Respublika Psixiatriya Xəstəxanası yeniyetmənin intihara cəhd məsələsinə münasibət bildirib


Son günlər yeniyetmənin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının damından özünü ataraq, intihar edəcəyi barədə bəzi sosial şəbəkələrdə video yayılıb.


Xəstəxanadan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yayılan videoda məlumatların həqiqəti əks edib-etməməsini yoxlayarkən müəyyən olunub ki, görüntülər təxminən 20 gün öncə paytaxtın Xətai rayonu ərazisində yerləşən binalardan birinin damında çəkilib:

“Həmçinin, bildiririk ki, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında belə hündür bina mövcud deyil və dam örtükləri şiferdəndir”.

Qeyd edək ki, bir neçə gün əvvəl Xətai rayonu, 3 saylı uşaq evinin yeniyetmə sakini Məhəmməd Hacıyev video paylaşaraq uşaq evinə gətirilən ərzaqların onlara verilmədiyini iddia edib. Daha sonra o, qardaşının razılığı ilə Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Bakı şəhəri, Xətai rayonu,3 saylı uşaq evinin yeniyetmə sakini barədə sosial şəbəkələrdə yayılan məlumata dair açıqlama yayıb.

Açıqlamada bildirilib ki, Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının rəhbərliyi, eləcə də M.Hacıyevin həkimi ilə mövcud vəziyyət və diaqnoz barədə müvafiq danışıqlar aparılıb:

"Bununla yanaşı M.Hacıyevin qardaşı Əli Hacıyev Komitəyə dəvət olunaraq məsələ ilə bağlı, eləcə də, Ə.Hacıyevin də vaxtilə həmin müəssisənin məzunu olduğu nəzərə alınaraq müsəssisənin fəaliyyəti barədə söhbətlər aparılıb.

Məlumat üçün bildiririk ki, 3 saylı uşaq evinin yeniyetmə sakini öz qardaşının razılığı ilə 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib və hazırda müalicə alır.

Klinikaya yatırılması haqqında qərar hər iki qohumunun onun psixi vəziyyəti ilə bağlı fikirləri, tibb kitabcasındakı müalicə tarixcəsi, həmçinin müvafiq sahənin mütəxəssisi tərəfindən ( kənardan dəvət olunmuş ) yeniyetmənin özünün yoxlanılmasından sonra , qısa müddətli müalicə alması üçün verilib.

Müalicədən sonra yeniyetmənin qardaşı onu öz himayəsinə götürməsi ilə bağlı müraciət edəcəyini bildirilib.

Vaxtilə uşağı himayəyə götürən ailə və 3 saylı uşaq evi ilə əlaqə saxlanılaraq mövzu barədə söhbət aparılıb".

Məlumatda qeyd edilib ki, mövzunun həssaslığı nəzərə alınmaqla konfidensiallığın qorunması məqsədilə ictimaiyyətin məlumatlandırılmasında müəyyən məhdudiyyətlərin tətbiq edilməsi zəruridir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu