İlkin niyə özünü Diaqnostika Mərkəzindən atıb? - AÇIQLAMA




Respublika Diaqnostika Mərkəzi dünən xəstəxananın 5-ci mərtəbəsindən özünü yerə atan xəstə ilə bağlı rəsmi məlumat yayıb.



Açıqlamada qeyd olunub ki, dünya statistikasına əsasən, xroniki böyrək çatışmazlığından əziyyət çəkən və böyrək transplantasiyası icra olunmuş xəstələrin 25%-i ağır depressiv vəziyyətdə olur. Bununla bərabər, aparılan ciddi statistik araşdırmalara görə, xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin 21%-də suisidial cəhdlər qeydə alınır. Bu səbəbdən də, böyrəkköçürmə əməliyyatından əvvəl hər bir xəstə və donoru psixiatr müayinəsindən mütləq şəkildə keçir. Elə xəstə İlkin Gülməmmədov da müraciət etdiyi zaman psixiatr qəbulunda olub:

“43 yaşlı xəstə martın 1-də müayinə olunmaq üçün xəstəxanaya müraciət edən zaman bütün zəruri müayinələrdən, həmçinin psixiatr baxışından keçib. Sentyabrın 23-də xəstə əməliyyat olunaraq ona böyrək köçürülüb. Oktyabrın 5-i normal vəziyyətdə evə yazılıb.

Xəstənin əməliyyatla bağlı bütün xərcləri Səhiyyə Nazirliyi tərəfindən ödənilib.

O, aldığı immunsupressiv (immunitet sisteminin zəifliyi) müalicə ilə bağlı bir sıra narahatlıqlar yaşadığından yenidən müayinə olunması üçün oktyabrın 9-da xəstəxanaya yerləşdirilib. Həmin tarixdən noyabrın 7-nə kimi aparılan müalicə nəticəsində xəstənin ümumi vəziyyətində yaxşılaşma müşahidə olunub. Xəstənin laborator göstəriciləri və əməliyyatdan sonra köçürülmüş böyrəyinin vəziyyəti normal və qənaətbəxş idi. O, xəstəxanada müalicədə olduğu müddət ərzində, həmçinin intihar hadisəsinin baş verdiyi gün də ailə üzvləri ilə görüş olub. Yaxın günlərdə evə yazılması planlaşdırılırdı”.

Qeyd edək ki, pasient Gülməmmədov İlkin noyabrın 7-də müalicə olunduğu xəstəxananın 5-ci mərtəbəsinin pəncərəsindən özünü yerə atıb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu