki, Cabbarov ona olan etimaddan daha çox özünə komanda yığmaq üçün bəhrələnir. Yuxarıda biz R.Mehdiyevin hakimiyyət qollarına nüfuzundan boşuna bəhs etmədik. Məsələ burasındadır ki, M.Cabbarov faktiki olaraq hakimiyyətin yeni Boz kardinalına çevrilməkdədir. Redaksiyamıza daxil olan məlumata görə, hazırda dövlət qurumlarında orta və yüksək vəzifələrə təyinat bilavasitə M.Cabbarovla razılaşdırılmaqla həyata keçirilir – bunu etməyən qurum rəhbərləri nazirin müxətlif təzyiqləri ilə üzləşirlər. Bundan əlavə, M.Cabbarovun Prezidentin etimadından sui-istifadə edərək, öz vəzifələrinin icrasında çətinliklərlə üzləşmiş yüksək vəzifəli məmurların Prezident və Birinci-vitse-prezidentlə təkbətək görüşünə imkan vermir. Bir çox hallarda işini vicdanla görmə istəyərkən maneələrlə üzləşən məmurlar ölkə rəhbərliyindən zəruri dəstəyi ala bilmirlər – çünki öz çətinliklərini ona çatdırmağa imkan verilmir. Xüsusilə əhalinin kütləvi narazılığına səbəb olan hadisələr, proseslərlə bağlı ölkə rəhbərliyinin vaxtında məlumatlandırılması sahəsində məhz M.Cabbarovun yaratdığı maneələrlə üzləşən yüksək vəzifəli məmurlar arasında ciddi narazılığın yarandığı bildirilir. Belə proseslərdən biri hazırda əlillik təyinatı, əlilliyin ləğvi ilə bağlı gedir. Müxtəlif rayonlardan redaksiyamıza daxil olan məlumatlarda yerlərdə səhiyyə müəssisələrinin ağır şəkər xəstələrinə “forma-88” deyilən sənədi verməkdən imtina etdikləri bildirilir. Eyni zamanda anadagəlmə ürək qüsurlu uşaqların əlilliyi ləğv edilir. Verilən məlumatlarda o da qeyd olunur ki, bu prosesin təşəbbüskarı M.Cabbarovdur. Proses büdcə vəsaitlərinə qənaət məqsədilə saxta əlilliklərin qarşısının alınması adlandırılsa da, reallıqda faktiki əlil olan şəxslərin əlilliyinin ləğvi halları getdikcə artır. Daha acınacaqlısı Vətən Müharibəsində yaralanan qazilərə əlillik təyinatı ilə bağlı baş verənlərdir. Bu şəxslərə əlillik dərəcəsi olduğundan daha aşağı təyin edilir, yaxud proses əsassız yerə uzadılır. Müxtəlif ictimai şəxslər bütün bunların səbəbkarı kimi M.Cabbarovu göstərirlər.

Qeyd edək ki, M.Cabbarov son illərdə çoxlu sayda yaxın adamlarının yüksək vəzifələrə təyin olunmasına nail ola bilib. Bunlardan biri Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin (İH) sədri Mətin Eynullayevdir. O, M.Cabbarovla “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində bir yerdə işləyib, orada sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışıb. Nəzərə alsaq ki, AİH Azərbaycanın bütün böyük dövlət şirkətlərinə rəhbərliyi və nəzarəti həyata keçirir, onda M.Cabbarovun haralara qədər nüfuz etdiyini təsəvvür etmək elə də çətin olmaz.

Son aylarda iri dövlət şirkətlərinin bir çoxunda müşahidə şuraları yaradılır. SOCAR-ın Müşahidə Şurasının sədri bilavasitə M.Cabbarovun özüdür. Bir neçə qurum üzrə bu vəzifə isə onun daha bir yaxın adamı, hazırkı müavini Elnur Əliyevə həvalə edilib. E.Əliyev vaxtilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Mikayıl Cabbarovun köməkçisi kimi fəaliyyət göstərib. M.Cabbarov Təhsil naziri təyin olunduqdan sonra Elnur Əliyev Nazirliyin informasiya şöbəsinin müdiri vəzifəsinə gətirilib. O, eyni zamanda bir müddət Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini və müdir əvəzi olub. Bakı Dövlət Universitetinin məzunu olan E.Əliyev Vergilər Nazirliyində də Mikayıl Cabbarovla birgə çalışıb. 2017-ci ildə M.Cabbarov Vergilər naziri təyin ediləndə, E.Əliyev onun müşaviri vəzifəsinə gətirilib.

Xatırladaq ki, dövrü mətbuatda yayılan xəbərlərdə Elnur Əliyevin Mikayıl Cabbarovun həm də yaxın qohumu olduğu bildirilir.

Bunlardan əlavə, Xarici işlər naziri Ceyhun Bayramov, Mənzil İnşaatı Dövlət Agentliyinin rəhbəri Sadiq Sadiqovun da iqtisadiyyat nazirinin komandasına daxil olduğu qeyd edilir.

Beləliklə, aydın olur ki, sahibkarların problemlərini öyrənib onu aradan qaldırmaq, inhisarçılara qarşı mübarizə aparmaq, vergidənyayınmanın qarşısını almaq, dövlət əmlakını idarə etmək, istehlakçıların hüquqlarını qorumaq kimi əksqütblü funksiyaları əlində cəmləyən M.Cabbarov bu çox böyük miqyaslı vəzifələrin icrasından vaxt tapıb hakimiyyət daxilində öz komandasını da formalaşdırmaqdadır. Yəqin qeyd etdiyimiz sahələrdə 2019-cu ilin oktyabrından bəri ciddi bir islahatın, dəyişikliyin qeydə alınmamasının əsas səbəbi də buradadır – hakimiyyətdaxili intriqalardan vəzifə səlahiyyətlərinin icrasına vaxt tapmamaqda...

Səbuhi QAFAROV



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu