Sərdar Cəlaloğlunun qadınlarla bağlı fikirləri etiraz doğurdu - RƏYLƏR




“Niyə sadəcə zorakılıq deyil, məhz qadına qarşı zorakılıq deyirsiniz? Nə üçün qadını insanlıqdan ayırıb, göyə qaldırırsınız? Qadın kimdir ki?”



AFN-in məlumatına görə, bu fikirləri Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu qadın-kişi bərabərliyindən bəhs edərkən deyib. O, bildirib ki, Azərbaycan qadını milli-dini dəyərlərə əməl etməyə borcludur: “Qanun qarşısında kişi və qadın bərabərdir. O zaman niyə kişiləri əsgər aparırlar, amma qadınları yox? Bərabəriksə, qadın da hərbi xidmət keçməlidir. Məsələn, İsrail, Norveç və bir sıra başqa ölkələrdə qadınlar da əsgər gedir. Amma bizdə isə yox. Bunun səbəbi milli-dini dəyərlərdir. Qadınların orduda xidmət etməsi bizim dəyərlərimizə ziddir. Milli-dini dəyərlərə görə, qadın kişi ilə qeyri-bərabər səviyyəyə düşür. Bunun üçün də həmin dəyərlərə əməl etmək qadının borcudur. Çünki qadını əsgərlikdən bu dəyərlər qoruyur”.

S.Cəlaloğlunun bu fikirləri sosial mediada geniş müzakirələrə səbəb olub. Onunla razılaşanlar olsa da, fikirlərinə etiraz edənlər də var.

Çıxışın qadın-kişi bərabərliyinə yanlış yanaşma olduğunu düşünən ziyalılardan biri də genderşünas alim Kifayət Cəbiqızıdır. O, AFN-ə
açıqlamasında bildirib ki, Azərbaycanda gender bərabərliyi qanunla tənzim olunur: “ De-yure hər şey normaldı, de-fakto məsələ bir az ciddiləşir. KİV-ləri təqib edərkən, qadına qarşı şiddətin baş alıb getdiyini görürük. Bəzən cəmiyyətdə kifayət qədər nüfuzu olan şəxslər bunu normal hal kimi qiymətləndirir, dinlə bəraət qazandırmağa çalışırlar. Düşünmürlər ki, dünyəvi dövlətdə yaşayırıq. Bizim ölkəmiz şəriətlə deyil, konstitutsiya ilə idarə olunur. Mən bir gender ekspert kimi onları qınayır və hər kəsi qanunlara riayət etməyə çağırıram”.

K.Cəbiqızı qadınlarla bağlı əsgərlik məsələsinə də toxunub: “Qadınların əsgər gedib-getməməsi dövlətimizdən asılıdır. Əgər buna kəskin ehtiyac olarsa, müəyyən yaşdan sonra hərbi xidmət də keçə bilərlər. O zaman kişilər də övladların böyüdülməsi prosesində yarı-yarı iştirak etsinlər. Məncə, oğlan övladını yetişdirib vətən üçün xidmətə göndərmək, 1-1,5 il əsgərlik çəkməkdən qat-qat asandır. Reproduktiv məsuliyyətlər ata-ana arasında tam bərabər bölünsə, qadınlar üçün əsgər getmək problem olmaz. Bizim ölkəmizdə gender tamamlayıcı modeli hökm sürür. O dövlətlər ki, qadınları əsgər çağırır, həmin ölkələrdə isə gender bərabərliyi modeli hakimdir, hər şey də 50-50- yə. Zənnimcə, bu bizim kişilərə sərf etməz. Lakin eyni bərabərliyi bizim ölkədə də tətbiq etsələr, qadınlar əsgərliyə rahatlıqla gedər”.

S.Cəlaloğlu çıxışında dini dəyərləri də əsas göstərdiyi üçün mövzu ilə bağlı islamın da mövqeyini öyrənməyə çalışdıq. İlahiyyatçı Elşad Miri AFN-ə bildirdi ki, Allah özü “Qurani-Kərim”də qadın-kişi bərabərliyini qeyd edib: “İslamın ilk gəldiyi cəmiyyətdə nəinki qadınların hüquqları vardı, onları insan yerinə qoymur, heç 3-cü dərəcəli adam da hesab etmirdilər. Qadın əşya kimi alınıb-satılan, həzz obyekti kimin istismar edilən, heç nəyə haqqı çatmayan şəxs idi. Lakin Allah qadının da haqlara sahib olduğunu öz ayələrində xüsusi olaraq vurğuladı. Buna dəlil olaraq, “Quran”ın “Əhzab” surəsinin, 35-ci ayəsini misal çəkə bilərik. Rəbbimiz insanlarla bağlı 10 sinifdən bəhs edərkən, “müsəlman kişilər və müsəlman qadınlar, “mömin kişilər və mömin qadınlar” deyə bildirib. Yəni cinsə görə ayırmadan, hər ikisinə də eyni müraciəti edib”.

İlahiyyatçı onu da qeyd edib ki, kişinin qadından üstün olduğunu iddia edən dini fikirlərin heç bir əsası yoxdur: “Dini kitab, izah və təfsirlərin 99,9 faizi kişilər tərəfindən qələmə alındığı üçün, onlar da patriaxal düşüncəyə əsaslanaraq, kişinin qadından üstün olduğunu qeyd ediblər. Bəziləri isə ərəb mədəniyyəti ilə islamın hökmlərini ayırd edə bilməyib, din adına yalan fkirlər ortaya atıblar. Bunların heç biri gerçək islamın mövqeyi deyil. Qadınların əsgər getməsinə gəlincə isə bu, dinlə bağlı məsələ deyil. Düzdür, islam tarixində bənzər hadisələr olub. Məsələn, peyğəmbərimiz müharibə zamanı püşkatma yolu ilə həyat yoldaşlarından birini özü ilə savaşa aparardı. Həmçinin döyüşlərdə qadınlar da tibb bacısı qismində iştirak edərdilər. Onu da qeyd edim ki, qadınlar yox, kişilərin əsgər getməsi heç də onları üstün etmir. Bu, hüquqda da yer alan pozitiv ayrı-seçkilikdir".

Mövzu ilə bağlı Qarabağ qazisi Səbirə Mahmudova ilə də həmsöhbət olduq. O, qadınların da hərbi xidmət keçməsinə razı olmadığını bildirdi: “Bəzi fikirlər səslənir ki, qadınla kişi bərabər olduğu üçün qadınlar da əsgər getsin. Amma belə deyil. Kişilərlə eyni hüquqa malik olsaq da, cəmiyyətimiz qadının əsgər getməyinə hazır deyil. Həm də mentalitetimiz yol vermir. Bizim ölkədə buna ehtiyac da yoxdur. Mən qadın olsam da, müharibədə iştirak etmişəm. Amma bu addımı maraqdan deyil, məcburiyyətdən atmışam. Çünki torpağı qorumaq lazım idi. O vaxt ürəyində vətən sevgisi olan hər kəs əlinə silah alıb, torpağı qorumağa çalışır, bunu özünə şərəf bilirdi. Uzaqdan müharibə insanlara asan görünür. Amma nəinki döyüş, hətta o şəraitdə yaşamaq belə insana, xüsusən də qadına çox çətindir. Mən şəxsən qadınların əsgər getməyinin tərəfdarı deyiləm. Düşünürəm ki, Azərbaycanda qadınlar yalnız könüllülük prinsipi və müqavilə əsasında hərbi xidmət keçə bilərlər”.

Könül CƏFƏRLİ


AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu