147 manatlıq biler, ADY-nin VİP xidməti, sərnişinlərin boş cibi və bərəlmiş gözlər...

Hazırda Bakı-Qazax dəmiryolu marşrutu üzrə birinci sinif biletlərin qiyməti 147 manat təşkil edir. Bəli, düz oxuyursunuz: 147 manat. Əgər sərnişin vağzala qədər taksi və digər nəqliyyat xərclərini də əlavə etsə, ümumi xərc 170 manata qədər yüksəlir. Bu isə bölgələrə səfər etmək istəyən vətəndaşlar üçün artıq lüks hesab olunur.
Bəs bu qiymət qarşılığında sərnişinə nə vəd edilir? Azərbaycan Dəmir Yolları (ADY) bu sualı cavablandıraraq bildirir ki, yüksək qiymətə müəyyən üstünlüklər daxildir:
“Birinci siniflə səyahət edən sərnişinlər qatarın yola düşməsindən əvvəl və ya səyahətin sonunda bir saat müddətində Bakı-Gəncə və Qəbələ Dəmir Yolları vağzallarında yerləşən VİP zallardan istifadə edə bilər. Əl yükü sərnişinin istəyinə uyğun olaraq zala və ya birbaşa qatara daşınır. ADY əməkdaşı sərnişinin yükünü müşayiət edir. VİP zalda sərnişinə limitsiz çay, su, qəhvə, Wi-Fi xidməti, ödənişsiz yemək və Bakı vağzalında iki saatlıq pulsuz avtoparkinq təklif olunur.”
Səsləndirilən bu xidmətlər kağız üzərində maraqlı görünə bilər. Lakin real səyahət kontekstində bu "əlavə lüks"lərin əksər sərnişin üçün əhəmiyyəti yoxdur. Çünki sərnişinin əsas istəyi sadəcə rahat, təhlükəsiz və əlverişli qiymətə bölgələrə gedib-gəlməkdir. Lüks VİP zalda çay içmək və ya parkinq imkanı hər kəs üçün vacib deyil – əvəzində, bu xidmətlər qiyməti ciddi şəkildə şişirdir.
Ən böyük suallardan biri budur: bu qiymət siyasəti hansı təbəqə üçün nəzərdə tutulub? Dövlət sektorunda çalışan məmurların ezamiyyə xərcləri bu səviyyədə deyil. Nazirlər və yüksək rütbəli şəxslər isə bu nəqliyyat növündən istifadə etmirlər. Özəl sektorda çalışan sahibkarların da hər səfərə 300+ manat ayıraraq dəmir yolunu gündəlik nəqliyyat vasitəsi kimi seçməsi real deyil.
ADY-dən ictimaiyyətin gözləntisi əslində əks istiqamətdə idi – məsələn, Bakı–Balakən reysində qiymətlərin aşağı salınması, bölgələrarası gediş-gəlişin daha əlverişli olması. Halbuki aparılan müşahidələr göstərirdi ki, bu istiqamətdə bayram günləri istisna olmaqla doluluq göstəriciləri heç vaxt qənaətbəxş olmayıb.
Əlbəttə, 6 ildən sonra daxili dəmir yolu daşımalarının bərpası təqdirəlayiq bir addımdır. Amma bu təşəbbüs yalnız simvolik xarakter daşıyırsa və qiymət reallıqdan uzaqdırsa, cəmiyyət üçün geniş əhatəli fayda gətirməyəcək. Xidmətlər təkcə seçilmiş təbəqəyə deyil, bütün ictimaiyyətə münasib olmalıdır.
Nəticə olaraq, ADY-nin təqdim etdiyi xidmətin dəyəri ilə qiymət arasındakı uçurum aradan qaldırılmadıqca, dəmir yolu nəqliyyatı ölkədaxili münasib və alternativ nəqliyyat vasitəsi statusuna qovuşa bilməyəcək.
Ümid edirik ki, ADY və əlaqədar dövlət qurumları bu məsələni nəzərə alacaq, qiymət siyasətinə sosial ədalət və real tələb-təklif prinsipləri çərçivəsində yenidən baxacaqlar.