De Byazi getdi, bəs Rövnəq Abdullayev?
Canni De Byazi Azərbaycan yığmasından getdi. Onun gedişi ilə bağlı açıqlamanı AFFA-nın baş katibi Sərxan Hacıyev verib. Bildirib ki, Canni De Byazi özü Azərbaycan yığmasını tərk etmək istədiyini açıqlayıb.
“İcraiyyə Komitəsi də müzakirələr apardı. Belə qənaətə gəldik ki, nəticələrə görə De Byazi yığmada qalmasın. Canni De Byazinin jurnalistlər haqqında dediyi sözlər də İcraiyyə Komitəsinin iclasında müzakirə olundu. Onun bu açıqlaması birmənalı şəkildə pislənildi” – deyə S.Hacıyev qeyd edib.
Canni De Byazi 2020-ci ildən Azərbaycan yığmasının baş məşqçisi idi. Bu günlərdə millimizin Belçikaya 0:5 hesablı məğlubiyyətindən sonra qalmaqallı açıqlama ilə gündəm olmuşdu. O, məğlubiyyətin səbəblərini soruşmaqla haqlı irad bildirən azərbaycanlı jurnalistləri “axmaq” adlandırmaqla tənqid hədəfinə tuş gəlmişdi. Gedişi çoxlarını sevindirir. İnsafən sevinənlər haqlıdırlar. Amma onun gedişindən sonra millimizin performansında nəyinsə dəyişəcəyini, futbolumuzun inkişaf edəcəyini hesab edənlər də az deyil. Bax, burda türkiyəli qardaşlarımız demişkən, “zurnanın zat dediyi yerə” gəlirik. Bəyəm Azərbaycan futbolunun problemi Byazi idimi? Bəs ölkə futbolunun inkişafının qarşısını15 ildir əjdəha kimi kəsən Rövnəq Abdullayev? 2008-ci ildən cameədəki adamları futboldakı inkişafı görməməklə qınaya-qınaya gələn cənab Abdullayevi niyə yad edən yoxdur? Nəyə sevinirik?
2020-ci il yanvarın 28-də dördüncü dəfə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti seçilən və hələ də yığmamızın 5:0 məğlubiyyətini normal qarşılayaraq tutduğu vəzifədən öz xoşu ilə istefa vermək cəsarətini özündə tapmayan Rövnəq Abdullayev varkən sevincə nə hacət?
Gəlin onun fəaliyyəti dövründə ölkə futbolu üçün görülən işlərdən və əldə edilən nəticələrdən danışaq. Dövlət başçısının Azərbaycanda idmana böyük qayğısının nəticəsi olaraq 2005-ci ilin 10 oktyabrında “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı” imzalanıb.
Dövlət Proqramının icrası zamanı qarşıya qoyulan məqsədlər 1)futbolun infrastrukturunu genişləndirmək, onun maddi-texniki bazasını möhkəmləndirmək; 2) futbol mütəxəssislərinin hazırlanması və yenidən hazırlanması sistemini təkmilləşdirmək; 3) uşaq-yeniyetmə futbol məktəbləri şəbəkəsini inkişaf etdirmək, futbolda xüsusi istedadı olan uşaqlar üçün ixtisaslaşdırılmış futbol internat məktəblərini, ehtiyat futbolçu hazırlığı üçün bölgə və respublika mərkəzlərini yaratmaq; 4) futbolla bağlı məlumat-maarifçilik və təbliğat işini gücləndirmək; 5) futbol sahəsində qabaqcıl texnologiyaları tətbiq etmək məqsədilə xarici futbol təşkilatları və qurumları ilə əlaqələr qurmaq və onları inkişaf etdirmək; 6) əhalinin bütün təbəqələrinin futbol meydançalarından və qurğularından istifadəsinə imkan yaratmaq olub.
R.Abdullayev proqramın 3-cü ilindən etibarən Assosiasiyaya prezident gəlib. O, proqramın keyfiyyətli icrasını təmin etməkdən məsul olsa da, birinci işi qurumun nizamnaməsini dəyişdirmək oldu. 2000-ci illərin əvvəlində FİFA, UEFA-nın iştirakı və nəzarəti, Azərbaycan Gənclər və İdman Nazirliyi, Ədliyyə Nazirliyinin səlahiyyətli nümayəndələri, AFFA-nın, bütün futbol ictimaiyyətinin iştirakı, tövsiyələri ilə hazırlanmış AFFA nizamnaməsi konfransda qəbul edilib. Lakin R.Abdullayev gələn kimi nizamnamədə çox ciddi dəyişikliklər edildi.
Dəyişikliklərdə tək məqsəd Azərbaycanda futbol idarəçiliyinin vahid əldə cəmləşdirilməsi idi. AFFA - Azərbaycan Futbol Federasiyaları Assosiasiyası deməkdir. AFFA-ya üzv olan federasiyaların səlahiyyətlərinin azaldılması üçün yeni regional, sahə federasiyaları yaradıldı və AFFA-nı yaradanlar (!) birbaşa üzvlükdən dolayısı üzvlüyə endirildi. Onların maddi-texniki bazalarını yaxşılaşdırmaq əvəzinə, əlavə maliyyə israfçılığına yol verərək yeni üzv federasiyalara öz adamlarını yerləşdirdilər. Bununla da AFFA özünü bölgələrdən, federasiyalardan uzaq tutdu.
Eyni zamanda AFFA İcraiyyə Komitəsinin futbol idarəçiliyində səlahiyyətlərinin 90 faizi katibliyə həvalə edildi, bütün bunlar federasiyanın strukturunda öz əksini tapıb. Bu gün AFFA-da maliyyə, milli komandalar, infrastruktur, balansda olan stadion-bazalar, uşaq futbolu, departamentlərin böyük əksəriyyəti birbaşa baş katibə tabedir və qeyd olunanlar qanunlaşdırılıb, bu günə kimi də bir şəxs tərəfindən idarə edilir. Bu işlərin məntiqi sonluğu olaraq AFFA daxildə bölüşdürüldü. Futbolun bütün sahələri baş katibə, klublar və çempionatın təşkili yeni yaradılmış PFL-ə həvalə edilərək qanunlaşdırıldı. Beləliklə, Azərbaycan futbolunun qərargahında təkhakimiyyətlilik başladı.
Nəticə göz qabağındadır: Futbola ayrılan milyardlarla manatın müqabilində 2005-ci ildə mövsümə 14 komanda (əksəriyyəti bölgə təmsilçisi) ilə start verən Azərbaycan çempionatı bu gün 10 komandanın ümidinə qalıb. Neçə-neçə klub yaranıb, dağılıb. Milli komandanın bazası olmalı olan uşaq futbolunun vəziyyəti göz istəyir ağlamağa... Və R.Abdullayev hələ də AFFA prezidenti kürsüsünü özündə saxlayır...
Odur ki, ürəkdən sevinməyə hələ çox var, cənablar! Gözləyək... Necə ki, Xocalı, Xankəndi düşməndən azad edilməmiş tam sevinə bilmədik, eləcə də AFFA Rövnəq Abdullayev və onun ÇT-sindən qurtulmadan sevinməyə dəyməz. 15 ildə ölkədə uşaq futbolunun inkişafı üçün heç bir iş görməyən, Azərbaycan futbolunu 5:0 məqlibiyyətə uğradan bir komanda ilə ha Byazili, ha Byazisiz, bir iş görmək, irəli getmək mümkün deyil!
Həbibə ABDULLA,
həvəskar yazısı