“Kapital Bank” jurnalisti məhkəməyə verdi


“Kapital Bank” ölkəmizdə fəaliyyət göstərən banklardan sadəcə biridir. Sözügedən banka qarşı nə qərəzimiz olub, nə düşmənçiliyimiz. Hətta onu deyə bilərik ki, “Kapital Bank” haqqında müqavilə əsasında işlədiyimiz dönəm də olub, “qardaşlıq” adı altında təmənnasız əməkdaşlıq etdiyimiz dönəm də.


Sizə nədən danışım, “Kapital Bank”ın bizi, daha dəqiq desək, Odər Qənini məhkəməyə verməsindən. Səbəb isə banka göndərdiyimiz rəsmi sorğunu 13 gün müddətində cavablandırmadığı üçün saytda dərc etdiyimiz şikayətdir. Görünür, hətta etik olaraq “qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq” deməyimizə baxmayaraq, vətəndaşın “Kapital Bank” birkart məhsulundan şikayət etməsi bankı yamanca əsəbiləşdirib. Buna görə də “gözəl” bir şikayət ərizəsilə üz tutublar Səbail rayon məhkəməsinə. Niyə Səbail məhkəməsi? Çünki həmin rayonun Badamdar qəsəbəsində qeydiyyatdayam, amma artıq 10 ildən çoxdur həmin qeydiyyat ünvanında yaşamıram. Amma buna baxmayaraq məhkəmə dəfələrlə həmin ünvana məktub göndərib, mənə çatmadığı üçün təbii olaraq məhkəmədən də xəbərim olmayıb. Ta ki, icraçı Tural bəy mənə zəng edib “qardaş məhkəməni uduzmusan. Xahiş edirəm ofisə yaxınlaş” deyənə qədər. Aydın məsələdir ki, bankın məhkəməyə əlaqə vasitələrimi natamam verməsi mənim məhkəmədə iştirak etməyimi istəməməsindən irəli gəlir. Yəqin icarçıya şəxsi telefon nömrəmi belə verən bankın məhkəmədə birtərəfli olaraq mənimlə çəkişməsi onun üçün daha asan olub.

Yazının əvvəlində də dediyim kimi, “Kapital Bank”la və ya mətbuat katibi Pərviz Sədrəddinovla heç vaxt pis münasibətimiz olmayıb. Telefonda danışanda bir-birimizə "qardaş" deyirdik, amma bilmirdim ki, mənə "qardaş" deyən məni məhkəməyə verdirib. Niyə belə düşünürəm? Çünki məhkəmədən xəbərim olandan sonra “qardaş” telefonlarıma cavab vermir. Bax, burada Kərəmi ağlamaq tutur. Deməli, “Kapital Bank” ilk dəfə birkart məhsulununun texniki işlərinə start verəndə biz yazdıq ki, bank bazara belə bir məhsul buraxacaq. “Qardaş” dayanmadan yığdı ki, "başıva dönüm etmə-eləmə. Biz bunun haqqında böyük şeylər düşünmüşük və bu məhsulu bazara çıxarmadan sən bunu yazmısan". Xahişi yerə düşən Pərvizin əlindəki son “kozr”ı isə "Rövşən müəllim xahiş edir ki, bu məsələni bağlasın, məhsulun tanıtımını ilk olaraq ona verərik eksklüziv yayımlayar" oldu. Nə isə baş ağrı olmasın, biz də məsələni bağladıq, xəbəri rəsmi saytımızın arxivinə atdıq. Bundan əvvəl isə “Kapital Bank”ın yasamal filialında soyğun olmuşdu. Soyğunu detallı şəkildə yazdıq və təbii ki “qardaşımız” Pərvizlə də bu barədə razılaşdıq. Oğurlanan məbləği yazar-yazmaz isə Pərviz Sədrəddinov dərhal zəng etdi ki, "Qardaş, quzu kəsərəm məbləği yazma, sil". Dialoqumuz isə tam olaraq belə idi.

Pərviz: Qardaş quzu kəsərəm o məbləği sil də.

Odər: Niyə? Burada sizin nə marağınız var? Bank soyulubsa, pul da oğurlanıb da...

Pərviz: Başa düşürəm, amma sən onu sil qoy rəqəmi polis açıqlasın.

Odər: Qardaş, məbləği səhv yazmışıqsa, düzəldək.

Pərviz: Yox, düzdü, amma sən yenə də sil də (gülür).

Olsun, onu da sildik. Bundan sonra Pərviz Sədrəddinov mənə zəng edərək "Qardaş, Rövşən müəllim “Kommersant.az” saytına girib axtarışda “Kapital Bank” yazıb baxır. Gəl, sən bizim press-relizləri dərc elə də. O da görsün ki, işləyirik, iş gedir". Razılaşdım. Çünki o vaxtı “qardaşlıq” münasibəti var idi axı. Bir dəfə “Kapital bank” haqqında müştəri şikayəti yazar-yazmaz bank həmən məhkəmənin qapısını döyüb. Bizim sizə bu qədər yaxşılığımızı bir yazıyla sildinizsə, sözün bitdiyi yerdir. Özü də o yazı ki, bununla bağlı Pərvizlə telefonda da danışmışdıq. O dialoqu da olduğu kimi təqdim edirik:

Odər: Qardaş, birkartdan şikayət var. Müştəriniz iddia edirik ki, sizin plastik kartınız onda olmadığı halda adına birkart açılır, əməliyyatlar aparılır və daha sonra kart mobil əlavədən silinir. Müştəriniz də telefondan ekran şəkili çəkib və şikayətini göndərib bizə.

Pərviz: Gəl, sən onu sorğu kimi göndər mən buradan maraqlanaram.

Amma nə maraqlanan oldu, nə adını çəkən. Biz də gördük ki, bankdan səs-soraq gəlmir, əlimizdə olan materialları saytımızda dərc etdik. Əgər bankın mətbuat katibi vaxtında sorğuya reaksiya versəydi, biz də daha dolğun məlumatlar dərc edərdik. Ya da standart “qardaş, eləmə dəə” desəydi, bəlkə də belə olmazdı. Telefonlara cavab vermədiyi üçün buradan Pərvizə demək istəyirəm ki, arada girib “Kommersant.az” sayıtnın axtarış yerində “Kapital Bank”yazsın.

Biz də boş dayanmadıq və bankı Bakı Apellyasiya məhkəməsinə verdik. Aprel ayının 15-də Elnur Həsənovun hakimliyi ilə “Kapital Bank” və “Kommersant.az” arasında çəkişmə olacaq. Saytın təsisçisi olaraq bütün haqlarımızı sona qədər qoruyacağımızı bəyan edirik!



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu