Şahmar Paşayev haqda yalan yazmaq...


Çaykovski deyir ki, uğur doxsan doqquz faiz zəhmət, bir faiz istedaddır. Azərbaycanda 99+1-lə vəzifəyə yüksələn az sayda insan var. Onlardan biri də Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin sabiq rəisi, hazırda sərəncamda olan general-leytenant Şahmar Paşayevdir.


Şahmar Paşayev haqqında ilk dəfə ortaq dostlardan birindən eşitmişəm. Dostumuz onun insanlığı, mərdliyi haqqında o qədər xoş sözlər demişdi ki, fürsət tapıb görüşmək, müsahibə etmək istəyirdim. Amma qismət elə gətirdi ki, görüşə bilməsəm də, haqqında yazı yazası oldum. Həm də vəzifədən gedəndən sonra. Məhz bu məqamın özü Ş.Paşayev haqda yazacaqlarımın nə qədər obyektiv olduğunun sübutudur. Bəlkə də vəzifədə olsaydı, bu yazını yazmayacaqdım. Bəlkə də yox, yüz faiz yazmayacaqdım...

Ötən ilin dekabrında Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilməsilə bağlı Sərəncam imzalayıb. Həmin sərəncamla Şahmar Ənvər oğlu Paşayevə general-leytenant rütbəsi verilib.

Ş.Paşayev Fövqəladə Hallar Nazirliyinə polis sistemindən gəlib. 2014-cü ilə qədər polis orqanlarında Şamaxı Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, bundan əvvəl Naxçıvan Şəhər Polis İdarəsinin rəis müavini və rəisi, Xətai RPİ 34 və 37-ci polis bölmələrinin rəisi, Yasamal Rayon Polis İdarəsinin rəisi, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, Şirvan və Salyan rayonlarının polis rəisi vəzifələrini tutub. Səhhətində yaranan müvəqqəti problemlə əlaqədar Daxili İşlər Nazirliyi sistemindən öz ərizəsilə istefa verib, 2015-ci ildə FHN-in Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin rəisi vəzifəsinə gətirilib. Polis orqanlarında göstərdiyi xidmətin davamını FHN-də göstərən Ş.Paşayev tez bir müddətdə özünü inkişaf etdirərək, 2016-cı ildə Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisliyinə yüksəlib. Bütün bunlar, təbii ki, onun necə deyərlər, qara qaşından, qara gözündən deyil, işinin peşəkarı olmasından irəli gəlirdi. Məhz peşəkarlığının qiyməti olaraq 2015-ci ildə Şahmar Paşayevə artıq Prezident İlham Əliyev tərəfindən general-mayor rütbəsi verilmişdi.
44 günlük Vətən müharibəsində Gəncə şəhəri ən çox zərərçəkən şəhərlərin içərisində idi. 2020-ci il oktyabr ayının 11-də və 17-də şəhərə erməni silahlı qüvvələri tərəfindən atılan raketlər nəticəsində dağıntılar altında qalan vətəndaşların xilas edilməsi və cəsədlərin çıxarılması əməliyyatlarında Xüsusi Riskli Xilasetmə Xidmətinin danılmaz fəaliyyəti hər kəsin xatirindədir. Hələ də atəş təhlükəsi olan ən qaynar nöqtələrdə çalışan xidmət əməkdaşlarına rəhbərliyi general-mayor (o zaman-red.) Şahmar Paşayev icra edirdi. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının və Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri ilə birlikdə Xidmətin şəxsi heyəti və texnikaları cəlb olunan xilasetmə əməliyyatlarının müvəffəqiyyətlə aparılmasında Ş.Paşayevin rolu danılmazdır. Ümumilikdə adıçəkilən ərazilərdə baş vermiş partlayış nəticəsində Xüsusi Riskli Xilasetmə Xidməti tərəfindən 12 nəfər yaralı və 22 nəfər sakinin cəsədi uçqunlar altından çıxarılaraq aidiyyəti üzrə verilməsi təmin edilib. Təkcə bu faktın özü Ş.Paşayevin rəhbərliyi dövründə Xüsusi Riskli Xilasetmə Xidmətinin necə işlədiyinin sübutu hesab oluna bilər. Amma biz bundan başqa da yüzlərlə fakt saya bilərik.



Bəs mən bu yazını niyə yazdım? Təəssüflə qeyd edim ki, özümün də içində olduğum mediada hazırda faktlara deyil, ehtimallara, gümanlara əsaslanan yazılar baş alıb getməkdədir. Üstəlik, eyni dərəcədə ağrı ilə qeyd edim ki, media çox vaxt kompromat savaşında alət olur. Amma təcrübəmə əsaslanıb deyə bilərəm ki, kompromat dedikdə, bu, heç də təxəyyül məhsulu demək deyil. Kompromat savaşında da ciddi faktlar olmalıdır. Son günlər mediada sərəncama göndərilən Şahmar Paşayev haqda da hansısa savaşın izləri görünən yazılar dərc edilməyə başlayıb. Amma mən buna kompromat savaşı deyə bilmərəm. Çünki ortada heç bir fakt və sübut yoxdur. FHN-dəki məlum video qalmaqalları ilə bağlı adı hallandırılan Ş.Paşayevin bu olaylarda harada ola biləcəyi haqda sıradan bir faktı özündə daşımayan yazılarda, hansısa ehtimallarla onun vəzifədən alınmasını həmin hadisələrə bağlamaq, dostlar bağışlasın, dedi-qodudan başqa bir şey deyil. Üstəlik, bir insanın karyerasında durmadan irəliləməsi, Prezident tərəfindən dəfələrlə rütbələndirilməsi, hətta medalla təltif edilməsi deməyə əsas verir ki, o insan qalmaqallardan uzaq adamdır. Yeri gəlmişkən, qeyd edim ki, Ş.Paşayev 2018-ci ildə Prezident İlham Əliyev tərəfindən “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Hüquq-mühafizə sisteminin qaydasıdır: bu gün sərəncamda olan şəxs sabah vəzifəyə təyin edilə bilər. Gərək bu gün yazanda elə yazaq ki, sabah yazdıqlarımız yalan çıxmasın, reallıq olsun. Ona görə də əvvəla, faktlara istinad etmək, ikincisi isə sabahı gözləmək lazımdır...

Səbuhi QAFAROV



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu