"Azəriqaz" mexaniki-elektron tipli sayğaclara onlayn nəzarət qurğularını necə və hansı əsasla quraşdırıb? - ekspert
"Azəriqaz” ötən il rəsmi açıqlama verib ki, abonentlərin istifadəsində olan mövcud mexaniki-elektron tipli sayğaclara əlavə onlayn nəzarət qurğuları yerləşdiriləcək. Məqsəd isə sayğacların göstəricilərinin fiziki olaraq oxunuşunu həyata keçirən nəzarətçilərin sayını azaltmaqdır.
Bu qurğular imkan verir ki, nəzarətçi uzaq məsafədən fərdi yaşayış evinə yaxınlaşmadan səyyar terminalla mexaniki-elektron tipli sayğacın məlumatlarını bir neçə dəqiqə ərzində oxuyaraq "Azəriqaz"ın mərkəzi sisteminə ötürsün.
Məsələni şərh edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, bu tip addımlar ilk baxışdan səmərəli görünə bilər: "Amma indiki kütləvi narazılıqlar baxımından bu sayğaclar üzərində aparılan hərəkətlər müəyyən suallar doğurur.
Bu əlavə qurğular hansı qurumun istehsalıdır, bunlar sayğaca kim tərəfindən quraşdldılır? Sayğacın alındığı istehsalçı qurum bu prosesdə iştirak edibmi?
Hansı dövlət qurumları bu prosesdə iştirak edib? Əlavə qurğular test olunubmu? Əlavə qurğuların olduğu və olmadığı mexaniki sayğaclarda məlumatların toplanması və ötürülməsində şəffaflıq və təhlükəsizlik necə qorunur? Məlumatların emalını həyata keçirən sistemi hansı qurum hazırlayıb, audit olunubmu? Ümumiyyətlə bu tip suallar çoxdur. Təəssüf ki, "Azəriqaz"ın saytından bu sualların cavabını almaq mümkün deyil".
Ekspert bildirib ki, "Azəriqaz" ümumiyyətlə mexaniki sayğaclarla bağlı məlumatı saytdan yığışdırıb. Saytda ancaq smart-kart tipli sayğacla bağlı məlumat var, hansı ki, qurum artıq bu tip sayğacları mexaniki-elektron tiplə əvəz edir: "Ümumiyyətlə, görünən odur ki, qaz sayğaclarıyla bağlı yaranmış problemdə qaranlıq məqamlar çoxdur. Bütöv proses, elektron və ya smart sayğacların alınması, əlavə qurğuların quraşdırılması, məlumatların saygacdan əldə edilməsi və ötürülməsi, məlumatları emal edən proqram və informasiya sisteminin hazırlanması yalnız və yalnız "Azəriqaz"ın nəzarətindədir. Fikrimcə, belə bir vəziyyətdə müəyyən risklər qaçılmazdır. Düşünürəm ki, burada dövlət nəzarəti təkmilləşdirilməli, şəffaflıq və informasiya açıqlığı gücləndirilməli və ictimai nəzarət imkanları yaradılmalıdır. Təbii inhisara nəzarət edən, istehlakçıları qoruyan dövlət qurumları bu məsələyə ciddi reaksiya verməlidir".
O.Gündüzün sözlərinə görə, yeni quraşdırılan mexaniki-elektron tipli sayğacların sərfiyyatı hədsiz çox göstərməsi ilə bağlı kütləvi narazılıqlara "Azəriqaz" aydınlıq gətirməlidir: "Qurum bununla bağlı vətəndaş cəmiyyətini, medianı toplayaraq qazın istehlakına nəzarət prosesinin necə qurulduğunu nümayiş etdirməli və ağlabatan açıqlamalar verməlidir".