Böyük Britaniya və ABŞ İranın nüvə silahına sahib olmaması mövzusunda qətiyyətlidir

Böyük Britaniyanın xarici işlər naziri Deyvid Lammi bəyan edib ki, ABŞ ilə birlikdə İranın heç vaxt nüvə silahına sahib olmaması məsələsində qətiyyətlidirlər.
Rəsmi görüşlər üçün ABŞ-da səfərdə olan Lammi “X” hesabında paylaşım edərək İsrailin İrana hücumları ilə başlayan toqquşmalardan sonra Yaxın Şərqdə vəziyyətin təhlükəli olaraq qaldığını bildirib.
Lammi “İranın heç vaxt nüvə silahına sahib olmaması mövzusunda qətiyyətliyik” deyib.
O, Ağ Evdə ABŞ-ın dövlət katibi Marko Rubio və Prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff ilə görüşdüyünü, bu görüşdə bir razılaşmanın qarşıdurmanın dərinləşməsinin necə qarşısını ala biləcəyi mövzusunun müzakirə edildiyini qeyd edib.
Nazir “Qarşıdakı iki həftə ərzində diplomatik həll əldə etmək üçün fürsət pəncərəsi mövcuddur” deyə əlavə edib.
Lammi həmçinin bildirib ki, Fransadan, Almaniyadan və Avropa İttifaqından olan həmkarları ilə birlikdə İranın xarici işlər naziri Abbas Ərakçi ilə görüşmək üçün İsveçrənin Cenevrə şəhərinə yola düşəcək.
Nazir sözlərini “İndi Yaxın Şərqdəki dəhşətli mənzərələri dayandırmaq və heç kimin xeyrinə olmayacaq regional gərginliyin qarşısını almaq zamanıdır” deyə tamamlayıb.