Bakıda “Qastroenterologiya və hepatologiya sahəsində müasir klinik tövsiyələr” adlı konfrans keçirilib


Yanvarın 13-14-də Bakıda “Big Group” sağlamlıq turizm şirkəti tərəfindən “Qastroenterologiya və hepatologiya sahəsində müasir klinik tövsiyələr” adlı elmi-praktik konfrans keçirilib.
AFN.az xəbər verir ki, konfransın ilk günü “Four Seasons” hoteldə baş tutub. “Big Group” sağlamlıq turizm şirkətinin direktoru Ədalət Hüseynov çıxış edərək bildirib ki, tədbir Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar İctimai Birliyi, Azərbaycan Qastroenterologiya İnvaziv Endoskopiya Cəmiyyəti, DİAMED Holdinq, İstinye Universiteti Bahçeşehir Liv Xəstəxanası, Acibadem Hospitalı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Onun sözlərinə görə, əsas məqsəd Türkiyə və Azərbaycanın səhiyyə ocaqlarının, həkimlərin bir-biri ilə əlaqə yaratmasına, bu sahədə daha geniş əməkdaşlığın qurulmasına nail olmaqdır: “Biz sağlamlıq turizmi şirkəti olaraq Türkiyənin bütün xəstəxanaları ilə əməkdaşlıq edirik, buradan xəstə haqqında bilgiləri toplayırıq, onun müayinəsi, müalicəsi, yerləşməsi ilə bağlı işləri və hər bir xəstənin öz büdcəsinə uyğun müalicəsini təşkil edirik”.
Dövlət Gömrük Komitəsi Tibb Xidməti İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məslisin Səhiyyə komitəsinin sədri Rəşad Mahmudov bildirib ki, Azərbaycan icbari tibbi sığortanın tətbiqi də daxil olmaqla, tibb sahəsində çox böyük reformalara imza atır. Son 100 ildə bu sahədə böyük uğurlar, yeniliklər əldə olunur: “Ötən ildən başlayaraq ölkəmizdə qaraciyərin transplantasiyası həyata keçirilir. Bu sahədə həm texniki, həm praktiki vərdişlərimizi yeniləməliyik. Hesab edirəm ki, belə tədbirlər Azərbaycan səhiyyəsinin daha üstün səviyyətə çatmasına səbəb olacaq. Türkiyə səhiyyəsi Azərbaycan səhiyyəsinin lokomotivi rolunu oynayır”.
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktor müavini Rahib Məmmədov səhiyyə sahəsində aparılan islahatlardan, Türkiyə ilə tibb sahəsində mövcud əməkdaşlıqdan danışıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli bildirib ki, Azərbaycanda artıq 3315-dən artıq tibbi xidmət TƏBİB-in xidmətlər zərfinə daxildir. Qaraciyərin transplantasiyası, qastroenterologiya üzrə bir çox xəstəliklərin müalicəsi də icbari tibbi sığorta ilə həyata keçirilir. TƏBİB rəsmisi onu da diqqətə çatdırıb ki, icbari tibbi sığorta ilə həyata keçiriləcək xidmətlərin sayı getdikcə artırılacaq.
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev çıxışında qeyd edib ki, Azərbaycan artıq beynəlxalq sağlıq turizmi platformalarında çox uğurla iştirak edir. Türkiyə ilə Azərbaycanın bütün tədbirlərdə bir həmrəyliyi müşahidə olunur: “Biz bu gün innovativ yanaşmalardan, texniki dəstəkdən daha çox kadr məsələsinə önəm verməliyik. Çünki bu məsələ həmişə bütün zamanların əsas məsələsi olub. Belə tədbirlərin təşkili Azərbaycanın kadr potensialının dəstəklənməsində, motivasiyasında və gələcəkdə tibbin müxtəlif istiqamətləri üzrə mütəxəssislərin hazırlanmasında önəmli rol oynayacaq. Digər tərəfdən, məqsəd tək Azərbaycandan Türkiyəyə deyil, eyni zamanda Türkiyədən də Azərbaycana sağlıq turizmi pasiyentlərinin cəlbinə nail olmaqdır. Azərbaycanda artıq Türkiyənin bir çox xəstəxanalar qrupunun brendləri fəaliyyətə başlayıb. Onu da qeyd edim ki, azərbaycanlı mütəxəssislər Türkiyənin səhiyyə sisteminə öz investisiyaları, fəaliyyətləri ilə töhfə verirlər. Gələcəkdə də hesab edirəm ki, bu istiqamətdə işlər daha da masştablı olacaq. Biz də assosiasiya olaraq üzvlərimizin sırasını genişləndirirk”.
Tədbirdə “Big Group” sağlamlıq turizm şirkətinin Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasına üzvlük bileti şirkətin sədri Ədalət Hüseynova təqdim edilib.
Konfransın ikinci günü “Yeni Klinika”da baş tutub. Təlim-konfransda “Cərrahi koloproktologiya və qaraciyər problemləri”, “Mədə və nazik bağırsaq patologiyası”, “Qaraciyər sirrozları”, “Hepatologiyanın aktual yenilikləri (2022-2023 illər)” və “Advans endoskopiya və cərrahiyyə” adı altında 5 sessiya üzrə çıxışlar edilib, mühazirələr dinlənilib, fikir mübadiləsi aparılıb.
Türkiyədən olan Dr. Orhan Fahri Demir tərəfindən mövzu ilə bağlı mühazirə və master-klass keçilib. Sonda iştirakçılara akkreditasiya balını (13 bal) müəyyən edən sertifikat təqdim olunub.

Fəxriyyə ABDULLAYEVA














AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu