Vergidən azad olunma taxılı baha qiymətdən qoruyacaqmı? - MÜZAKİRƏ


Ölkə başısı tərəfindən Vergi Məcəlləsinə bir sıra dəyişikliklər edilib. Dəyişikliklə buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha üç il vergidən azad edilib. Qeyd edək ki, sözügedən məhsullar 2017-ci ilin yanvarın 1-dən dörd il müddətinə vergidən azad olunmuşdu. Bundan başqa, dəyişiklik kəpəyin istehsalı və satışına da şamil olunub. Bu məhsul 2019-cu ilin martın 1-dən iki il müddətinə vergidən azad edilmişdi. Hazırkı dəyişikliklə bu müddət daha üç il uzadılıb. Bu dəyişiklik istehsal və bazar qiymətlərinə, o cümlədən sahibkarlığın inkişafına necə təsir edəcək?




Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev AFN-ə açıqlamasında bildirdi ki, ölkə başısı tərəfindən Vergi Məcəlləsinə edilən bu dəyişiklik un məhsullarının qiymətinin azalmasına təsir edəcək, həm də bahalaşmanın qarşısını alacaq: “Eləcə də bu, sahibkarlığın inkişafına geniş imkanlar yaradır. Dəyişikliyin əsas mahiyyəti bundadır. İndi bunun tətbiqi imkan verir ki, sahibkarlıq inkişaf etsin. Bizim ərazilərin bir hissəsi işğal altında idi. Həmin torpaqlar məhsuldar torpaqlardır və ölkə başçısı da bildirib ki, biz bu il 25 min hektar sahədə əkin aparmalıyıq. Artıq 7 min hektardan çox sahədə əkin aparılıb. Bundan sonra 100 min hektar sahədə suvarılma aparılmalıdır, gələcəkdə burada taxılçılıq inkişaf etdirilməlidir. Rəqəmlər var ki, həmin torpaqlardan ermənilər 150 min ton taxıl götürüblər, bu az rəqəm deyil”. Millət vəkilinin sözlərinə görə, bu gün ölkədə istehsal edilən taxıl müəyyən qədər ətrzaq təhlükəsizliyini təmin edir: “Ancaq xaricdən idxal olunan məhsullar həm un, həm kəpək üçün faydalıdır, yerli buğda istehsalının artırılması üçün əhəmiyyətlidir. Buna baxmayaraq, biz mütləq taxılçılığı inkişaf etdirməliyik. Bunun üçün perspektiv layihələr var. Toxumçuluğun yaxşılaşdırılması, yeni toxum sortlarının əldə edilməsi, məhsuldarlığın artırılması, taxıl sahələrinin genişləndirilməsi nəzərdə tutulur. Torpaqlar işğal altında olduğuna görə idxala üstünlük verilirdi. O torpaqlarda bərpa işləri başa çatdırıldıqdan sonra orada taxılçılıq da inkişaf etdiriləcək və Azərbaycan özünün taxıl təminatını tam ödəyə biləcək”. Taxıl Fondunun fəaliyyətinə də toxunan millət vəkili bildirdi ki, bu, dövlətin ehtiyat fondudur: “Ağcabədidə yaradılıb və 3 min ton taxıl ehtiyatı var. Fond hər an istifadə edilə bilməz, çətin bir vəziyyətdə, təbii fəlakət olarsa, taxılçılığa böyük ziyan dəyərsə, bu fonddan istifadə edilməlidir. Fondun məhsulu daimi, qorunan məhsuldur, biz müharibə vəziyyətində olduq və əgər hansısa qıtlıq yaransaydı, məsələn, çörəklə bağlı o fonddan istifadə edilə bilərdi. Ümumilikdə isə bu tədbirlər unun qiymətinin aşağı salınması, sahibkarlığın inkişafı üçündür”.



İqtisadçı-ekspert Rövşən Ağayev isə bu fikirdədir ki, yeni dəyişiklik sahibkarlığın inkişafı ilə bağlı məsələ deyil: “Bu onunla bağlıdır ki, dünyada taxılın qiymətində artım var. Azərbaycan da öz taxıl ehtiyacının təxminən yarısını, 50 faizini idxal edir. Ona görə də hökumət məcbur olur ki, beynəlxalq birjalardakı taxılın qiymət artımının ölkədaxili qiymətlərə təsirini azaltmaq üçün ən azı gömrük vergi rüsumlarından azad etsin. Bunun məqsədi bazara çörəyin qiymətinin artımına təsirini neytrallaşdırmağa hesablanıb. Ümumilikdə doğru addımdır, bir halda ki, Azərbaycan öz ehtiyaclarını daxili istehsal hesabına təmin edə bilmirsə, bu halda idxal taxılının bahalaşmasının qarşısını bir formada almalıdır. Bunun yolu kimi bazara müdaxilə edib qiymət artımının qarşısını ala bilməz, bununla qiymət artımın qarşısını almağa çalışılır”.
Qarabağda taxıl əkininə gəldikdə isə ekspertin fikrincə, işğaldan azad olunmuş ərazilərdə torpaq ehtiyatının dörddə üçü daha çox örüş- biçənək üçün əlverişlidir: “İlk məlumatlara görə, azad olunmuş ərazilərdə əkin torpaqları kimi dörddə birindən söhbət gedir. İndi mütəxəssislər qiymətləndirmə aparırlar. O torpaqların hamısında taxıl əkiləsi deyil, başqa məhsul da əkiləcək. Ancaq hətta taxıl əkilsə belə, indiki məhsuldarlıqla hesab edirlər ki, idxaldan asılılığı ən yaxşı halda 10-15 faiz azaltmaq mümkün olacaq. O torpaqların hamısında taxıl əkilsə belə, yenə Azərbaycan taxıl ehtiyacının 30 faizini idxaldan əldə edəcək. Bunun səbəbi isə odur ki, bizdə məhsuldarlıq aşağıdır. İnkişaf etmiş Avropa ölkələri, hansı ki, sənaye ölkələridir, onlarda aqrar sektoru sənaye üsulu ilə inkişaf etdiriblər, o ölkələrdə taxılın məhsuldarlığı ən azı 65-70 sentnerə çatır. Azərbaycanda isə iki dəfə aşağıdır. Daha çox sahə əkməkdənsə məhsuldarlığı artırmalıyıq. Kənd təsərrüfatı mütəxəssisləri deyə bilər ki, məhsuldarlığı 65 sentnerə çatdırsaq, asılılıqdan qurtara bilərikmi. Bu, zaman məsələsidir, bir-iki ilə həll olunası deyil. Ancaq ümumilikdə vergidən azad olunma bahalaşmanın qarşısını almalıdır”.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu