Kömür elektrik stansiyalarının bağlanması karbon emissiyasının qarşısını alacaq


2040-cı ilə qədər dünyada 296 min 713 meqavat gücündə kömür elektrik stansiyalarının bağlanması ilə 1,4 milyard ton karbon emissiyasının qarşısı alınacaq.



Global Energy Monitor (GEM) beynəlxalq qeyri-hökumət təşkilatının məlumatlarının toplusuna əsasən, hazırda dünyanın 75 ölkəsində təxminən 2440 kömür elektrik stansiyası var. Bu elektrik stansiyalarının gücü 2 milyon 130 min 119 meqavatdır.

Bu elektrik stansiyalarının illik karbon emissiya səviyyəsi 10 milyard ton olaraq hesablanır.

Kömür elektrik stansiyalarının 78,3 faizi Asiyada, 10,4 faizi Amerika qitəsi ölkələrində və 7,8 faizi isə Avropa ölkələrində yerləşir.

Ölkə miqyasında 1 milyon 136 min 731 meqavatla Çin, ikinci yerdə 237 min 148 meqavatla Hindistan və 200 min 90 meqavatla ABŞ sıralanır.

Qalıq yanacaq istifadəsi iqlim dəyişikliyinin ən böyük səbəblərindən biri kimi önə çıxır. Paris razılaşmasına uyğun olaraq, əksər ölkələr havanın temperaturunu 1,5 dərəcəyə qədər məhdudlaşdırmaq və qlobal karbon emissiyalarını azaltmaq hədəflərinə uyğun olaraq kömürdən uzaqlaşmağa üstünlük verirlər.

Ötən il 13 ölkədə 21 121 meqavat kömür gücü istismardan çıxarılıb.

Dünyanın 48 ölkəsi 2040-cı ilə qədər 296 min 713 meqavatlıq kömür elektrik stansiyalarını bağlamağı planlaşdırır. Bu rəqəm hazırda fəaliyyətdə olan elektrik stansiyalarının 14 faizinə uyğundur. Beləliklə, 2024-2040-cı illərdə 1,4 milyard ton karbon emissiyasının təbiətə atılmasının qarşısı alınacaq.

Bu çərçivədə bu il 22 min 915 meqavatlıq elektrik stansiyaları istismardan çıxarılacaq. Gələn il bu rəqəm 54 min 410 meqavata yüksələcək. Sözügedən dövrdə 104 min 90 meqavatla kömür tutumunu ən çox azaldan ölkə ABŞ olacaq. Birinci yerdə olan ABŞ-ı 30 min 507 meqavatla Cənubi Afrika, 24 min 240 meqavatla Almaniya izləyəcək.

Mənbə: Anadolu Ajansı



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu