Mirsaleh Abdullayev: “Öz yarasını unudub, yanındakı yaralıya yardım etməyimizi tələb edən əsgərlə necə öyünməmək olar?”


II Qarabağ müharibəsində yaralı əsgər və zabitlərimizə tibbi yardım göstərən fədakar həkimlərimizdən biri də ATU-nun III Cərrahi xəstəliklər kafedrasının asistenti, tibb üzrə fəlsəfə doktoru, Tədris Cərrahiyyə Klinikasının Plastik cərrahiyyə şöbəsinin müdiri Mirsaleh Abdullayevdir. Onun verdiyi açıqlamaya görə, sentyabrın 27-sində II Qarabağ müharibəsinin başlanması ilə əlaqədar Tibb Universitetinin və klinika rəhbərliyinin xeyir-duası ilə könüllü olaraq ön cəbhəyə yollanır. Tibbi xidməti zamanı hərbçilərimizlə bağlı hər kəsi duyuğulandıracaq şahidi olduğu çoxsaylı epizod və hadisələrdən də söhbət açdı.



Həkim təəssüratlarını bizimlə bölüşərkən bildirdi ki, ora çatanda təcili tibbi yardım və hərbi maşınlar yaralıları xəstəxanaya çatdırırlarmış: “Yerli əhali də xəstəxananın qarşısına toplaşaraq yaralıların daşınmasına kömək edirdi. Vaxt itirmədən xəstəxananın direktoru Natiq Şükürovla görüşüb, ona gəlişimin məqsədi barədə məlumat verdim. Dərhal cərrahiyyə formamı geyinərək fəaliyətə başladım. Gətirilən yaralılar ambulansdan düşürülən kimi çeşidləmə aparılır, yaraların ağırlıq dərəcəsindən asılı olaraq ya təcili yardım, ya da əməliyyatxana otağına yerləşdirilirdi. Xəstəxananın ulturasəs cihaz, rəqəmsal rentgen, digər müasir cihazlarla təmin edilməsi yaralılara yüksək səviyyədə tibbi yardım etməyimizə yardımçı oldu”.

M.Abdullayev xəstəxananın yaxınlığıda yerləşən Füzuli Diaqnostika Mərkəzində yaralılara kömək edən III Cərrahi xəstəliklər kafedrasının müdiri, professor Fariz Camalovun ən çətin anlarda onlara kömək və dəstək olmasından da danışdı:” Professor F.Camalov ən çətin anlarda bizə məsləhət və yardımını əsirgəmədi. Həmişə yanımızda oldu. Bu da bir gənc həkim kimi bizdə ruh yüksəkliyinin daha da artmasına, yaralılara yorulmadan tibbi xidmət göstərməyimizə səbəb oldu.Yardım göstərdiyimiz yaralılar yenidən çeşidlənərək döyüş bölgəsindən ya paytaxta, ya da digər rayonlarda təşkil olunmuş hospitallara təxliyə olunurdu.”

Həkim M.Abdullayev gün ərzində xəstəxanaya 80-150 arası yaralının qəbul edildiyini və fəaliyyət göstərdiyi 16 gün ərzində həkim briqadası tərəfindən 1000-dən çox yaralıya tibbi yardım göstərildiyini söylədi.

M.Abdullayev həmçinin yaralılarla bağlı bizi təsirləndirən və duyğulandıran bəzi məqamlara da toxundu: “ Diqqətimi çəkən əsas məqamlardan biri əsgərlərimizdə döyüş ruhunun, vətənpərvərlik hissinin yüksək və onların psixoloji cəhətdən hazırlıqlı olmaları idi. Sevindirici hal idi ki, yaralı əsgər və zabitlər yaralarının tez sağalmasını və yenidən döyüşə qayıtmalarını istəyirdilər. Onlarda qələbə eşqinin olması adamda fərəh hissi yaradırdı. Tələblərimizə baxmayaraq, bir yaralı komandirin ayağının yarası sarınan kimi, axsya-axsaya döyüşə qayıtmasını heç cür unuda bilmirəm. Öz yarasını unudub, yanındakı yaralıya yardım etməyimizi tələb edən əsgərlə necə öyünməmək olar?

... Sağ qolunun bazu nahiyəsindən güllə yarası almış əsgərimizə yardım göstərirdim. Yarası nisbətən yüngül idi. Amma əsgər amputasiya olunmasından ehtiyatlanaraq “doktor, mən döyüşə gələndən sonra övladım dünyaya gəlib. Onu heç qucağıma almamışam, qolumu kəsmə!”-deyən əsgərin arzularını eşidəndə necə kövrəlməyə, duyğulanmayasan?”

Bu tipli çoxsaylı nümunələrlə qarşılaşdığını bildirən M.Abdullayev qəhrəman əsgər və zabitlərimizə tibbi xidmət göstərdiyi üçün bunu özünə mənəvi borc hesab edir.

Atası tibb xidməti mayoru Miryaqub Abdullayevin də 1990-1998 illərdə I Qarabağ döyüşlərində iştrak etdiyini, hərbiçilərimizə tibbi yardım göstərdiyini və taleyin qisməti ilə onun da II Qarabağ müharibəsində atasının keçdiyi yolu davam etdirdiyini də bildirdi. Qazanılmış qələbədə müzəffər ordumuzla yanaşı, həkimlərimizin də kifayət qədər rolu olduğunu vurğulayan M.Abdullayev bir füzulili kimi Vətən qarşısında göstərdiyi xidmətdən qururlandığını da dilə gətirdi.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu