Lənkəran Teatr Festivalının birinci günü başa çatıb - FOTOLAR
1 iyun 2019-cu il tarixində I Lənkəran Beynəlxalq Teatr festivalı işinə başladı. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilən festivalın ilk tamaşası – tədbirin ev sahibi olan Lənkəran Teatrının “Tilsimlənmiş qız” əsəri saat 12.00-da nümayiş olundu. Tamaşanın quruluşçu rejissoru və ədəbi əsasın müəllifi Tərlan Abdullayev, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Rolları Əməkdar artist Sücəddin Mirzəyev (Ata bəy), Aysel Cahangirova (Gülyaz), Arzu Abbaszadə (Gəlincik qız), Qızılgül Quliyeva (Səriyyə, Cadugər qarı), Təranə Fərəcova (Dayə), Məleykə Cəfərova (Zəvzək siçan), Amil İbrahimli (Avara pişik) ifa edirdilər. Varlı ailənin qızı Gülyaz digər həmyaşıdları kimi oynamaq, əylənmək arzusu ilə yaşayır və israr edir ki, atası ona danışan gəlincik alsın. Dayə ilə birlikdə qərara gəlir ki, qulluqçunun qızını gəlincik kimi Gülyaza təqdim etsin. Şən, zarafatcıl gəlincik varlı qızın xoşuna gəlir. Zaman keçdikcə Gülyaz gəlinciyin oyuncaq olmadığını anlasa da, sevimli dostundan ayrılmaq istəmir. Bundan qorxuya düşən Ata qızları ayırmaq üçün cadugərə üz tutur. Amma Zəvzək siçan və Avara pişiyin köməkliyi ilə tilsim pozulur və dostlar xoşbəxt həyatlarına davam edirlər.
Festivalın rəsmi açılış mərasimi isə saat 17.00-da gerçəkləşdi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov, teatrşünaslar və jurnalistlərin iştirak etdiyi açılış tədbirində Lənkəran Dövlət Dram Teatrının aktrisası Aynur Əhmədova festival iştirakçılarını və qonaqları salamlayaraq, teatr haqqında qısa məlumat verdi. O qeyd etdi ki, ölkə Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq, Azərbaycanda silsilə tədbirlər həyata keçirilib. Bunlara misal olaraq, Beynəlxalq Teatr Konfranslarını, Beynəlxalq Kukla Teatrları, Şəki Beynəlxalq Teatr Festivalını göstərmək olar. “Bu gün keçirilən I Lənkəran Beynəlxalq Teatr festivalı da həmin tədbirlər silsiləsinin davamıdır. Festivalda ölkəmizin 10 sənət ocağı – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Lənkəran Dövlət Dram Teatrı, Bakı Uşaq Teatrı, Qax Dövlət Kukla Teatrı, Şəki Dövlət Dram Teatrı, Salyan Dövlət Kukla Teatrı və müstəqil “Ol” Teatrı öz tamaşaları ilə qatılacaq. Festivalda həmçinin Böyük Britaniyanın “Two Destination Language” Teatrı, Gürcüstanın “Azadlıq” Teatrı, İranın “Muğan Hünər” və “Mika” Teatrları, habelə “Ünvan” Ərdəbil şəhər teatrının kollektivləri iştirak edəcək”.Aparıcı sözü Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru Xalq artisti, professor Azər Paşa Nemətova verdi. Gəncliyində Lənkəran teatrında tamaşa hazırladığını bildirən rejissor bu teatrla bağlı xatirələrini bölüşdü. Bu festivalın məhz Lənkəranda keçirilməsini olduqca əlamətdar hadisə kimi dəyərləndirən Azər Paşa Nemətov festivalın işinə uğurlar arzuladı.Sonra Britaniya Şurasının direktor müavini Nigar Balimova təmsil etdiyi qurumun fəaliyyətindən bəhs etdi. Tamaşanı festivalın proqramına daxil etdiyinə görə, təşkilatçılara minnətdarlığını bildirən N.Balimova Britaniya kollektivinin təqdim etdiyi əsər haqqında qısa məlumat verdi də bildirdi ki, İngiltərə İncəsənət Şurasının və “The Point Eastleigh” teatrının dəstəyi ilə Kolçester İncəsənət Mərkəzinin işi kimi hazırlanan “Near Gone” tamaşası “Pulse Fringe Suitcase” (2013) və İnnovasiya, Təcrübə və Səhnələşdirməyə görə “Total Teatr” mükafatlarına (2014) layiq görülüb.Daha sonra Böyük Britaniyanın “Two Destination Language” Teatrı Şarlot Vinsentin əsəri əsasında hazırlanmış “Near Gone” tamaşası ilə çıxış etdi. Tamaşada rolları Katerina Radeva və Alister Louni ifa edirdi.
Tamaşa ölümün ağuşunda olan gənc qız və oğlanın dueti ilə başlayır. İki aktyor çətin bir hadisəni nəql etməlidir. Real hadisələrdən bəhs edən ifaçılar səhnədə bir saat ərzində sözlə ifadə olunması mümkün olmayan mətləbləri Şərqi Avropanın qaraçı musiqisi altında bir-birini əvəzləyən ritmik rəqsləri ilə deməyə cəhd edirlər. Bolqar və ingilis dillərində nəql olunan hadisə auditoriyaya emosional təsir göstərir və tamaşaçını zamanın sürətli ritmi qarşısında bir anlıq dayanmağa və həyat haqqında düşünməyə dəvət edir.
Seyrçilərin alqışları ilə bitən tamaşadan sonra kollektivə festivalda iştirakına görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin diplomları təqdim olundu. Daha sonra foyedə tamaşaçılarla görüşən britaniyalı aktyorlar onlarla fikirlərini bölüşdülər və xatirə şəkli çəkdirdilər.