Çap mediası yaşamalıdır – qəzet redaktorları narahatdır


“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev AFN-ə müsahibəsində çap mediasının mövcud durumu ilə bağlı maraqlı məsələlərə toxunub. “Azərbaycanda çap mediası öldüsə, bu o demək deyil dünyada çap mediası ölüb” deyən A.Əliyev qeyd edib ki, Asiya, bir sıra Avropa ölkələrində çap mediasının özfəaliyyət dairəsinin genişlənməsinin şahidi oluruq. Azərbaycanda çap mediası gerçəkdən ölübmü? Bu sahədə hansı islahatlar gözlənilir və olmalıdır? Bu suallarla qəzet redaktorlarına müraciət etdik.





Aydın Quliyev: “Azərbaycanda çap mediasını ölü sayanların özləri ölüm ərəfəsindədir”

“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev AFN-ə açıqlamasında çap mediasını ölü sayanlarla razılaşmadığını bildirdi: “Azərbaycanda çap mediasını ölü sayanların özləri, görünür, ölüm ərəfəsindədir. Yaşayanlarla ölənlərin fərqini görmürlər. İkincisi, ölkədə media sahəsində islahatlar nə qədər zəruri olsa da, heç bir direktiv sənəddə şahidi olmamışam ki, bu islahatların əsas məqsədinin çap mediasının sıradan çıxarılmasından ibarət olması kimi fikir işlədilsin. Əksinə, ölkədə media sahəsində nəzərdə tutulan islahatlar çap mediasının, onlayın medianın , ümumiyyətlə, medianın bütün seqmentlərinin peşəkarlıq və dövlətçilik prinsipi üstündə daha səmərəli, hərtərəfli inkişafı nəzərdə tutulub. Nəinki hansısa media seqmentinin sıradan çıxarılması. Çap mediasının dövrü heç vaxt bitməyəcək. Çünki bu gündəlik tarix yazan bir salnamədir. Onun oxunma dərəcəsinin geniş olub-olmamasından asılı olmayaraq gələcəyi var. Aparılan islahatlar da həm çap mediasının, həm onlayın, auidiovizual media seqmentlərinin inkişafına yönəlmiş bir platformadır. Burada hər şeydən əvvəl medianın maliyyələşmə mexanizminin təkmilləşməsi, reklam bazarının açılması, informasiya mənbələrinə bərabər şəkildə çıxış imkanlarının təmin edilməsi, vahid media kartlarının tətbiqindən, ölkədə medianın vahid reyestr sisteminin yaradılmasından söhbət gedir. Hansı ki, həqiqən də medianın bugünkü inkişafında qarşıya çıxan çağırışları aradan qaldırmaqda və yeni meyillər müəyyənləşdirməkdə öz təsirini göstərə bilər. Əgər bu islahatlara hərtərəfli dəstək verilsə, ölkənin bütün media seqmentləri fayda götürə biləcək”.
Baş redaktorun sözlərinə görə, dünyada belə bir tendensiya yoxdur ki, çap mediası yerini onlayn mediaya versin: “Hər birinin özünün funksiyaları, fəaliyyət arenası və imkanları var və hər media seqmenti də özünün sfesifik xüsusiyyətləri əsasında informasiya məkanında özünü təsdiqləyir. Digər tərəfdən, bu gün dünyanın bir sıra ölkələrində çap mediası onlayın medianı özünün mötəbər və cari və analitik informasiyalar baxımından daha çox üstələdiyini ortaya qoyur. Onlayın medianın yarandığı, aktivləşdiyi cəmi 10-15 il ərzində onlayn mediaya qarşı olan iddialar, onlayn mediadakı fəsadlar, onlayn medianın milli-mənəvi, ictimai dəyərlərə, dövlətçilik prinsiplərinə, millətlər və dinlərarası münasibətlərə nə qədər böyük zərbə vurduğu göz qabağındadır. Ancaq çap mediasının belə neqativ rollarından çox cüzi hallarda danışmaq olar. Ona görə əslində çap mediasının mötəbərlik baxımından perspektivi var, nəinki onlayn medianın. Həm də burada məsələ kiminsə istəyi ilə həll olunmur. Kimsə istəyir ki, çap media sıradan çıxsın, onlayn media yaşasın, bu, məsələnin həlli yolu deyil, heç bir nəticəyə gətirib çıxarda bilməz, hər şey gedən proseslərin müxtəlif media seqmentlərində əks olunması ilə müəyyən olunur”.
Bu istiqamətdə islahatlara gəldikdə isə A.Quliyevin fikrincə, çap mediasının reklam bazarına çıxış imkanları media seqmentlərinin digər növləri ilə bərabərləşməlidir: “Çünki açıq deyək ki, bu gün ölkədə anormal bir haldır reklam bazarına çıxış imkanı olan televiziyalardır, bəlli və himayə altında olan saytlardır. Ancaq çap mediasının reklam bazarına çıxış imkanları çox məhduddur. Eyni zamanda ölkədə dövlətin sosial reklamlarının çap mediasında yayılmasına xüsusi bir nəzarət olmalıdır. Sosial reklamlar yalnız tək-tək qəzetlərdə yox, ölkənin informasiya məkanında özünü təsdiqləmiş əksər çap media orqanları arasında ədalətlə bölüşə bilsin. Bundan başqa, kommersiya reklamlarının çap mediaya çıxışına nəzarət olmalıdır. Çünki kommersiya strukturları əsasən öz reklamlarını bu gün televiziyalara və müəyyən veb saytlara verməklə kifayətlənirlər. Ancaq bu düzgün yol deyil. Çap mediada işləyən jurnalistlərin hüquqlarının müəyyənləşdirilməsi, ayrıca bir statusunun müəyyən olunması pis olmazdı. Çünki ölkənin, xalqın cari tarixi salnaməsini yazan məhz çap mediasının jurnalistləridir. Ona görə də çap mediasının jurnalistlərinə bir qədər fərqli statusların müəyyən olunması pis olmazdı. Bu mənim gözləntilərim sırasındadır”.



Azər Ayxan: “Medianı özbaşına buraxmaq çağırışlarını qəbul etmirəm”

Ümumiyyətlə, bu gün media ilə bağlı təkliflər və tənqidlərin çox səsləndiyini deyən “Yeni Müsavat” qəzetinin baş redaktoru Azər Ayxan bildirdi ki, hərə özünə görə medianı görmək, şəkilləndirmək istəyir: “Biri deyir ki, media tam azad olmalıdır, kənardan müdaxilə olmamalıdır. Bu da mümkün deyil. Əslində dünyada da tanıdığımız, hər zaman istinad elədiyimiz meqa layihələr var ki, onlar ən müxtəlif siyasi, biznes dairələrinin nəzarətindədir. Ona görə də mediaya özgürlük, sərbəstlik verilməsi ilə bağlı tələblərimiz, arzularımız reallaşsa yaxşıdır. Ancaq medianı da tam özbaşına buraxmaq, nə gəldi yazmaq və jurnalistlərin heç bir məsuliyyət daşımaması ilə bağlı çağırışları real qəbul etmirəm. Buna ən müxtəlif formada müdaxilələr olacaq”. Baş redaktorun fikrincə, bu gün sosial, onlayn mediada da vəziyyət ürəkaçan deyil və bugünkü müasir media ən müxtəlif siyasi dairələrin nəzarəti altındadır: “Söhbət təkcə hakimiyyətin nəzarətindən getmir. Ayrı-ayrı, istər müxalifətdəki, istər xaricdəki siyasi qüvvələrin nəzarəti altında olan KİV-lər var. Ona görə də medianın tam müstəqil bir orqana çevrilməsi ilə bağlı çağırışlar real və səmimi deyil. Media sonunda kiminsə nəzarətinə keçəcək”.
Çap mediasının onlayn mediaya çevrilməsinə gəldikdə isə A.Ayxanın fikrincə, Azərbaycan dövləti çap mediasının qalmasında maraqlıdır, əgər maraqlı olmasaydı, Medianın İnkişaf Agentliyinin publik hüquqi şəxsə çevrilməsi ilə bağlı addım atılmazdı: “12 ilə yaxındır ki, çap mediasına KİV DF-nin layihəsi çərçivəsində dövlət dəstəyi verilməzdi. Dövlət istəyir qalsın, çünki çap mediası təkcə bizdə deyil. Amerikada, Avropada, Rusiya, Türkiyədə, ən müxtəlif ölkələrdə çap mediası qalır. Bu necə qalacaq? Artıq bununla bağlı müzakirələr gedir. Yəni, hər bir qəzetin onlayn səhifəsi var. O qəzetdə çıxanı birəbir sayta verəcəyiksə, təbii ki, qəzeti alan olmayaq. Həm də qəzeti almaq fiziki əziyyətdir, harasa gedib onu almalısan. Ancaq hansısa bir yazı, informasiya ilə tanış olmaq üçün evindən, ofisindən çıxmağa gərək qalmır, kompüterin, telefonun, internetin varsa girib ordan tanış ola bilirsən. Oxucunu evdən, işdən, olduğu məkandan çölə çıxarıb gedib onu alıb gətirməsi üçün çap mediasını maraqlı etmək istiqamətində təkliflər səslənir. Necə edək ki, oxucu qəzet alsın? Şübhəsiz ki, qəzet oxuyan kütlə var. Ancaq onu əvvəlki qaydada böyük tirajlarla təmin etmək məsələsi üzərində fikir mübadiləsi aparılır. Ekspertlər, təcrübəli media mütəxəssisləri, eyni zamanda MİA-nın rəhbərliyi də bu məsələ ilə bağlı həm özü təkliflər verir, həm qəzet redaktorlarından təkliflər istəyir. Çap mediasının qalması, inkişaf etdirilməsi baxımından aparılan müzakirələr yaxşı bir şeydir. Bəzən də belə fikirlər səslənir ki, dövlətin mətbuata müdaxiləsi olmamalıdır. Dövlətin müdaxiləsi olmayanda da, dövlət öz ölkəsinin mediasına dəstək verməyəndə də o media gedib tamam başqa qüvvələrin təsiri altına düşür. Qrant layihələri adı altında ən müxtəlif dairələr tərəfindən yönəldilir. Bizim əgər dövlət sərhəddimiz qorunursa, gecə gündüz mühafizə olunursa, informasiya sərhədlərimiz o şəkildə qorumalıdır, dövlətin bu məsələdə dəstəyi olmalıdır. Əgər sonra o dəstək hər hansı formada arzulamadığımız istiqamətə yönəlirsə bu arzuolunmazdır və zaman-zaman o da aradan qalxacaq. Çünki elə bir zamana gəlib çıxmışıq ki, informasiyanı təhrif etmək, gizlətmək, əlçatan etməmək mümkün deyil. Xüsusən media, sosial şəbəkələr informasiyanın ortaya çıxmasına təkan verir. Yaxşı olardı ki, peşəkar media həmin informasiyanı daha doğru formada təqdim eləsin, nəinki onu gizlətsin. Bizim neçə illərdir təkliflərimizin içərisində bu da var. İnformasiyanı gizlətməyək, daha peşəkar şəkildə cəmiyyətə çatdırılmasında iştirak edək”. Yekun olaraq baş redaktor deyir ki, çap mediası yaşamalıdır: “Tutaq ki, dünyada bir həftə böhran oldu, internet olmadı, insanlar informasiya ilə necə təmin olunacaqlar? Ona görə də alternativ variant kimi hər zaman çap mediası qalmalıdır və bu həm də bir ənənədir. Əksinə, müsair tələblərə cavab verən formada inkişafına nail olmaq lazımdır”.



Akif Aşırlı: “Dövlətin hər il ayırdığı 1 milyon 200 min manatdan cox vəsaiti də...”

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı isə mövcud vəziyyətlə bağlı araşdırma apardığını bildirib: “Yaxın günlərdə cəmiyyəti, bütövlükdə media camiəsini maraqlandıracaq mənzərə ortaya cıxacaq. Mediada islahatlar ərəfəsində, hamı mənbəyi bəlli olmayan bir faktı geninə-boluna istifadə edir. Mətbuata guya son on illər ərzində 50 milyon, bəzən isə 100 milyon manat ayrıldığını iddia edir və hesabat tələb edirlər. Hesabat tələbində haqlıdırlar. Hər məsələ, problem açıq şəkildə müzakirə olmalı, şəffaflıq gözlənilməlidir. Amma qəzetlərə yönəlik əks-təbliğatda iddialılar haqlıdırlar? Yox, birmənalı yox. KİVDF-nin son on illər büdcəsinə nəzər yetirsək, bilavasitə qəzet redaksiyalarına ildə iki dəfə ayrılan vəsaiti (hər 6 aydan bir 1 milyon, bir milyon 200 min manat) hesablasaq, bu, son 10 ildə 20-22 milyon manat vəsait edir. Bəs bu 50, 100 milyon iddiası haradan qaynaqlanır? Son 10 ildə ayrılan vəsaitin, əvvəl 33 qəzetə, sonra getdikcə azalan xətlə 19 mətbu orqana ayrıldığı bəllidir. Araşdırmaların nəticəsində aydın olur ki, dövlətin bədi-ədəbi nümunələrin, uşaq ədəbiyyatının nəşri ücün hər il ayırdığı 1 milyon 200 min manatdan cox vəsaiti də qəzetlərin payına əlavə olunur. Məsələn, hər 6 aydan bir "Ədəbiyyat " qəzetinə 200 nin manat vəsait ödənilir , "Ulduz" jurnalı, "Azərbaycan" jurnalı, "Göyərcin," "Savalan", "Günəş" qəzet və jurnalları gündəlik, günaşırı və həftəlik qəzetlərdən cox vəsait alır. Amma qınaq obyekti bütövlükdə ictimai-siyasi qəzetlər olur”.

Nigar ABDULLAYEVA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu