ABŞ tarixində ən böyük zinət əşyası oğurluğu


ABŞ-ın Los-Anceles şəhərində yeddi nəfərə ölkə tarixinin ən böyük zinət əşyası oğurluğunu həyata keçirmək ittihamı irəli sürülüb. Federal prokurorluğun məlumatına görə, şübhəlilər 2022-ci ilin iyul ayında zirehli yük maşınından təxminən 100 milyon dollar dəyərində qızıl, almaz, yaqut, zümrüd və lüks saatlar oğurlayıblar.



Kaliforniya Orta Dairə Prokurorluğunun açıqlamasına əsasən, ötən həftə həmin şəxslərə iki fərqli “beynəlxalq və ştatlararası nəqliyyatdan oğurluq” və “bu oğurluğu planlamaq məqsədilə qurulmuş sui-qəsddə iştirak” ittihamı ilə cinayət işi açılıb.



İttiham olunan şəxslər:



Carlos Victor Mestanza Cercado, 31 yaş


Jazael Padilla Resto, 36 yaş


Pablo Raul Lugo Larroig, 41 yaş


Victor Hugo Valencia Solorzano, 60 yaş


Jorge Enrique Alban, 33 yaş


Jeson Nelon Presilla Flores, 42 yaş


Eduardo Macias Ibarra, 36 yaş



Prokurorluğun məlumatına görə, bu şəxslərdən beşi əlavə olaraq “ticarəti pozmaq məqsədilə edilən soyğunçuluq” ittihamı ilə də qarşılaşıblar. Bildirilir ki, Padilla hal-hazırda Arizona ştatında oğurluq cinayətindən məhkum olunub və həbsdədir.



Planlı izləmə və müəmmalı giriş



İttihamnaməyə əsasən, Padilla 2022-ci il iyulun 8-də San-Fransisko yaxınlığındakı San Mateo şəhərində keçirilən beynəlxalq zinət əşyaları sərgisini müşahidə edib. İki gün sonra isə şübhəlilər Brinks şirkətinə məxsus və içində 73 ədəd zinət dolu çanta olan zirehli yük maşınını izləməyə başlayıblar. Maşın Kaliforniyanın mərkəzindəki Batonvillou və Los-Ancelesin şimalındakı Lebek qəsəbələrində dayanıb. Oğurluq 11 iyul tarixində baş verib.



Prokurorluq şübhəlilərin zirehli yük maşınına necə daxil olduqlarını açıqlamayıb. Brinks şirkəti və məsul şəxslər də jurnalistlərin suallarına cavab verməyiblər.



Soyğundan sonra şübhəlilər oğurlanmış mallarla birlikdə Şərqi Hollivuda gediblər. İttihamnaməyə görə, hadisədən sonrakı günlərdə istifadə etdikləri telefonları deaktiv ediblər.



Prokurorluq bazar ertəsi keçirilən əməliyyatlarda bəzi zinət əşyalarının ələ keçirildiyini bildirib. Lakin tapılan əşyaların dəyəri açıqlanmayıb və oğurlanan digər zinətlərin taleyi hələ də məlum deyil.



Şübhəlilərin digər oğurluqlarla da əlaqəsi var



Federal rəsmilərin bildirdiyinə görə, həmin şəxslər 2022-ci ildə bu zinət əşyası oğurluğundan əvvəl də müxtəlif ştatlar arasında daşınan mallardan yüz minlərlə dollar dəyərində Samsung elektron cihazları və təxminən 60 min dollar dəyərində Apple AirTag oğurlayıblar.



ABŞ tarixində rekord sayılan bu soyğunla bağlı məhkəmə prosesi qarşıdakı həftələrdə başlayacaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu