Paşinyan: Dağlıq Qarabağdan imtina edib Ermənistanı qazandıq

Ermənistanın Baş naziri Nikol Paşinyan büdcə müzakirələri zamanı çıxış edərək bildirib ki, 2022-ci ildə Azərbaycanın Dağlıq Qarabağa dair suverenlik hüquqlarının tanınması ölkənin “mühasirəyə alınmış qala” statusundan çıxaraq müstəqil və suveren dövlətə çevrilməsi ilə nəticələnib.
AFN.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın TASS İnformasiya Agentliyi yayıb.
“Bu mövzu üzərində çox düşünmüşəm və gəldiyim nəticə belədir: biz Dağlıq Qarabağı deyil, əslində Ermənistan Respublikasını qazandıq”, - deyə Paşinyan fikrini bölüşüb.
Hökumət başçısı yekun çıxışında müxalifətin onu Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyan ilk baş nazir adlandırmasına qarşı çıxıb və bu iddialarla razılaşmadığını bəyan edib.
O həmçinin vurğulayıb ki, 6 oktyabr tarixində Ermənistanın və qonşu ölkələrin ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması mühüm addım olub. Paşinyanın sözlərinə görə, illərdir Dağlıq Qarabağ mövzusu Ermənistanın müstəqillik və suverenlik yolunda əngələ çevrilmişdi.
Xatırladaq ki, Paşinyan daha əvvəl açıqlamışdı: əgər Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla sülh sazişini təsdiqləməsə, o zaman özü Konstitusiyaya dəyişiklik təşəbbüsü ilə çıxış edəcək.