Qarabağda təhsilin inkişaf strategiyası - mövcud vəziyyət, təkliflər, yeni kadr potensialı


Ötən 2020-ci il Azərbaycan tarixində Qələbə ili kimi yadda qaldı və torpaqlarımız erməni işğalından azad olundu. Artıq Böyük Qayıdışın başladığını deyən ölkə başçısı bildirib ki, 2021-ci ildə işlərimiz çoxdur, bizim əsas diqqətimiz azad edilmiş torpaqlara olmalıdır və bu sahədə ilkin infrastruktur layihələrinin icrası artıq başlanılıb: “Gələcəkdə bizi böyük işlər gözləyir, ölkəmiz üçün yeni dövr başlayır, quruculuq dövrü, inkişaf dövrü, torpaqlarımızın bərpası günləri bizi gözləyir. Baxmayaraq ki, düşmən işğal etdiyi və artıq azad edilmiş torpaqlarda hər şeyi dağıdıb, biz bütün şəhərlərimizi, kəndlərimizi bərpa edəcəyik. Dağıdılmış ərazilərdə infrastrukturun, mədəni obyektlərin, təhsil ocaqlarının bərpası başlıca vəzifələrdən biridir".



İşğal zamanı ərazilərin təhsil mənzərəsi

Qarabağ ərazisində təhsilin inkişaf tarixinə baxsaq görərik ki, ilk dünyəvi qəza məktəbi məhz Azərbaycanın Mədəniyyət paytaxtı olan Şuşa şəhərində, 1830-cu ildə fəaliyyətə başlayıb. Adıçəkilən 190 yaşlı Şuşa qəza məktəbi özündə böyük bir tarixi saxlayaraq, illər boyu elm və təhsilə böyük töhfələr verib, bir çox akademik və elmlər doktorları, ictimai xadimlər yetişdirib. Çar hökuməti dövründə dünyəvi təhsilə keçidin, inkişafın və bu sahənin tərəqqisinin növbəti nümunəsi kimi burada 1881-ci ildə fəaliyyətə başlayan, görkəmli pedaqoq və sənətkarlar yetişdirmiş Şuşa real məktəbini də göstərmək olar. Sonrakı dövrdə Qarabağda kifayət qədər təhsil ocaqları fəaliyyətə başlayıb və təhsil sektoru daha da inkişaf edib. Lakin erməni silahlı qüvvələri işğal etdiyi ərazilərdə bütün yaşayış və iaşə obyektləri kimi təhsil müəssisələrini də darmadağın edib. Ümumiyyətlə, 1990-cı illərin əvvəllərində baş vermiş Qarabağ müharibəsi dövründə təhsil müəssisələrinin bəzilərinin fəaliyyəti dayandırıldı, bəziləri isə müvəqqəti olaraq başqa bölgələrə köçürmək məcburiyyətində qaldı. Ermənistanın işğalçılıq siyasəti yeritdiyi dövrdə Qarabağda 693 məktəb, 855 uşaq bağçası dağıdılıb.
Bu gün işğaldan azad edilmiş torpaqlarımızda mövcud olmuş təhsil müəssisələrinin statistikasına diqqət yetirsək görərik ki, məsələn, Şuşada işğala
qədər 7 məktəbəqədər uşaq müəsssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif və kənd təsərrüfatı texnikumları, orta ixtisas musiqi məktəbi fəaliyyət göstərib. Hazırda ümumilikdə 22 ümumtəhsil, 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.
Laçında işğala qədər 100 ümumtəhsil məktəbi, 5 məktəbəqədər təhsil müəssisəsi, 5 musiqi məktəbi, 1 internat və 1orta texniki peşə məktəbi fəaliyyət göstərirdi. Laçın rayon Təhsil Şöbəsi Ağcabədi rayonu Taxta körpü qəsəbəsində fəaliyyət göstərir. Hazırda rayonun 5 məktəbdənkənar təhsil müəssisəsi, 11 ümumtəhsil məktəbi o cümlədən 82 tam orta, 29 orta məktəbi ölkənin 15 şəhər və rayonunda fəaliyyətini davam etdirir.
Ağdam rayonunda işğala qədər 34 uşaq bağçası və körpələr evi, 89 ümumtəhsil məktəbi fəaliyyət göstərib ki, buraya 16 ibtidai, 36 səkkizillik, 37 orta məktəb daxil idi. Ümumtəhsil məktəblərində 30 min 86 nəfər təhsil alırdı. Eyni zamanda 4 fəhlə-gənclər, 1 qiyabi-orta, 2 kəndli-gənclər məktəbində 1201 nəfər təhsil alırdı. Rayonda 4 orta ixtisas təhsili mərkəzi yerləşirdi ki, buraya daxil olan kənd təsərrüfatı, kənd təsərrüfatının mexanikləşdirilmə və elektrikləşdirilməsi texnikumları, musiqi və tibb məktəblərində 1269 nəfər təhsil alırdı.
Kəlbəcər rayonunda işğala qədər 2 məktəbəqədər müəssisədə 70 uşaq tərbiyə alır, 8 ibtidai, 43 səkkizillik, 26 orta məktəbdə 12 min şagird təhsil alırdı. Burada fəaliyyət göstərən yeddillik musiqi məktəbində 125 şagird oxuyub.
Qubadlı rayonunda işğala qədər 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəb fəaliyyət göstərib. Məktəbəqədər təhsil müəssisələrinin sayı 7 olub. Bu təlim-tərbiyə və təhsil müəssisələrində 1280 nəfər müəllim çalışıb. Onlardan 925 nəəfər ali təhsilli idi. 43 nəfər məktəbəqədər müəssisələrdə çalışırdı. 5852 nəfər şagird ümumtəhsil məktəblərində təhsil alır, 272 azyaşlı isə məktəbəqədər təhsil müəssisələrində tərbiyə alırdı.
Zəngilan rayonunda işğaldan əvvəl 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi fəaliyyət göstərib.
Füzuli və Cəbrayıl rayonlarında vaxtilə mövcud olmuş 86 və 73 məktəbdən hazırda Azərbaycanın müxtəlif rayonlarında, müvafiq olaraq, 80 və 41 tədris müəssisəsi fəaliyyət göstərir. Həmin məktəblərdə əslən Dağlıq Qarabağdan olan 22000-dən artıq şagird oxuyur və 3000-dən artıq müəllim dərs deyir.
Ermənilər tərəfindən həyata keçirilən separatist fəaliyyət nəticəsində Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonlarda yerləşən 6 peşə təhsili müəssisəsinin fəaliyyəti tamamilə dayandırılıb, 5 peşə təhsili müəssisəsi isə müvəqqəti olaraq digər bölgələrə köçürülüb. Müvəqqəti olaraq digər bölgələrə köçürülən peşə təhsili müəssisələri arasında Kəlbəcər Peşə Məktəbi, Laçın Peşə Məktəbi, Cəbrayıl Peşə Məktəbi və Füzuli Dövlət Peşə Təhsil Mərkəzi yer alır. Qubadlı Peşə Məktəbi, Zəngilan Peşə Məktəbi, 1,3 və 5 nömrəli Ağdam Peşə məktəblərinin fəaliyyəti isə dayandırılıb.
Qarabağdakı ən mühüm təhsil ocaqlarından biri də Xankəndi Pedoqoji İnstitutu idi. Ermənistan silahlı qüvvələri tərəfindən Xankəndi işğal edildikdən sonra bu təhsil ocağı da fəaliyyətini dayandırıb. Xankəndi Pedoqoji İnstitutu Qarabağda fəaliyyət göstərən yeganə ali təhsil ocağı olub. 2 mindən çox tələbəsi olan Xankəndi Pedoqoji İnstitutu Qarabağın təhsil müəssisələri arasında özünəməxsus yer tuturdu. Bu institutun Yuxarı Qarabağın və ərazi cəhətdən ona bitişik olan başqa rayonların gənclərinin ali təhsilə yiyələnməsində xüsusi rolu olub. Pedaqoji İnstitut 1969-cu ildə Lenin adına Pedaqoji İnstitutun filialı kimi fəaliyyətə başlayıb. Bir neçə ildən sonra o zaman ölkəyə rəhbərlik etmiş Heydər Əliyevin göstərişi və Azərbaycan Nazirlər Sovetinin 1973-cü il qərarı ilə müstəqil ali məktəb kimi fəaliyyətini davam etdirib. Bu ali təhsil ocağında çalşan dəyərli alimlərimiz, Nazim Axundov, Kamil Quliyev, Xasay Cabbarov, Süleyman Zeynalov, Ənvər Əhməd, Mirələm Vəliyev, Abbas Abbasov, Yusif Ağayev, Zabil Bayramov, Şahlar Quliyev, Bəşəir Fərəcov, Yusif Fərzəliyev, Eldar Məmmədov və digər elm adamlarımız müntəzəm olaraq tarixi məhartlə, böyük ustalıqla saxtalaşdıran erməni "alim"lərinin cəfəng ideyalarına qarşı tutarlı tarixi faktlarla, elmi əsaslarla çıxmağı bacarıblar. İşğal zamanı pedaqoji kollektiv Şuşa şəhərində müvəqqəti sığınacaq tapıb, daha sonra isə institut Gəncəyə köşürülüb. Bir müddət sonra isə Nazirlər Sovetinin qərarı ilə Azərbaycanın 60 illiyi adına Xankəndi Pedoqoji İnstitunun fəaliyyəti dayandırılıb. Qeyd edək ki, Xankəndi Pedoqoji İnstitutunun məzunları bu gün ölkəmizin təhsil sistemində, ayrı-ayrı bölgələrdə peşəkar və bacarıqlı mütəxəssislər kimi tanınaraq pedoqoji fəaliyyətlərini uğurla davam etdirirlər.
Düşmən tərəfindən işğal olunan Dağlıq Qarabağ və ətraf rayonlarda 17 idman, 23 yaradıcılıq profilli olmaqla 40 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərib. Belə ki, Ağdam rayonunda 5, Cəbrayılda 5, Füzulidə 5, Kəlbəcərdə 4, Laçında 5, Qubadlıda 5, Şuşada 4, Xocavənddə 2, Zəngilanda isə 5 məktəbdənkənar təhsil müəssisəsi yerləşib. İşğal nəticəsində 8 məktəbdənkənar
təhsil müəssisəsinin fəaliyyəti tamamilə dayandırılıb, digərləri müvəqqəti olaraq müxtəlif bölgələrə köçürülüb.

Qarabağda təhsilin yenidən inkişaf perspektivləri

Bu gün ziyalılar da bu fikirdədir ki, Qarabağın sosial-iqtisadi inkişaf perspektivləri ilə bağlı vahid strategiyaya ehtiyac var. Bu strategiyada bölgədə təhsil sisteminin inkişafı həlledici rol almalıdır. Təkliflərdən biri ondan ibarətdir ki, Qarabağda pedoqoji kadrlar, inşaat mühəndisləri yetişdirəcək çoxsahəli bir universitet yaratmağa ehtiyac var. Hətta belə bir fikir də səsləndirilir ki, müəllimlərin hazırlanması üçün dövlət sifarişinin Bakıdan Azərbaycanın bölgələrinə verilməsi doğru yanaşmadır. Bu gün Bakıda müəllim heyəti üstünlük təşkil edir, ancaq bölgələrdə müəllim çatışmazlığı var. Dövlət sifarişləri regionlara verilsə, gənc heyət yerində qalacaq. Bir Bakı sakini pulsuz olaraq pedoqoji təhsil almaq istəyirsə, o zaman bölgəyə gedib orada təhsil ala bilər. Həmçinin bildirilir ki, pedoqoji təhsil sahəsində elmi araşdırmalara da ehtiyac var. Məsələn, Şuşa təhsil mərkəzlərindən biri olub və indi orada bakalavr səviyyəsində mütəxəssislər hazırlamaq mümkündür. Hazırda Xankəndi Dövlət Universitetinin yaradılması məqbul sayılıb.
Qarabağda təkcə ali təhsil deyil, həm də peşə təhsilini inkişaf etdirmək vacibdir. Texniki məktəblərdə və kolleclərdə kənd təsərrüfatı, inşaat və iqtisadi peşələrə tələbat olacaq. Bu da bir faktdır ki, Qarabağdan olan professorlar, elmlər doktorları çoxdur və onlar bölgələrə köçəcəyi təqdirdə orada dərs deyəcək, elmi işlərlə məşğul olacaq.
Ümumiyyətlə, ziyalılar bu fikirdədir ki, azad edilmiş ərazilərin bərpası zamanı təhsil sektorunda bir çox işlər görülməlidir. Məsələn, məktəblər, liseylər, gimnaziyalar tikmək lazım gələcək. Bu gün paytaxtda bir neçə universitet şəhərin mərkəzində, bir-birinin yanında yerləşir, nəinki həmin ərazidə, ictimai nəqliyyatda tələbə sıxlığı müşahidə edilir. Bölgələrdə, o cümlədən Qarabağda şəhərcikləri olan universitetlər tikmək lazımdır ki, tələbələr orada həm oxusunlar, həm də yaşasınlar. Həmçinin yeni təkliflərdən biri də odur ki, gələcəkdə turizm xidmətləri, tibb və s sahələrdə kadrlara ehtiyac olacaq. Şuşa öz musiqiçiləri ilə məşhurdur və ona görə də bu şəhərdə Bakı Konservatoriyasının filialı olan musiqi məktəbi açmaq olar.
Qarabağda tarixən əkinçilik və şərabçılıq inkişaf edib. Yüngül sənaye sahələrində olduğu kimi, bu sahələrdə də kadr hazırlamaq lazımdır. Bu sektorlarda mütəxəssislər Gəncədə hazırlanır, lakin Qarabağda bir universitetin açılması bu sahədəki kadrları paytaxta doğru axın etməkdən saxlamağa kömək edəcək. Beləliklə, Qarabağda həm ayrıca universitetlər, həm də paytaxt universitetlərinin filialları, eləcə də kollec açmaq olar. Hazırda bu praktika digər bölgələrdə tətbiq olunur. Məsələn, Qubada paytaxtın Pedoqoji Universitetinin bir filialı var. Bunun sayəsində paytaxtın az da olsa yüngülləşdirilməsi mümkün olacaq. Çünki bəzi universitetlərin Bakıdan köçürülməsi çoxdan təklif edilirdi.
Bu gün təkliflərdən biri də Qarabağda ilk olaraq modul tipli orta məktəblərin salınmasıdır. Burada ali məktəblərin olması oradakı abituriyentlərin paytaxta deyil, elə Qarabağda təhsil almasına imkan yaradar. Bu baxımdan təklif edilir ki, Qarabağ Dövlət Universiteti, Şuşa Dövlət Universiteti, İqtisad Universitetinin filialını açmaq olar. Ermənilər Şuşanı işğal etdikdən sonra orada iki universitet, Şuşa Texniki Universitet və İrəvan Kənd Təsərrüfatı Universitetinin Şuşa filialını açmışdılar. Bu gün həmçinin hərbi kadrların hazırlandığı təhsil müəssisəsi, regionun kənd təsərrüfatını nəzərə alaraq kənd təsərrüfatı kadrlarını hazırlayan universitet açılmalıdır. Hətta orada Polis Akademiyasının açılması da təklif edilir. Ümumiyyətlə, gələcəkdə rəhbər postlara təyinat üçün mütləq şəkildə daha çox azərbaycanlı kadrların olması məqsədəuyğun sayılır.
Qarabağda təhsilin inkişafı istiqamətində bir şox addımların atılmasına ehtiyac var. Yenu təhsil müəssisələri əhalinin işlə təmin edilməsinə, eyni zamanda həmin ərazilərin iqtisadi inkişafına təsir edəcək. Təhsil orada həm müdafiədir, həm ixtisaslı kadrdır, eyni zamanda məskunlaşmağa təsir edən birbaşa amildir. Artıq bu gün tamamilə əminliklə deyə bilərik ki, Azərbaycan öz torpaqlarının işğaldan azad olunmasında olduğu kimi həmin ərazilərin dirçəldilməsində də qətiyyətli mövqedədir. İşğal nəticəsində köçürülmüş təhsil ocaqları öz yurdlarına qayıdaraq ölkəmizin dayanıqlı inkişafının davamlılığı uğrunda parlaq gələcəyi yetişdirməyə davam edəcək.

Nigar ABDULLAYEVA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu