Milli informasiya resurslarına adi bir "sayt", "veb səhifə", sosial resurs kimi yanaşmaq doğru deyil
"TV Musavat" və "SəsTV"-nin youtube kanallarına, ondan əvvəl isə "ToplumTV"-yə edilən də kiber hücumlar müzakirə mövzusudur.
AFN.az xəbər verir ki, İT üzrə mütəxəssis Osman Gündüz yüz minlərlə ziyarətçisi olan bir milli youtube kanalımızın bir anda sıradan çıxarılmasını informasiya sahəsində milli maraqlarımız üçün ciddi təhlükə olaraq dəyərləndirib. Onun sözlərinə görə, müşahidələr göstərir ki, milli resurslarımıza qarşı kiberhücumlar artıb və bu resurslar bir anda kiberhücumla ələ keçirilə bilir. Mütəxəssis qeyd edib ki, son zamanlar milli resurslarımıza qarşı bu tip kiberhücumlar xeyli artsa da, müvafiq dövlət qurumlarından adekvat addımlar müşahidə edilmir: "Aidiyyatı qurumlar gərək kiber hücumdan öncə, profilaktiki işləri, kibertəhlükəsizliklə bağlı zəruri addımları atsınlar. Bu məsələlərdə RİNN Elektron Təhlükəsizlik Xidməti qeyri-dövlət sektorunda cavabdeh qurumdur. Bu qurumun qlobal resursların administrasiyası ilə əlaqələri güclü olmalıdır, baş verənlərə anında reaksiyalar verilməlidir. Həmçinin mənim fikrimcə, MEDİA da bu məsələlərə, bu sahədə kadrların peşəkarlığının artırılmaslna, redaksiyaların kiber təhlükəsizliklə bağlı potensialının gücləndirilməsinə diqqət yetirməlidir". Mütəxəsssis qeyd edib ki, həmin resurslarının sahibləri də bu məsələlərə ciddi yanaşmalıdırlar.
Bəs bu hal baş verdikdən sonra nə etmək lazımdır?
O.Gündüzün sözlərinə görə, milli resurslara qarşı artıq kibercinayət baş veribsə, o zaman digər müvafiq dövlət rurumları anında buna reaksiya verməlidirlər: "Bununla bağlı qanunvericilikdə, qoşulduğumuz beynəlxalq konvensiyalarda yetərincə müddəalar nəzərdə tutulub. Rəsmi açıqlamalar olmalıdır.Amma bunlar müşahidə olunmur. Ölkənin informasiya təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edən milli informasiya resurslarımıza qarşı bu cür sayğısızlıq yolverilməzdir. Milli informasiya resurslarına adi bir "sayt", "veb səhifə" , adi bir sosial resurs kimi yanaşmaq heç bir halda doğru deyil.
Uzun illər boyu formalaşan, nəhəng informasiya ehtiyatına malik olan, yüz minlərlə auditoriyası olan, informasiya azadlığının reallaşmasına kömək edən, ictimai fikrin formalaşmasına təsir edən bu informasiya resursları dövlət üçün çox mühüm əhəmiyyət kəsb edir. Ümid edirəm ETX, DTX, DİN, CERT və digər qurumlar milli informasiya resurslarının təhlükəsizliyinin qorunması sahəsində səylərini gücləndirəcəklər".