Xarici diplomatlar ermənilərin Füzulidə törətdikləri cinayətlərlə tanış olublar - YENILƏNDİ


Ermənistan silahlı qüvvələrinin işğalından azad olunmuş Füzuli şəhərinə səfər edən Azərbaycandakı diplomatik korpusun nümayəndələri, o cümlədən səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəlikləri rəhbərləri Füzulinin Kürdlər kəndində olublar.

“Report”un işğaldan azad edilmiş Füzuliyə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ermənilərin kənddə törətdikləri vandalizm aktları, o cümlədən qəbiristanlıqdakı məzarları dağıtmaları barədə məlumat veriblər. Bununla yanaşı, ermənilərin tarixi, mədəni abidələri dağıtmaları diplomatların diqqətinə çatdırılıb.

****

Ermənistan silahlı qüvvələrinin işğalından azad olunmuş Füzuli şəhərinə səfər edən Azərbaycandakı diplomatik korpusun nümayəndələri, o cümlədən səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Füzuli şəhərinin mərkəzinə, dağıdılmış mədəniyyət mərkəzinə, məscidə baş çəkərək, ermənilərin törətdikləri vandalizm aktları ilə yerindəcə tanış olublar.

“Report”un işğaldan azad edilmiş Füzuliyə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, ermənilər tərəfindən dağıdılmış mədəniyyət mərkəzinin qarşısında 27 il sonra skripka ilə mahnı ifa edilib.

Xarici diplomatlara həmçinin Füzulidə ermənilər tərəfindən dağıdılmış qədim Hacı Ələkbər məscidi nümayiş etdirilib.

Füzuli sakini Şərafət Hacıyeva 27 il sonra öz yurduna qayıtmasından sevincini ifadə edib. O, qeyd edib ki, Füzulini 1993-cü ildə tərk edib. Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında işğal altında olan əraziləri, o cümlədən Füzuli rayonunu erməni işğalçılarından azad edib.

Qeyd edək ki, ölkəmizdəki diplomatik korpusun nümayəndələri, o cümlədən səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Ermənistan silahlı qüvvələrinin işğalından azad olunmuş Füzuli şəhərinə səfər ediblər.

Səfərin məqsədi diplomatları və hərbi attaşeləri Füzuli şəhərində Ermənistan silahlı qüvvələrinin törətdikləri vəhşiliklər, cinayət izləri ilə yerindəcə tanış etməkdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu