“Miqrasiya könüllüləri” ATU-nun əcnəbi tələbələrinə kömək edəcək - FOTOLAR
ATU ilə “Könüllü Miqrasiya” İctimai Birliyi arasında əməkdaşlıq memorandumu imzalandı
Azərbaycan Tibb Universitetində təhsil alan 2 mindən çox əcnəbi tələbəyə ölkəmizdə müvəqqəti yaşama icazəsinin verilməsi üçün sənədləşmə işlərində Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Könüllüləri yardım edəcəklər. Bu, Azərbaycan Dövlət Miqrasiya Xidmətinin “Könüllü Miqrasiya” İctimai Birliyi və ATU arasında imzalanan əməkdaşlığa dair memorandum çərçivəsində mümkün olacaq.
Memorandumun imzalanma mərasimindən öncə keçirilən görüşdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli son vaxtlar Azərbaycanda miqrasiya xidmətinin fəaliyyətindəki islahatlar və dəyişiklikləri müsbət qiymətləndirib. Qeyd edib ki, Azərbaycan Tibb Universitetində də beynəlxalq miqyasda tanınması, reytinqinin yüksəldilməsi, həm də xarici ölkələrdən tələbələrin cəlb olunması istiqamətində çoxsaylı tədbirlər həyata keçirilir: “Qürurla qeyd edə bilərəm ki, ATU sayca ən çox xarici tələbə olan universitetdir. Ölkə üzrə ali məktəblərimizdə 7000-ə yaxın xarici tələbə varsa, bunların 2000-dən çoxu ATU-da təhsil alır”.
G.Gəraybəyli xarici tələbələrin qəbul prosesinin müasir standartlara uyğun şəkildə elektron formada Skype intervü vasitəsilə aparılır və əcnəbilər artıq 1 sutka ərzində ali məktəb qəbul olub-olmadıqları barədə cavab alırlar. Əcnəbi tələbələri ATU-da təhsil üçün ölkəmizə gəlməsi, təhsil icazəsi alması və digər məsələlər məhz miqrasiya xidmətinin yardımım ilə baş tutur. G.Gəraybəyli bu məsələdə universitetə yardımçı olar xidmət əməkdaşları və könüllülərinə təşəkkür edərək bu sahədə əməkdaşlığı gücləndirməyə ehtiyac olduğunu bildirdi.
Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qeyd edib ki, Azərbaycanda hər sahədə gedən inkişaf xarici vətəndaşların ölkəmizə axınına səbəb olub. əcnəbi vətəndaşlar həm turizm, həm biznes, həm də təhsil üçün Azərbaycanı seçirlər: “Bizim xidmətin də əsas istiqamətindən biri xarici vətəndaşların ölkədə yaşamasını tənzimləməkdir. Əsas yanaşmamız ondan ibarətdir ki, əcnəbilər sənədləşmə ilə bağlı yükü maksimum az hiss etsinlər”.
V.Hüseynov ATU-nun cəlb etdiyi xarici tələbə sayına görə birinci yerdə olmasının ali məktəbdə yüksək səviyyəli təhsil və düzgün qurulmuş təşviqat işi ilə əlaqəli olduğunu bildirdi. Xidmət rəisi təşkilatın pilot layihə kimi təqdim etdiyi “Miqrasiya könüllüləri”nin ilk dəfə məhz ATU ilə birgə işlədiyini və artıq müsbət nəticələrin izləndiyini bildirdi.
Sonra Dövlət Miqrasiya Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Kələntərov “Könüllü Miqrasiya” İctimai Birliyi haqqında təqdimatla çıxış etdi. Qeyd olundu ki, xidmət nəzdində artıq 2000-dən çox qeydiyyatdan keçmiş miqrasiya könüllüsü var. Bu layihənin əsas məqsədi gənclərə yeni biliklər və təcrübə əldə etmək, şəxsi inkişaflarını yeni imkanlarla təmin etmək, Xidmətin fəaliyyətinə cəlb etməklə, onları bu sahə ilə daha yaxından tanış etmək imkanı yaratmaqdır.
Görüşün sonunda ATU rektoru Gəray Gəraybəyli və “Könüllü Miqrasiya” İctimai Birliyinin sədri Emil Gülmuradov arasında əməkdaşlığa dair memorandum imzalandı.
Qeyd edək ki, Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Könüllüləri Azərbaycan Tibb Universitetində təhsil alan əcnəbi tələbələrin miqrasiya sahəsində sənədləşmə işlərinə kömək göstəriblər. Memorandum çərçivəsində bundan sonra Miqrasiya Könüllüləri ali təhsil ocağında təhsil alan 2000-ə yaxın əcnəbi tələbəyə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsi verilməsi üçün sənədləşmə prosesində yaxından iştirak edəcək, onlara miqrasiya sahəsi üzrə geniş informasiya verəcək, maraqlandıran sualları cavablandıracaq, təklif və müraciətləri ümumiləşdirərək aidiyyəti üzrə göndərəcəklər.