Pandemiyadan əvvəlki 4 ildə turist səfəri baxımından Azərbaycanda “ərəb baharı” yaşandı - Cəfər Qarayev (MÜSAHİBƏ)

Hazırda bütün dünyada turizm sektoru covid pandemiyasından sonrakı bərpa dövrünü yaşayır. Bir çox ölkələr demək olar ki, artıq bu sürəci tamamlayıb, bəzilərində isə proses davam edir. İndi turizmin inkişafını özü üçün prioritet elan edən ölkələr arasında yeni istiqamətlər və turistlər əldə etmək uğrunda mübarizə gedir.
Azərbaycanda vəziyyət necədir, pandemiyadan əvvəlki nəticələrə çata bilirikmi? “Zakher Travel” şirkətinin direktoru Cəfər Qarayevin AFN.az-a müsahibəsində bu və ölkə turizminin hazırkı vəziyyətinə, mövcud problemlərə dair bir çox suallara cavab tapmaq mümkündür.
– Sizcə, hazırda Azərbaycanda turizm sahəsində durum necədir, postpandemiya dövründə bərpa prosesi necə gedir?
– 2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyi yaradılandan turizm sahəsində çalışıram. Bir müddət dövlət qurumunda, hazırda isə özəl sektordayam. Azərbaycanda turizm yüksələn xətt üzrə 2019-cu ilə qədər inkişaf etdi. Koronavirus pandemiyası bütün dünyada olduğu kimi bizdə də bu sahənin inkişafını ləngitdi. Ölkədə quru sərhədlər bağlandı, bir çox ölkələrlə vizasız rejim ləğv olundu. Pandemiyadan sonrakı dövrdə, yəni son 2 ildə getdikcə artım var, amma müəyyən bazarlarda da itirmə var. Bu da əsasən quru sərhədlərin bağlı olması ilə əlqədardır. Azərbaycana quru sərhədlərdən əsasən Rusiyadan, Naxçıvan vasitəsilə Türkiyədən, Gürcüstandan və İrandan turistlər gəlirdi. Bunları birmənalı olaraq itirdik. Hazırda 50 faizə yaxın azalma var.
Son 6 ayda Azərbaycana 920 min nəfər xarici vətəndaş gəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40 faizə yaxın artımdır. Lakin ayrılıqda ölkələrin göstəricilərinə baxanda müəyyən istiqamətlərdə itirmə var. Belə ki, 920 minin yarısını – 480 minini iki ölkə təşkil edir – Rusiya 303 min, Türkiyə 166 min. Yerdə qalan 440 min digər ölkələrin payına düşür. Bunun da 83 mini Yaxın Şərq ölkələrinin, 72 mini Mərkəzi Asiyanın, 71 mini İranın, 45 mini Gürcüstanın, yerdə qalan say isə digər ölkələrin payına düşür. 2008-ci ildən Azərbaycana ən çox xarici vətəndaş Rusiyadan gəlir. Məlumdur ki, bunlar da sırf rusiyalı turistlər deyil, orada yaşayan həmyerlilərimizdir ki, onlar da əsasən hotellərdə yox, öz evlərində qalırlar, yəni hotel sferası bundan yararlana bilmir.
Ümumiyyətlə, statistikaya baxsaq görərik ki, 2008-ci ildən bu yana Azərbaycana turist gələn ölkələr içərisində 4 ölkə - Rusiya, Türkiyə, Gürcüstan və İran dominantlıq təşkil edir. Sadəcə, yerlər dəyişib, əvvəllər Türkiyə 4-cü yerdə idi, indi ikincidir. Yəni bu ölkələrdən gələnlərə sırf turist kimi baxmaq da düzgün deyil. İranla həm quru sərhədlər bağlıdır, həm də dövlətlərarası münasibətlər gərgindir. Bu səbəbdən də oradan gələn demək olar ki, yoxdur.
– Bayaq qeyd etdiniz ki, 6 ayda Azərbaycana Yaxın Şərq ölkələrindən 83 min turist gəlib. Bu sayı hansı vasitələrlə artırmaq mümkündür? Hər kəsə məlumdur ki, ərəb turistlər getdikləri ölkələrdə yaxşı pul xərcləyirlər...
– 2015-ci ilin sentyabr ayından Azərbaycana çoxsaylı İraq vətəndaşları gəlməyə başladı. Bu da onunla bağlı idi ki, bu ölkənin Bağdad və bir neçə digər şəhəri ilə birbaşa reyslər açılmışdı, sadələşmiş viza rejimi idi. Həmin ilin dekabrında Birləşmiş Ərəb Əmirliyi vətəndaşları üçün də birbaşa hava limanında viza verilməsi qaydası tətbiq olundu. Həmin tarixdən bu ölkənin vətəndaşları da Azərbaycana axın etməyə başladı. 2016-cı ilin fevralından isə ölkə başçısının fərmanı ilə 5 Körfəz ölkəsi – Səudiyyə, Qatar, Kuveyt, Oman və Bəhreyn vətəndaşları üçün də hava limanında viza rejimi tətbiq olundu. Beləliklə, 2016, 2017, 2018 və 2019-cu illərdə turist səfəri baxımından Azərbaycanda “ərəb baharı” yaşandı. Məhz bu illərdə biz gördük ki, turist kimdir, necədir. Bütün ölkə ərazisi ərəb turistlərlə dolub-daşdırdı. 2020-ci ildə pandemiya düşdü və bu sahədə hər şey sıfırlandı.
2019-la 2022-nin göstəricilərini nəzərdən keçirdikdə turist sayında 50 faiz azalma olduğunu görürük. 2023-cü ilin ilk 6 ayının rəqəmləri isə göstərir ki, azalma 35 faizə düşüb. Rəqəmlərlə desək, 2019-cu ilin ilk 6 ayında 1 milyon 400 min xarici turist gəlmişdisə, 2023-cü ilin 6 ayında bu rəqəm 920 min nəfərdir. Bu da onu göstərir ki, sektor özünü hələ tam bərpa edə bilməyib. Hesab edirəm ki, bu sahədə çalışan hər kəs, dövlət qurumları, özəl sektor əl-ələ verməliyik, müəyyən güzəştlər tətbiq etməliyik, müxtəlif ölkələrlə çarter reysləri açmalıyıq ki, Azərbaycan turizmi özünü daha tez bərpa etsin, 2019-dakı rəqəmləri yeniləyək.
– Deyirsiniz 2008-ci ildə Azərbaycana hansı ölkələrdən daha çox turist gəlirdisə, indi də həmin ölkələr üstünlük təşkil edir vətəndaşının gəlişinə görə. Sizcə, yeni bazarları niyə əldə edə bilmirik?
– Biz yuxarıda qeyd etdiyim bu 4 ölkəni təbii ki, bazar olaraq qoruyub saxlamalıyıq. Amma yeni bazarlar da əldə etməliyik. Bu istiqamətdə işlər gedir də. Hazırda Cənubi Asiyadan, xüsusilə də Hindistan və Pakistandan turist sayına görə ötən illə müqayisədə 200 faiz artım var. Hindistan çox böyük bazardır. Onlar əvvəllər digər ölkələrdən tranzitlə gəlirdilər bizə. Hazırda birbaşa reyslər açılıb Hindistana. Təbii ki, bu ölkələrdən gələnlərin əksəriyyəti aşağı və orta seqmentdir. Dövlət səviyyəsində aparılan müxtəlif təbliğat, təşviqat işlərinin nəticəsidir bu uğur. Artıq Hindistandan gəlib burada öz korporativ tədbirlərini, iclaslarını, seminarlarını Azərbaycanda keçirirlər. Bir konfrans turizmi destinasiyası kimi Azərbaycan artıq bu sahədə öz sözünü deyir. Hesab edirəm ki, bu istiqamətdə davamlı olaraq yatırımlar etmək lazımdır və Hindistanın müxtəlif şəhərlərinə birbaşa uçuşların təşkili vacibdir. Son 5 ildə Səudiyyə Ərəbistanından, Omandan, İraqdan gələn turistlərin sayında artım var. İraqdan gələn turistlərin sayında yüz minlərlə artım var idi. 2019 və 2022-nin rəqəmlərinə baxsaq, 98 faiz azalma var bu ölkədən gələnlərin sayında. Səbəb də odur ki, İraq vətəndaşlarına hava limanında viza alınması qaydası ləğv olundu. Onlar artıq Azərbaycana gələ bilmirlər, çünki viza əldə edə bilmirlər.
– Bu yaxınlarda İraq Kürdüstan Regionunun rəhbəri Bərzani ölkəmizdə səfərdə olanda Azərbaycan Prezidenti ilə görüşdü. İlham Əliyev görüşdə iki ölkə arasında turizm imkanlarının artırılması, birbaşa aviareyslərin və Azərbaycanın İraqın Kürdüstan regionunda baş konsulluğunun açılacağı ilə bağlı anonslar verdi. Bu tədbirlər itirdiyimiz turst sayını bərpa edə biləcəkmi, sizcə?
– Kərküklə hava əlaqələrimiz var idi, sadəcə, viza rejimi ləğv olunduğu üçün viza əldə edə bilmirdilər. İraq bizim üçün böyük bazardır. Əgər viza rejimi sadələşərsə, birbaşa reyslər bərpa olunarsa, biz İraq turistlərini yenidən qaytara bilərik. Onlar xüsusilə də 4 ulduzlu hotellər seqmentində gəlirlər.
– Bizim dərin və ağrılı problemlərimizdən biri də xidmətin keyfiyyəti ilə bağlıdır. Bu problem nə vaxt öz həllini tapacaq?
– Bizim kadr yetişdirən həm ali təhsil, həm də peşə təhsili ocaqlarımız var. Hər il yüzlərlə tələbə bu təhsil müəssisələrindən məzun olur. Lakin xidmət sektorunda təcrübə də önəmlidir. Bunun üçün turizm müəssisələrində çalışanların müxtəlif treninqlərdə iştirakı da vacibdir. Mən dövlət qurumunda çalışanda 10 il Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq çərçivəsində oranın təhsil şöbəsinin əməkdaşları gəlib ildə bir neçə dəfə burada bölgələrdə və paytaxtda fəaliyyət göstərən hotellərin əməkdaşlarına təlimlər keçirdilər. Bu təlimlər çox əhəmiyyətli idi. Mehmanxana əməkdaşları təlimlərdə ödənişsiz olaraq iştirak edirdilər, çox şeylər öyrənirdilər. Təəssüflər olsun ki, 4 ildir bu təlimlər dayandırılıb. Bu sahədə böyük bir boşluq var.
– Sizin şirkət vasitəsilə gələn turistlərdən xidmət barədə şikayət edən olurmu? Və daha çox hansı regionlardan gəlir belə şikayətlər?
– Turistləri göndərərkən daha çox problem olmayacaq regionları seçirik. Quba, Qəbələ rayonlarında və Şahdağda turistlərimiz heç bir problemlə qarşılaşmır. Şahdağdakı hotellərə adətən qışda daha çox satış edirik. Yay mövsümündə isə Quba və Qəbələdəki hotellərlə çalışırıq. Buradakı hotellər xarici vətəndaşları 5 ulduz səviyyəsində qəbul etmək potensialına malikdirlər. Kanat xətlərinin, uşaq əyləncə mərkəzlərinin və digər əlavə xidmətlərin olması buranı turistlərə maraqlı edir. Restoran seçimi çoxdur, artıq bu sahə də formalaşır. Əvvəllər ikili menyu daha çox idi, hesabı əllə yazıb gətirirdilər, indi artıq müasir texnologiyadan istifadə edib turistə qəbz təqdim edirlər.
– Turizmin inkişafının yazılmamış bir qanunu var: turist gəldiyi ölkədən elə məmnun gedir ki, növbəti ildə ailəsini, dost-tanışını da yığıb özü ilə gətirir. Belə turistləriniz varmı?
– Bu ən gözəl təbliğat növüdür. Və elə də böyük xərc tələb etmir. Sadəcə, turistə yüksək xidmət göstərirsən. Bizim belə turistlərimiz çoxdur. Hazırda Qatar və Birləşmiş Ərəb Əmirliyi vətəndaşlarına vizasız rejim tətbiq olunur. Bizim illərdir tanıdığımız ailələr var, hansı ki, biz onlara Azərbaycan aşiqləri deyirik, öz ailələri ilə hər il 2-3 dəfə buradadırlar. Özləri də bütün hotelləri tanıyırlar, seçimlərini də edirlər. Bu ölkələrlə məsafəcə yaxınlığımız, ləziz mətbəximiz, qiymətlərin əlçatan olması, bölgələrdə havanın temperaturunun onların öz ölkələri ilə müqayisədə aşağı olması da öz sözünü deyir. Üstəlik, regionlara getməyə də az vaxt sərf olunur. Bunların hamısı turisti məmnun edən cəhətlərdir. Bakıdan Qubaya 2 saat yarımlıq yoldur. Müqayisə üçün deyim ki, Tiflisdən Batuma 5 saata gedirlər. Üstəlik, ölkədaxili nəqliyyat da bizdə çox ucuzdur. Bakıda 8 saatlıq tur üçün turist cəmi 60 manat ödəyir. Bizim işlədiyimiz heç bir ölkədə belə qiymət yoxdur. Qonşu Gürcüstanda bu qiymət 70-80 dollardır. Türkiyədə günü 100 dollardan aşağı maşın yoxdur. Bu sahədə qiymətlər 2015-ci ildən eynidir, dəyişməyib. Əslində şirkət olaraq bu bizə xeyirdir. Amma maşın sahibləri üçün ziyandır. Bu, eyni zamanda Azərbaycanı ucuz destinasiya kimi tanıdır.
– Turistlərə əlavə xidmət kimi nə təqdim edirsiniz? Məsələn, deyirsiniz ki, 2 gün Bakıda qalırlar, sonra regionlara göndəririk. Paytaxtda hansı turları təklif edirsiz?
– İndi turistləri əyləndirmək üçün o qədər yeni texnologiyalar, əyləncə vasitələri çıxıb ki, bunlarsız turisti məmnun etmək çətindir. Bizdə “Şahdağ” turizm mərkəzində onlardan biri qurulub, koster deyilən bir əyləncədir. Dünyanın bütün turistik zonalarında bunlardan var. Turistlər də bura gələndə bu əyləncələrdən istəyirlər. Biz illərdir eyni şeyləri təklif edirik. Artıq turisti məmnun etmək üçün əlavə daha müasir əyləncə vasitələri tapmalıyıq.
Bakıya gələn turistləri Abşeron turlarına aparırıq. Əvvəlcə təbii ki, Şəhidlər xiyabanını, Bakının gəzməli-görməli yerlərini ziyarət edirlər. Daha sonra Yanardağa, Atəşgaha, Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksinə və s. səfər edirlər.
– Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə əsasən deyə bilərik ki, Səudiyyə Ərəbistanından gələn turistlərin sayında da bir xeyli azalma var. Bunun səbəbi əsasən nə ilə bağlıdır?
– Səudiyyə Ərəbistanının təxminən 40 milyon əhalisi var. Bu ölkənin vətəndaşları yay olanda uzunmüddətli səfərə gəlirlər Azərbaycana. Ötən ilin ilk 6 ayında 83 min nəfər təkcə bu ölkədən turist gəlmişdi. Amma çox təəssüf ki, bu ilin 6 ayında biz cəmi 71 min turist qəbul etmişik bu ölkədən. Bu da 24 faiz itirmə deməkdir. Omanla da vəziyyət eynidir. Bunun da səbəbləri var. Birinci səbəb odur ki, ötən dövrdə Səudiyyə Ərəbistanının Ər-Riyad, Ciddə, Damman, Mədinə və s. şəhərlərinə birbaşa çarter reysləri vardı. Səudiyyə ərazicə çox böyük ölkədir, hər kəs orada paytaxta gəlib uça bilmir. Onlar üçün çox əlverişli idi ki, evindən çıxırdı, gəlirdi hava limanına, birbaşa uçurdu Bakıya. Reyslər arasında müddət də az idi, hər 3-4 saatdan bir uçuş vardı. Onlar 2-3 həftə, 1 ay qalırdılar burada. Biz onları hər ərəb turistin getmədiyi yerlərə aparırdıq. Yəni hər turist Balakənə, Zaqatalaya, Göygölə, Lənkərana getmir. Uzunmüddətli gəldikləri üçün biz onları ənənəvi marşrutlardan əlavə, bu rayonlara da aparırdıq ki, həm Azərbaycanı daha çox tanısınlar, həm də vaxtlarını səmərəli keçirsinlər. Hazırda Səudiyyənin 3 şəhəri ilə hava əlaqəsi mövcuddur, həm də az sayla. Üstəlik, Ciddə reysləri yalnız dini turizm məqsədilə istifadə olunur, özü də üçüncü bir ölkə istifadə edir. Azərbaycan bu reyslərdən yararlana bilmir, biz bu reyslərlə turist gətirə bilmirik. Çünki üçüncü bir ölkədən dindarlar gəlir Bakıya, gedirlər Ciddəyə. O təyyarədə boş yer olmadığı üçün biz turist gətirə bilmirik o reyslərlə.
Təəssüflə onu da qeyd etmək istəyirəm ki, bu ildən artıq səudiyyəlilər üçün başqa bir bazar da açılıb. Bu da Ermənistandır. Həm birbaşa uçuşlar var, həm də vizasız rejim. Bundan başqa, Bosniya-Hersoqovina da artıq Səudiyyə bazarını əldə edib.
– Problemləri Dövlət Turizm Agentliyi və digər aidiyyəti qurumların qarşısında qaldırırsınızmı, onlar həll yolları axtarırlarmı?
– Onlar da bilirlər bu problemləri. Biz özəl sektor olaraq əlimizdən gələni edirik.
Fəxriyyə ABDULLAYEVA