Minalanmış ərazilərin xəritəsi məsələsi MDB PA-da qaldırılıb
“Report”un Rusiya bürosu xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Assambleyası çərçivəsindəki iclasda deyib.
Azad edilmiş torpaqlarda minalanmış ərazilərin xəritəsinin hələ də təqdim olunmaması məsələsini qaldıran Milli Məclis sədri iştirakçı ölkələri bu məsələdə Ermənistana təzyiq göstərməyə çağırıb: “Hazırda minalardan təmizləmə işləri görülür və bu əsnada insanlar həlak olur. Ermənistan beynəlxalq hüquq çərçivəsində mükəlləfiyyətini yerinə yetirərək minalanmış ərazilər xəritəsini təqdim etsəydi, o insanlar ölməzdi. Məcbur olub bildirməliyəm ki, beynəlxalq təşkilatlar Ermənistana təzyiq göstərməlidir”.
S.Qafarova 44 gün davam etmiş Vətən müharibəsi vaxtı Azərbaycanın işğalçıları layiqincə geri oturtduğunu xatırladıb: “Artıq Dağlıq Qarabağ münaqişəsi həll olunub. Bu yerdə 10 noyabr sazişinin imzalanmasında iştirak etmiş Rusiyanın xüsusi rolunu vurğulamaq istərdim”.
Pandemiyanın ilk günlərindən Azərbaycanın koronavirusa qarşı mübarizənin ön sıralarında olduğunu diqqətə çatdıran Milli Məclis sədri daha sonra qeyd edib: “Ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində maliyyə yardımı, 30-dan artıq ölkəyə COVID-19-a qarşı müxtəlif vasitələr şəklində humanitar yardımlar göstərib. Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının koronavirusa qarşı mübarizə məsələsinə həsr olunmuş xüsusi sessiyası da keçirildi”.