Azərbaycanda uşaqların böyük problemi: uşaqpulu bizdə və dünyada


Azərbaycanda uşaqpulunun verilməsi ilə bağlı təkliflər ciddi mübahisə predmetinə çevrilib. Ekspertlər uşaqların sosial təminatı üçün müavinətlərin verilməsini mümkün hesab etsə də, rəsmi qurumlar bunu reallaşdırmaqdan hələ ki, yayınırlar.


Halbuki, aparılan soisial, iqtisadi hesablamalar təsdiq edir ki, Sovet dövründən “uşaqpulu” adlandırılan aylıq sosial yardım proqramını yeni normativlər əsasında bərpa etmək etmək olar. Bunun həyata keçməsində sadəcə olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi, İqtisadiyyat Nazirliyi kimi cavabdeh dövlət orqanları maraqlı olmalıdır. Bu qurumların fəaliyyəti isə daha çox medianın qaldırdığı “uşaqpulu”nun bərpası kimi təşəbbüslərə senzor hücumları təşkil etməklə cavab verməkdən ibarətdir.
Hazırda Azərbaycanda 400 min nəfərə yaxın uşaq sosial müavinətlə təmin olunur. Ancaq bu siyahıya daha çox sağlamlıq imkanları məhdud olan uşaqlar, müvəqqəti sosial müavinət alan ailələrin uşaqları və digərləri daxildir. Ümumilikdə, uşaqpulu məsələsi Azərbaycanda sosial yardımdan daha çox ciddi ictimai problemə çevrilib. Lakin həm keçmiş SSİi-yə daxil olan ölkələrdə, həm də Avropa Birliyinə daxil olan dövlətlərdə ailələr uşaqpulu ilə təmin olunur. Hətta onların arasında milli gəliri, təbii sərvətləri Azərbaycandan xeyli aşağı olan dövlətlər də var. Əgər həmin ölkələr uşaqpulu verə bilirsə, deməli, bu, Azərbaycanda da mümkündür. Azərbaycanda uşaqpulu məsələsini arxivə göndərməkdə maraqlı olan dairələr bu yardımın guya Sovet dövrünə aid olması barədə cəfəng və savadsız fikirlər irəli sürür. Əvvəla, müstəqillik dövründə Azərbaycanda uşaqpulu ödənilib və bu proses 2006-cı ilə qədər davam edib. Həmçinin, müasir Avropa ölkələrində, o cümlədən Britaniyada, Almaniyada, Fransada, İsveç, Danimarkada, eləcə də vaxtilə SSRİ-yə daxil olan Latviya, Litva və Estoniyada bu təcrübə tətbiq olunur. Dünya ölkələrində uşaqpulu müəyyən kateqoriyalar üzrə ayrılır. Bəzi ölkələr buna insan kapitalı kimi yanaşır. Yəni uşaqpulu cəmiyyətin gələcəyinin sağlam, sosial rifah tərzinin yüksək səviyyədə formalaşması məqsədilə verilir. Bir sıra ölkələrdə uşaqpulu aztəminatlı ailələrin sosial vəziyyətini yaxşılaşdırmağa xidmət edir. Demoqrafik problemlə üzləşən ölkələr isə əhalinin sayını artırmaq üçün uşaqpuluna stimullaşdırıcı vasitə kimi yanaşır. Yəni ailədə uşaqların sayına uyğun olaraq, ödənilən müavinətlərin də məbləği artırılır. Bir sıra ölkələrin təcrübəsinə nəzər salaq.

Rusiya

Rusiyada uşaqpulu minimum əmək haqqının məbləği 2019 və 2020-ci illərlə müqayisəli hesablama dövrü və indeksasiya əsasında təyin edilir. 2021-ci il yanvarın 1-dən etibarən müavinətlərin hesablanmasında üçpilləli bir sistem tətbiq olunur. Bu zaman uşaqların bölgələr üzrə yaşayış minimumu əsas götürülür və üçpilləli sistem üzrə həyata keçirilir. Uşaqpulunun ayrılması zamanı birinci mərhələ üçün 50 faiz yardım və ya 5630 rubl (73 dollar) baza məbləği nəzərdə tutulur. Əgər 50 faizlik müavinət bölgədəki ailənin minimum yaşayış səviyyəsini təmin etmirsə, o zaman yardımın həcmi 75 faizə və 8475 rubla (110,83 dollar) qaldılır. Bu vəsat də ailənin regional yaşayış minimumunu təmin etməsə müavinətin həcmi 100 faiz və 11 300 rubla (147,77 dollar) qədər artırılır. Cari ildən Rusiyada koronavirus pandemiyası ilə əlaqədar uşaqpulunun verilməsi proseduru sadələşdirilib. Ödənişlər ərizə təqdim etmədən avtomatik olaraq həyata keçirilir. Rusiyada uşaqpulu 2018-ci il yanvarın 1-dən verilir. Uşağın doğulduğu və ya övladlığa götürüldüyü ailələr birinci və ya ikinci uşaq üçün aylıq ödəniş almaq hüququna malikdirlər. Lakin həmin ailələrdə adambaşına düşən gəlir minimum əmək haqqının iki mislini keçməməlidir. 2021-ci ildən Rusiyada minimum əmək haqqı 12.792 rubl təşkil edir. Müavinətin miqdarı uşağın yaşayış minimumu üçün nəzərdə tutulub. 2021-ci ilin aprelin 1-dən aztəminatlı ailələrdə 3-7 yaşlarında olan uşaqlara ödənilən aylıq və birdəfəlik ödəniş qaydaları dəyişib. Bəzi ödənişlərin həcmi və qeydiyyatı üsulları yeni qaydalar əsasında müəyyənləşib. Lakin uşaqpulu almaq istəyən ailələr sosial müdafiə orqanları tərəfindən xüsusi yoxlamadan keçməlidir. Bu zaman ailənin gəlirləri, daşınmaz əmlak, bank depozitləri nəzərə alınır. Ən vacib meyar kimi bölgələrdə yaşayan ailələrin yaşayış səviyyəsinin aşağı olması götürülür. Rusiyanın bölgələrində yaşayan ailənin adambaşına düşən orta aylıq gəliri iki nəfərin yaşayış minimumundan aşağı olduqda birinci və ikinci uşağa 3 yaşına çatana qədər aylıq uşaqpulu verilir. 2021-ci il fevralın 1-dən etibarən müavinətin indeksləşdirilməsi nəticəsində ödənilən məbləğ 18 886 rubl və ya 246,9 dollar təşkil edir. Bu birdəfəlik ödəmə valideynlərdən birinə uşaq doğulduqdan dərhal sonra verilir. İki, üç və ya dörd uşaq dünyaya gəldikdə həmin müavinət hər bir uşaq üçün ayrı ödənilir. Rusiyada birinci uşağın doğulmasına görə ödənilən və analıq kapitalı adlanan xüsusi müavinət forması var. Həmin məbləğ 2021-ci ildə indeksləşdirildikdən sonra 483 881 rubla (6328 dollar) yüksəlib. 2007-ci il yanvarın 1-dən 2020-ci il yanvarın 1-ə qədər anadan olmuş və ya övladlığa götürülmüş uşaqlarda isə bu məbləğ 639.431 rubl və ya 8362 dollar təşkil edir. Valideyin birinci uşağa görə analıq kapitalı alıbsa, ikinci uşağı dünyaya gətirdikdə 155 500 rubl müavinət alır. Bir yaş yarımdan kiçik uşaqlar üçün ödənişlər həm valideynlər, həm də uşağa baxan qohumlar tərəfindən alına bilər. Uşağın anası, atası və ya nənəsi minimum məbləğə arxalana bilər . Onlar rəsmi olaraq işləməsələr də, müavinət 2021-ci ildə 6.752 rubl və ya 88 dollar təşkil edir. Valideynlərdən biri işləyirsə, o halda müavinətin miqdarı orta aylıq əməkhaqqının 40 faizinə bərabər olur. Rusiyada uşaqpulu üçpilləli sistem üzrə yalnız azyaşlılara deyil, həmçinin 23 yaşa qədər əyani təhsil alan tələbələrin də ailələrinə də ayrılır.

Qazaxıstan

Qazaxıstanda uşaqpulu 0-18 yaşlarını əhatə edir. Dövlət müavinətləri həm tək, həm də çoxuşaqlı ailələri əhatə edir. Qazaxıstan prezidenti Qasım Jomard Tokeyin fərmanı ilə bir uşağa görə ödənilən müavinətin həcmi 2021-ci ildə 16802 tengeyə qədər (40 dollar) artırılıb. Bu məbləğ ikinci uşağa görə 19 865 tenge və ya 47 dollar təşkil edir. Üç uşaqlı ailələrə isə 22 899 tenge və ya 54,5 dollar aylıq maddi yardım verilir. Dörd övladı olan valideynlər və qəyyumlar 46 759 tenge müavinət alır. Bu isə 114 dollara bərabərdir. Beşuşaqlı ailələr 58 457 tenge, yaxud 139 dollar uşaqpulu alır. Qazaxıstan hökuməti altı uşağı olana 70 154 tenge və ya 167 dollar, yeddi uşağa görə isə 81 851 tenge, və ya 195 dollar müavinət ödəyir. Bu göstərici səkkiz uşaqda 93 334 tenge və ya 222 dollar, doqquz uşaq üçün 105 012 tenge və ya 250 dollar təşkil edir. On uşaqlı ailələrə isə Qazaxıstan dövləti 116 680 tenge və 278 dollar uşaqpulu verir. Eyni zamanda, 2021-ci ildən etibarən Qazaxıstanda qadınlara xüsusi status verən mükafatlar təsis edilib. “Ana şücaəti”, “Gümüş boyunbağı” və “Qızıl boyunbağı” mükafatlarına layiq görülmüş çoxuşaqlı ailələrin anaları 18 669 tenge və ya aylıq 44 dollar maddi yardım alır. Bundan başqa, çoxuşaqlı ailələrə verilən müavinətlər övladı əyani təhsil alan ailələrə də şamill edilir. Bu dəstək 23 yaşa qədər davam etdirilir.

Türkiyə

Türkiyədə 2015-ci ildən bəri ödənilən uşaqpulu müavinətləri iki kateqoriyaya bölünür. Bunlar doğuşa görə anaya verilən birdəfəlik yardımdan və orta məktəb yaşı çatmış uşaqlara görə ödənilən sosial müavinətdən ibarətdir. Həmin müavinətlər hökumətin konkret tələbləri əsasında təmin edilir. Uşaqpulu valideynlərinin sığortası olmayan, valideynlərin adına əmlak olmayan, dul, yetim və pensiya təqaüdü almayanlara verilir. Ailələrə verilən uşaqpulu hər il minimum əməkhaqqı kimi müəyyən nisbətdə artırılır. Bundan başqa, Türkiyədə uşaqpulunun məbləği uşaqların sayına görə fərqlənir. Yəni birinci doğuşa görə 300 türk lirəsi müavinət alan ana, ikinci doğuş zamanı 400, üçüncü uşaqda isə 600 lirə alır. Türkiyədə uşaqpulu ödənilərkən valideynin məşğulluq vəziyyəti nəzərə alınmır. Qanunvericiliyə görə, uşağı dünyaya gətirən ana Türkiyə vətəndaşı olmalıdır. Uşaqpulu yalnız 2015-ci il may ayının 15-dən sonra doğulan uşaqlara görə verilir. Sözügedən müavinətin ödənilməsi üçün mühüm şərtlərdən biri də orta təhsil prosesinin davamlı olmasıdır. Orta məktəbdə oxumaqdan imtina edən azyaşlılara uşaqpulunun verilməsi də dayandırılır. Bu baxımdan, ibtidai sinifdə oxuyan oğlanlar üçün bu müavinət 35 türk lirəsi, qızlar üçün 55 TL təşkil edir. Orta təhsil alan oğlanlara hər ay 45 lirə, qızlar üçün isə 55 TL uşaqpulu ödənilir.

Belarus

Belarusda uşaqpulu hamiləliyin 12-ci həftəsindən səhiyyə təşkilatlarında qeydiyyatdan keçmiş qadınlara verilməyə başlayır. Növbəti mərhələlərdə bu müavinət birinci, ikinci və əkiz doğuşlara görə ödənilən birdəfəlik ödənişlərə görə fərqlənir. Eyni zamanda, Belarusda fiziki sağlamlığı məhdud olanlara da müavinət verilir. Lakin hazırkı araşdırmamızın predmeti fiziki sağlamlığı məhdud olmayan uşaqların dünyaya gəldiyi vaxtdan həddi-büluğa çatana qədər sosial təminatına yönəlmiş müavinətlərdir. Belarus ailəsində doğulan ilk uşağa 3 yaşınadək baxmaq üçün ödənilən aylıq müavinət 2020-ci ilin IV rübününü orta aylıq əmək haqqının 35 faizi miqdarında ödənilir. Bu məbləğ 472.92 rubl və ya 179 dollar təşkil edir. 3 yaşınadək olan ikinci uşağa və digər uşaqlar üçün aylıq müavinətlər 2020-ci ilin IV rübünə dair orta aylıq əmək haqqının 40 faizi məbləğində ödənilir . Bu isə 540.48 rubl və ya 205 dollar edir. Köçürmə zonasında və ya köçürülmə hüququ olan zonada radioaktiv çirklənməyə məruz qalan ərazidə daimi yaşayan şəxslərə 3 yaşınadək uşağa qulluq üçün ayrıca müavinət nəzərdə tutulub. Bu, birinci uşağa görə, 2020-ci ilin IV rübü üçün orta aylıq əmək haqqının 35 fazinin 150 faizi həcmində ödənilir. Həmin vəsait 709.38 rubl və ya 269 dollar təşkil edir. Qeyd edilən kateqoriyaya aid olan 3 yaşdan yuxarı ikinci və digər uşaqlar üçün bu müavinət 2020-ci ilin IV rübünün orta aylıq əmək haqqının 40 faizinin 150 faizi məbləğində müəyyən edilib. Bu isə 810,72 rubl və ya 308 dollar təşkil edir. 3-18 yaş arası uşaqların böyüdülməsi üçün ayrılan aylıq müavinətin həcmi ölkə üzrə yaşayış minimumunun 50 faizinə bərabərdir. Bu da 131,44 rubl və 49 dollar civarındadır.

Litva

Avropa Birliyi ölkələrində isə uşaqpulunun verilməsi bir növ məcburi sayılır. Uşaq müavinəti məbləğini hesablayan əmsal müəyyən edilir. Belə ki, sosial müavinətlərin baza məbləğinin 1,75 faizi uşaqpulu üçün ayrılır. Bu normaya uyğun olaraq Litvada uşaqpulu 2021-ci il yanvarın 1-dən 60 avrodan 70 avroya qədər artırılıb. Litvada 518 min azyaşlı uşaqpulu ilə təmin edilir. Eyni zamanda, 144 min nəfər uşaq əlavə müavinət alır. Uşaq pulu uşağın peşə təhsili müəssisələri də daxil olmaqla ümumi təhsil proqramını əhatə etdikdə anadan olduqdan 18 yaşına qədər və ya 21 yaşına qədər ödənilir. Ailənin orta aylıq gəliri, uşaqpulu və maaşın bir hissəsi, işsizliyə görə sosial sığorta müavinətləri istisna olmaqla, hər bir ailə üzvü üçün 256 avronu keçməzsə, o, kasıb sayılır. Litvada uşaq doğulduğu andan 2 yaşına çatana qədər hər ay 240 avro müavinət verilir. Lakin sağlamlığı məhdud olan uşaqlar, çoxuşaqlı ailələrin və aztəminatlı ailələrin övladları üçün daha çox müavinət ayrılıb. Sonuncu kateqoriyadan olanlar üçün verilən müavinətlərin həcmi 100 avrodan 110 avroya qədər artırılıb. Ümumilikdə 2021-ci ilin dövlət büdcəsindən Litva hökuməti uşaqpulu üçün əlavə 63 milyon avro xərcləməyi qarşıya məqsəd qoyuib. Bununla yanaşı, Litva hökuməti uşaqların sosial təminatı üçün başqa proqramların da icrasına başlamağı qərara alıb. 2021-ci ilin sentyabr ayından etibarən orta məktəblərdə yalnız aztəminatlı ailələrin uşaqları, hazırlıga və birinci sinifə gedən şagirdlər deyil, bütün ikinci sinif şagirdləri də təhsil müəssisələrində pulsuz yemək yeyəcəklər. Cari tədris ilində Litvada ümumi şagirdlərin sayı 350 min nəfər təşkil edir ki, onlardan təxminən 100 mini hazırlıq və birinci sinif, 126 min nəfəri isə ikinci sinif şagirdi olmaqla pulsuz yemək hüququ qazanıb.

M.Vahidli AFN



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu