Ali və orta təhsil müəssisələrində ənənəvi tədris bərpa edilə bilərmi?
"Hesab edirəm ki, 2021-ci ilin sentyabrında istər ali təhsil müəssisələrində, istərsə də orta məktəblərə pandemiya qaydalarına riayət etməklə ənənəvi tədris bərpa ediləcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, bu zaman sosail məsafə və digər qabaqlayıcı tədbirlərə diqqət yetirmək lazımdır: "Azərbaycanda 2020-ci ilin mart ayında tədris prosesi dayandı və bundan sonra Təhsil Nazirliyi çevik qərar qəbul edərək "Tele Dərs”, "Virtual Məktəb” layihəsini həyat keçirdi, şagirdlər üçün tədrisin normal axını davam etməyə başladı. Ardınca 2020-ci ilin sentyabrında, 2021-ci ilin fevralında Hibrid formada ənənəvi tədris bərpa edildi. Amma yeni tədris ilində yalnız bunlarla davam etmək olmaz. Çünki hər iki layihəyə orta məktəblərdə çalışan 150 min müəllimin yalnız 120 min nəfəri cəlb olunur. Ona görə də yeni forma tətbiq edilməlidir. Düşünürəm ki, dərslər həftə ərzində hər gün olmamalıdır. Belə ki, 1-3-5-7-9-11-ci sinif şagirdləri məktəblərə 1-3-5-ci günlər, geri qalan siniflər isə 2-4-6-cı günlər gəlməlidir. Bu zaman isə sosail məsafə və digər qabaqlayıcı tədbirlərə diqqət yetirmək lazımdır. Bundan başqa 4447 orta məktəbldə təhsil alan hər bir şagirdə dövlət büdcəsi tərəfindən planşetlər verilməli və bütün şagirdlər üçün distant – onlayn təhsilə qoşulmaq üçün bərabər imkanlar yaradılmalıdır”.
Kamran Əsədov bildirib ki, Dövlər İmtahan Mərkəzi istər 2020-ci ildə, istərsədə 2021-ci ildə 10 minlərlə şəxsin iştiak etdiyi imtahanlar təşkil edir və şagirdlər bu prosesə qoşulur: "Deməli, dediyim formada sentyabrda dərslərin başlaması mümkündür. Pandemiyanın əsas dərslərindən biri də ondan ibarət oldu ki, həm təhsilverənlər, həm də təhsilalanlar mükəmməl rəqəmsal bacarıqlara malik olmalıdırlar. Belə bacarıqların olmaması yüksək texnologiyalardan və müasir tətbiqlərdən istifadə imkanlarını məhdudlaşdırır, təhsilə və fəaliyyətə ciddi maneələr yaradır. Bu baxımdan əsas fəaliyyət istiqamətlərindən biri də rəqəmsal bacarıqların formalaşdırılmasına xidmət edən tədbirlərin əhatə dairəsinin genişləndirilməsi olmalıdır. Pandemiya insanların bütün həyat tərzinə, davranışına və fəaliyyətinə güclü təsir edib. Bu səbəbdən pandemiya və postpandemiya dövrü təhsil sistemini nəzərə alınması vacib olan bir sıra çağırışlarla üz-üzə qoyub. Təhsil sistemində daha çevik və optimal məzmun və tədris strategiyalarının tətbiqi, innovasiyaların təşviq edilməsi ilə bağlı təşəbbüslərin genişləndirilməsi ön plana çıxıb. Bütün təhsil pillələrində, xüsusilə ali təhsildə distant təhsil təcrübəsinin daha geniş tətbiq edilməsi, texnoloji təchizat və keyfiyyətli internet bağlantısının təmin edilməsi məsələlərinin həll edilməsi, yeni təhsilalma forması ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi vacib istiqamətlərdən biridir”.
Ekspert hesab edir ki, bu sahə üçün qanunvericilik bazası yaradılandan sonra digər texniki işlər görülməlidir: "Baxmayaraq ki, dünyada yeni virus növü sürətlə yayılır, bu, tədrisin bərpasına təsir göstərməməlidir”.