Peyvəndlənən heyvanlar qırılır - Nazirlikdən açıqlama: "Heç kimi vaksinasiyaya məcbur etmirik"

Bu barədə AFN.az-a Beyləqan rayonu, Birinci Şahsevən kənd sakini Əliyeva Qiymət Həsən qızı bildirib. Onun sözlərinə görə, noyabrın axırlarında kəndin Tərlan adlı texnikinin təkidindən sonra 180 baş xırdabuynuzlu heyvanı çiçək xəstəliyinə qarşı peyvənd etdiriblər: “Bizə dəfələrlə dedi ki, çiçək xəstəliyi yayılıb, təcili heyvanları peyvənd etmək lazımdır. Biz də onun sözünə inanıb etdirdik. Təxminən 10-12 gün sonra heyvanlar xəstələndi, hər səhər tövləyə girəndə bir neçə heyvanın öldüyünü görürük. Artıq 40-a yaxın qoyun-quzu tələf olub, neçəsi xəstədir. 20 ildir təsərrüfatla məşğulam, hələ nə bir dəfə peyvənd etdirmişəm, nə də belə kütləvi xəstəlik, ölüm olmayıb heyvanlarım arasında”.
Q.Əliyevanın sözlərinə görə, heyvanları peyvənd etdirdikdən sonra Tərtərdə yaşayan yaxın qohumuna da məsləhət görüb: “O da mənim sözümə inanıb peyvənd etdirdi, onda da eynilə bizdəki kimi, peyvənddən sonra heyvanlar xəstələnib ölməyə başladı”.
Beyləqan Rayon Baytarlıq İdarəsinin rəisi Nizami Bayramova müraciət etdiklərini deyən şikayətçi bildirib ki, o, hadisəyə heç bir reaksiya verməyib: “Oğlum zəng elədi, dedi ki, gəlib baxacağıq. Günlərdir heyvanlar qırılır, xəstəlik getdikcə artır heyvanların arasında, amma baytarlıqdan gəlib maraqlanan olmayıb”.
N.Bayramov AFN.az-a açıqlamasında işçilərinin artıq hadisə yerinə gedib araşdırma apardıqlarını bildirdi. Qeyd edək ki, şikayət redaksiyamıza dekabrın 22-də daxil olub. Elə həmin gün idarə rəisi ilə əlaqə saxlamışıq. Ondan araşdırmanın nə vaxt aparıldığını soruşduqda isə bildirdi ki, işçiləri artıq yoldadırlar, hadisə yerinə baxış keçirməyə gedirlər. Gün sonunda Q.Əliyeva təkrar redaksiyamızla əlaqə saxlayaraq, Baytarlıq İdarəsinin əməkdaşlarının təsərrüfata baxış keçirdiklərini dedi: “Sizin zənginizdən sonra nəhayət gəlib tövləni dezinfeksiya etdilər, ölmüş və xəstə heyvanlardan analiz götürdülər. Bildirdilər ki, nümunələr Bərdəyə göndəriləcək, analizin nəticələri bizə bildiriləcək. Mütəxəssislər deyirlər ki, heyvanlar çiçək xəstəliyindən ölürlər. Bəs bu peyvənd niyə işə yaramayıb?”
Kənd Təsərrüfatı Nazirliyindən AFN.az-ın sorğusuna cavab olaraq heyvanların peyvənddən ölmə ehtimalının 0-a bərabər olduğu deyildi. Qurumun mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov bildirdi ki, peyvəndləmə könüllüdür: “Biz heç kimi heyvanlarını peyvəndləməyə məcbur etmirik. Vətəndaş özü könüllü müraciət edir, peyvəndləmə aparılır”. V.Hüseynov qeyd etdi ki, peyvəndləmə, ümumiyyətlə baytarlıq xidmətləri 80 faiz özəlləşdirilib.
Mövzunu diqqətdə saxlayacağıq.